Türk xalqlarının ədəbiyyatı
və musiqisinin qaynaqları
Kazanda keçirilən konfransda ölkəmiz də təmsil olunub
Sentyabrın
23-24-də “Türk dünyasının mədəniyyət
paytaxtı” Kazanda “Türk
xalqlarının ədəbiyyatı və musiqisinin
qaynaqları və təkamülü” adlı beynəlxalq konfrans keçirilib.
TÜRKSOY tərəfindən 290 illiyi qeyd edilən böyük türkmən şairi Məhdumqulu Fəraqinin xatirəsinə həsr olunan konfransda Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistandan alimlər iştirak edib.
Tədbirin iştirakçısı olan Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə təəssüratlarını bizimlə bölüşdü. Zümrüd xanım konfransda “Azərbaycan bəstəkarlarının yaradıcılığında türk musiqi mentallığının təzahürünə dair” mövzusunda məruzə ilə çıxış edib: “Uzun illər bəstəkar yaradıcılığının tədqiqi ilə məşğul olsam da, ilk dəfə idi ki, çağdaş musiqimizi məhz türkoloji kontekstdə nəzərdən keçirirdim. Məruzədə türkçülük ideyalarının intişarında dahi Üzeyir Hacıbəylinin müstəsna rolu, onun əsərlərinin həm elmi, həm publisist, həm də musiqi yaradıcılığının əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, aşıq yaradıcılığı irsi XX əsrin əvvəllərində, milli şüurun gur inkişafı dövründə türk mentallığının ən parlaq təzahürlərindən biri olub. Təsadüfi deyil ki, Üzeyir bəy öz şah əsəri “Koroğlu”nu məhz aşıq dastanı əsasında yazıb”.
Məruzədə Üzeyir Hacıbəylinin ideyalarının sonrakı nəsil bəstəkarlar tərəfindən inkişaf etdirildiyi, o cümlədən böyük musiqiçi Qara Qarayevin dodekafoniya texnikasında yazdığı üçüncü simfoniyasında (1964) aşıq musiqisi elementlərinin yer aldığı diqqətə çatdırılıb. Video və audiomaterialların istifadə olunduğu məruzə maraqla qarşılanıb.
Həmsöhbətimiz qeyd edir ki, konfransın uğurlu keçməsində Nazib Jiqanov adına Kazan Konservatoriyasının müəllimlərinin xidməti böyükdür: “Konservatoriyanın elmi tədqiqat işləri üzrə prorektoru, professor Aleksandr Maklıgin öz tədqiqatlarında Azərbaycan musiqisinə də diqqət yetirir. Onun “Orta Volqaboyu xalqların musiqi mədəniyyətləri: peşəkarlığın təşəkkülü” monoqrafiyasında “Azərbaycan izi” adlı kiçik, lakin çox əhəmiyyətli fəsil də var. Alim Tatarıstanda musiqi teatrının yaranışında Üzeyir Hacıbəylinin opera və operettalarının, xüsusən də “Arşın mal alan”ın müstəsna rolunu qeyd edir. O xatırladır ki, tatar musiqisinin klassiki N.Jiqanov 1944-cü ildə Ü.Hacıbəyli ilə görüşərkən onun Kazanda konservatoriya yaradılması zərurəti barəsində tövsiyələrini dinləyib, doğma şəhərinə dönərkən bu yöndə əzmlə çalışmağa başlayıb”.
Zümrüd xanım konfrans günlərində keçirilən iki konsertdə də Azərbaycana sevginin şahidi olduğunu deyir: “Türk dünyasının musiqi naxışları” adlı konsertdə Tatarıstanın folklor və etnoqrafik ansamblları çıxış etdi. “Tatarika” adlı orkestrin çıxışı zalda xüsusi canlanma doğurdu. Orkestrlə birlikdə Azərbaycan və türk təranələrini səsləndirən həmyerlimiz Daşqın İbrahimxəlilovun virtuoz ifası isə heç kimi biganə qoymadı. “Tələbə bəstəkarların yaradıcılığında türk motivləri” adlı ikinci konsertdə tələbə Milyauşa Xayrullina Cabbar Qaryağdıoğlunun ifasından Səid Rüstəmovun nota saldığı “Eyləmi, daşlı dağlar” nəğməsi əsasında caz elementləri ilə zəngin gözəl bir improvizasiya təqdim etdi”.
Onu da əlavə edək ki, konfransda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov Azərbaycanda tarix və ədəbiyyata dair son zamanlar nəşr olunmuş kitabları tatar həmkarlarına təqdim edib.
Lalə
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 6.