Nəsrimizin zadəganı
Qılman
İlkinin 100 illik yubileyi qeyd olundu
“Öz
prinsipimə dönük
çıxmadığım üçün
xoşbəxtəm. Həyatda mənim bir
şüarım olub: “Başqalarına
etdiyim yaxşılıqları və
başqalarının mənə etdiyi
pislikləri dərhal unutmalı. Bütün
naqisliklər burdan doğur”
və mən Hüseyn Cavid,
Cəfər Cabbarlı, Seyid Hüseyn, Cəlil Məmmədquluzadə və
onlarca nəhəng ədiblərin ovcundan su içmişəm”,
- deyən Qılman İlkin məslək
və məramını belə ifadə edirdi.
Oktyabrın 1-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında Xalq yazıçısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirildi. Mərasimdə ədibin taleyinə və yaradıcılıq yoluna nəzər salındı.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək yubiley tədbirinin Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Qılman İlkin Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən yazıçı olub: “Gənclik illərindən sözün sehrinə düşərək bir-birindən maraqlı hekayələr, povest və romanlar qələmə almış, istedadlı bir yazıçı kimi tanınmışdır. Onun ilk qələm təcrübəsi - “Yaralı şahin” hekayəsi və müxtəlif illərdə işıq üzü görən “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı” və digər kitabları dəfələrlə nəşr edilib, xarici dillərə tərcümə olunub. Onun əsərləri hər zaman böyük oxucu marağına səbəb olub. Qılman İlkin zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına dəyərli töhfələr verib. Onun yazdığı ssenarilər əsasında “Kölgələr sürünür” və “Yenilməz batalyon” bədii filmləri, həmçinin “General” sənədli filmi çəkilib. Yazıçının yaradıcı əməyinə dövlət tərəfindən də yüksək qiymət verilib. Qılman İlkin “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb”.
Professor Buludxan Xəlilov yazıçının keçdiyi həyat yolu və yaradıcılıq axtarışları barədə ətraflı danışdı. Qeyd olundu ki, Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədalı kəndində müəllim kimi başlayıb. İstedadlı gənc vətən övladlarının məktəbə cəlb olunması, savadsızlığa qarşı mübarizədə öndə gedəndən biri olur. Daha sonra “Gənc işçi” qəzetində çalışaraq öz əsərlərini çap etdirir. XX əsrin 40-cı illərində Cənubi Azərbaycanda “Vətən yolu” qəzetini nəşr edənlərdən biri də Qılman İlkin idi. O, əsərlərini dərin həyat müşahidələri, real hadisələr əsasında qələmə alıb.
Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi bildirdi ki, Qılman İlkinin həm şəxsiyyətində, həm də yaradıcılığındakı ağayanalıq onun ən müsbət cəhətlərindən biri idi: “Onun həyata baxışında, dünyagörüşündə o zadəganlığı aydın sezmək olurdu. Sovet dövrü nəsrimizdə sözə münasibətin ən böyük nümunələrindən birini də Qılman İlkinin yaradıcılığında görmək olar”.
Akademik Vasim Məmmədəliyev də çıxışında Qılman İlkinin şəxsiyyətini və yaradıcılığını yüksək dəyərləndirdi: “Qılman İlkin XX əsr Azərbaycan ədəbiyyatında öz sözünü demiş, imzasını qoymuş yazıçılarımızdan, şəxsiyyətlərimizdən biridir. Əsərləri bu gün də sevilə-sevilə oxunur. Böyük bədii dəyərə malik əsərləri olan görkəmli nasirin “Bakı və bakılılar” əsəri paytaxtımız haqqında yazılmış ən qiymətli kitablardan biridir. Qılman İlkin ədəbiyyatı peşəkar səviyyədə bilən insan idi”.
Yazıçının oğlu Ayaz Musayev atasının yaradıcılığına göstərilən böyük diqqətə, yubiley tədbirinin təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirdi. Qeyd etdi ki, Qılman İlkin bütün varlığı ilə xalqına, millətinə, torpağına bağlı insan idi.
Yubiley gecəsində “Dan ulduzu” instrumental ansamblının və tanınmış müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 3.