Ziyalı və milyonçunun əqidə birliyi
Ötən əsrin
əvvəllərində Azərbaycanda qadınların təhsilə
cəlb olunması və onlar üçün xüsusi
məktəblərin açılması o
qədər də asan deyildi.
Tanınmış maarif xadimləri və
ədiblər elmin, təhsilin önəmini
nə qədər vurğulasalar da, problemin həlli üçün ilk
növbədə sadə camaatı bu
prosesə hazırlamaq lazım idi.
Bakıda müsəlman qızlar üçün ilk məktəbin açılması da böyük çətinliklərlə ərsəyə gəlmişdi. 1901-ci ilin oktyabrında böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbi açıldı. Tağıyev eyni zamanda Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, habelə Tiflisdə, Dərbənddə və digər şəhərlərdə təhsil müəssisələrinin təsis edilməsinə maddi yardımlar göstərirdi.
Tağıyev Qızlar Məktəbinin tikintisinə 25 min rubl ianə etməyi, 125 min rublu isə toxunulmaz kapital kimi banka qoymağı (həmin kapitaldan əldə olunan faizlər təhsil müəssisəsinin cari xərclərini təmin etməli idi) öhdəsinə götürür.
İlk olaraq məktəbə 50 şagirdin qəbulu nəzərdə tutulurdu. Onlardan 20 kasıb qız böyük xeyriyyəçinin ianələri hesabına, 30 qız isə öz hesabına oxumalı idi. Ancaq ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox olur. Vakansiyaların olmadığına baxmayaraq, Hamilər Şurası Tağıyevin təklifindən əlavə 13 kasıb qızın da qəbul olunmasına qərar verir. Cəmi qəbul olunanların sayı 58-ə çatır.
Araşdırmalarda o da qeyd olunur ki, görkəmli ictimai xadim və maarifçi Həsən bəy Zərdabi Tağıyevin xeyriyyəçilik fəaliyyətinin elmin, maarifin inkişafına yönəldilməsində böyük rolu olub. Elə qızlar üçün məktəb açmağa da Hacıda marağı yaradan məhz o olur. Əslində Bakıda müsəlman qızları üçün məktəbin açılması tarixi zərurət idi. Çünki getdikcə milli tərkibi dəyişərək beynəlmiləlləşən şəhərdə belə bir məktəbə ciddi ehtiyac yaranırdı.
Hacı Zeynalabdinin Həsən bəy Zərdabi kimi dostu və məsləkdaşı olmasaydı, bu məktəbi açmaqda daha böyük çətinliklərlə qarşılaşa bilərdi. Həsən bəy dəfələrlə ruhanilərlə, şəhər ictimaiyyəti ilə söhbətlər edib. Başqa ölkələrdə qızların oxumasından danışıb. Azərbaycanlı qadınların savadsız qalmasına acıyıb: “Anaları, qadınları bisavad olan camaat kor kimidir”, - deyib.
O,
1896-cı ilin yanvarında
Bakı qubernatoruna məktub yazır. Şəhərdə qızlar məktəbi
açmağı xahiş
etsə də, müsbət cavab almır. Təkrarən rus çarına
məktubla müraciət
edir. Azərbaycanlı qızların öz
ana dillərində oxumaları üçün
Bakıda məktəb
açmaq istəyini bildirir. Yenə razılıq almasa
da, ruhdan düşmür. II Nikolayın tacqoyma mərasimində iştirak
edərkən çox
bahalı hədiyyə
alır. Bir senatorla
çarın arvadı
Aleksandra Fyodorovnanın qəbuluna
düşür. Bakıda
onun adına
qızlar üçün
məktəb açmaq
istəyi ilə xahişnamə təqdim edir... Nəhayət, imperatorun razılığını
ala bilir. Bundan sonra
Hacı keçmiş
Nikolayevski, indiki İstiqlaliyyət küçəsində
möhtəşəm bir
bina tikdirir. Azərbaycanlı qızları üçün
yaradılan bu təhsil müəssisəsinin
ilk adı Aleksandriyski
Rus-Tatar Qızlar Məktəbi olur.
Beləliklə, ziyalı və milyonçunun əqidə
birliyi, maarif uğrunda mübarizəsi
onları istəklərinə
qovuşdurur. “Kaspi” qəzeti həmin hadisəni yüksək qiymətləndirərək yazırdı:
“Azərbaycanlı qızları
üçün dünyəvi
məktəbin açılması
bizim diyarda, imperiyada, hətta Yaxın Şərqdə birincidir”.
Məktəbin açılması maarifçilik
tariximizdə əlamətdar
hadisəyə çevrilsə
də, ictimaiyyət tərəfindən birmənalı
qarşılanmır. Tağıyev və Zərdabi bu dəfə başqa maneələrlə
üzləşir. Məktəb ruhanilər və qoçular tərəfindən
daş-qalaq edilir.
Qızlarını oxumağa göndərən
valideynlər təsəvvür
edilməz hadisələrlə
qarşılaşmalı olurlar.
1 sentyabr 1901-ci ildə
məktəbə çox
az şagirdin
gəlməsi səbəbi
ilə açılış
mərasimi baş tutmur.
Bir gün sonra Hacı Zeynalabdin şəhərin din xadimlərini, ziyalıları və valideynləri Təzəpir məscidinə dəvət edir. Onlarla səmimi söhbət edir. Bildirir ki, “İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki savadlı oğlanlarımızla qızlarımızın məcazları düz gəlmir və dolana bilmirlər. Təzə məktəbdə qızlarımıza ehkamı-şəriət, Azərbaycan və rus dillərində yazıb-oxumaq, paltar tikmək, toxuculuq, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis nə şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as, dün gecə, 20 yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Əcnəbi həkimi gətizdirdin, qızı yoxladı, dava-dərman elədi və qız ölümdən qurtardı. İndi de görüm, yad xalqın əvəzinə azərbaycanlı qadın həkim olsaydı, şəriətə hansı daha düzgün gələrdi?” Tağıyev bu məsələni birdəfəlik həll etmək üçün hətta Məkkədən “təhsilə icazə” haqqında sənəd gətirdir.
Nəhayət, oktyabrın 7-də Rus-Tatar Qızlar Məktəbinin təntənəli açılışı olur. Mərasimdə görkəmli siyasi xadim, hüquqşünas və naşir Əlimərdan bəy Topçubaşov hərarətli bir təbrik nitqi söyləyir. Məktəbin ilk müdiri (1901-1905) Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olur.
Məktəb açılandan sonra isə türk dilini bilən müəllimlərin çatışmazlığı kimi çətinliklər ortaya çıxır. Bu məsələ ilə bağlı Rusiya qəzetlərində elan verilir. Tambovdan milliyyətcə tatar Rəhilə Terequlova (Hacıbəyova), Litvadan Məryəm xanım Bakıya gəlirlər.
Bu təhsil ocağı Azərbaycan mədəniyyəti və elminə öz töhfəsini verir. Sona Axundzadə, Umnisə Musabəyova, ədliyyə komissarı Ayna Sultanova və başqaları məktəbin ilk məzunları olurlar. Sara Talışinskaya, Nabat Nərimanova, Gövhər Qazıyeva, Mina Mirzəyeva, Qərib Sultanməlikova, Nigar Aslanova, Qumru Nərimanova təhsillərini başa vurduqdan sonra müxtəlif vaxtlarda yeni qız məktəbləri açırlar.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 10
oktyabr.- S. 13.