Ustad xanəndə Keçəçioğlu Məhəmmədin 150 illiyi qeyd olundu

 

Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, ustad xanəndə Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlu) 150 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi. Tədbir xanəndənin səs yazısı və fotoşəkillərindən ibarət slaydın nümayişi ilə başlandı.

 

Gecənin aparıcısı, Azərbaycan Dövlət OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev yubiley tədbirinin ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirildiyini diqqətə çatdırdı. Muğam sənətinin qədimliyindən və möhtəşəmliyindən söz açan natiq bu sənətin məhz Azərbaycanda inkişaf edərək, ən yüksək zirvəyə çatdığını vurğuladı. Son illər muğam sənətimizin inkişafı və dünyada təbliği istiqamətində Heydər Əliyev Fondunun mühüm xidmətlər göstərdiyi vurğulandı.

Qeyd olundu ki, Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında yer tutan Keçəçioğlu Məhəmməd milli musiqimizin qədim tarixi köklərə malik ənənələrini layiqincə yaşadıb, klassik muğamların ifaçısı kimi xalqımızın xəzinəsinə qiymətli töhfələr verib, bənzərsiz zəngulələri ilə Qafqazda böyük şöhrət qazanıb.

Xanəndənin həyat və yaradıcılığı haqqında danışan Hafiz Quliyev bildirdi ki, Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir. Geniş diapazonlu, güclüzil səsə malik xanəndə bütün muğam-dəsgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu.

Keçəçioğlu Məhəmməd sənətinə tələbkarlıqla yanaşanöz üzərində daim, yorulmaq bilmədən çalışan xanəndə olmuşdur. “Zəminxarə”, “Hümayun” muğamlarının bənzərsiz ifaçısı kimi şöhrət qazanan xanəndə həmçinin “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamlarını da özünəməxsus şəkildə ifa edirdi. Xanəndə Şərq konsertlərində çıxışları ilə də xalqın rəğbətini qazanmışdır. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə birgə FüzulininLeyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi.

Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olan Keçəçioğlu Məhəmməd 1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir, burada bir çox xanəndələrin yetişməsində mühüm rol oynayır.

Xalq artistləri Ramiz Quliyev və Canəli Əkbərov Azərbaycan muğam sənətində öz dəst-xətti olan xanəndənin muğam ifaçılığı tariximizdəki rolu haqqında fikirlərini bölüşdülər. Muğam irsimizin bu günlayiqli davamçıları olduğunu və Azərbaycan muğamının bugünkü inkişafına xüsusi diqqət və qayğı göstərən ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğuladılar.

Yubiley gecəsi Azərbaycanın tanınmış xanəndələrinin çıxışları ilə davam etdi. Xalq artisti Səkinə İsmayılova, xanəndələr Səbuhi İbayev, Səbinə Ərəbli, Qoçaq Əsgərov və digər ifaçılar tamaşaçıların zövqünü oxşadılar.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 10 oktyabr.- S. 8.