VI Beynəlxalq Uşaq Muğam Festivalına yekun vuruldu
Oktyabrın 8-də Beynəlxalq Muğam
Mərkəzində “Kainat”
Gənclik Mərkəzinin
təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət
və Turizm, Xarici İşlər və Nəqliyyat nazirliklərinin iştirakı
ilə ərsəyə
gələn VI Beynəlxalq
Uşaq Muğam Festivalının final mərhələsi
keçirildi.
Tədbiri “Kainat” Gənclik
Mərkəzinin rəhbəri,
təşkilat komitəsinin
sədri Rahib Rəsulzadə açaraq
festival barədə məlumat
verdi. Bildirdi ki,
uşaq muğam festivalı 18 ildir təşkil olunur və artıq 6 ildir bu yarışma
beynəlxalq status qazanıb.
Layihə gənc istedadlar,
habelə xarici ölkələrin gənc
musiqiçiləri arasında
körpü rolunu oynayır. Seçim
turları may ayında
başlanan festivala
final yarışması ilə
yekun vurulur.
R.Rəsulzadə festivala göstərdikləri
dəstəyə görə
müvafiq dövlət
qurumlarına, sponsorlara
dərin minnətdarlığını
bildirdi.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov milli-mənəvi
dəyərlərimizdən söhbət açdı. Muğam sənətinin
inkişafına, yaradıcı
gənclərə göstərilən
dövlət qayğısını
xüsusi vurğuladı.
Sektor müdiri uşaq muğam festivalının
öz coğrafiyasını
genişləndirdiyini diqqətə
çatdırdı. Qeyd etdi
ki, Azərbaycan muğamının cazibəsi
dünyanın 10-dan artıq
ölkəsinin gənclərini
Bakıda bir araya gətirib.
Misir Mədəniyyət
Mərkəzi və festivalın baş sponsoru “Paşa Bank” tərəfindən münsiflər
heyətinə hədiyyələr
verildi. Sonra ifaçıların çıxışları təqdim
olundu. Azərbaycan,
Türkiyə, İran,
İraq, Misir, Əfqanıstan, Özbəkistan,
Türkmənistan, Qırğızıstan
və Qazaxıstan təmsilçilərinin çıxışları
sürəkli alqışlarla
qarşılandı. Hər bir
ölkəni iştirakçı
ilə yanaşı, bir mütəxəssis də təmsil edirdi. Həmin təmsilçi Xalq artisti, professor Ağasəlim Abdullayevin sədrliyi ilə beynəlmiləl tərkibli
münsiflər heyətində
təmsil olunurdu.
İfaçıların çıxışlarından sonra əslən Azərbaycandan olan Latviya vətəndaşı,
Azərbaycan Milli Konservatoriyasının tələbəsi,
muğamlarımızın Avropada təbliğatçısı
Leyla Əliyeva çıxış etdi. Soydaşımız Latviyadakı fəaliyyəti
barədə danışdı,
ingilis və Azərbaycan dillərində
muğam ifa etdi.
Sonra münsiflər
qalibləri elan etdilər. Festivalın baş mükafatına
(Qran pri) Azərbaycan təmsilçisi
Atlaz Mehdiyeva (“Qarabağ şikəstəsi”,
12 yaş) layiq görüldü. Digər
mükafatlar belə bölüşdürüldü: 1-ci yer - Zilola Xayrullayeva
(Özbəkistan); 2-ci yer
- Elbəy Etibarlı
(Azərbaycan), Sasan Əlizadə (İran) və Mətin Əbilov (Azərbaycan);
3-cü yer - Asanali Aşumov və Alken Maqurlan (Qazaxıstan), Mirna Hişam Mühəmməd
(Misir) və Mehmet (Türkiyə).
Bundan əlavə, 7 nəfərə həvəsləndirici mükafat, habelə təşkilat komitəsi tərəfindən festivalın ən kiçik iştirakçısına, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə bir nəfər əcnəbi iştirakçıya “repertuarına Azərbaycan muğamından parça əlavə etdiyinə görə” mükafatlar verildi. Qaliblər diplom və hədiyyələrlə təltif olundular.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 10
oktyabr.- S. 8.