Koreyalı
musiqiçilər Rostropoviçlərin ev-muzeyinin
qonağı olublar
Oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları olan koreyalı musiqiçilər - Koreya Kamera Orkestrinin idarə heyətinin sədri xanım Yun Hi Ço və xanım Li Junq Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinə baş çəkdilər. Qonaqlar muzeyin ekspozisiyası ilə maraqla tanış oldular, M.Rostropoviçin nadir səsyazmaları olan əsərləri - Dmitri Şostakoviçin maestroya ithaf etdiyi violonçel üçün 1 nömrəli konserti və F.Şopenin fortepiano və violonçel üçün “Parıltılı polonez"i dinlədilər.
Koreyalı musiqiçilərə muzey tərəfindən hazırlanan suvenirlər - üzərində SSRİ Xalq rəssamı Tahir Salahovun ecazkar fırçasının nümunəsi - M.Rostropoviçin portreti olan qeyd dəftərləri və 2012-ci ildə L. və M.Rostropoviçlərin ev-muzeyində təqdimatı keçirilən, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova və Xalq artisti, violonçelist E.İskəndərovun birgə layihəsi əsasında ingilis dilində çap olunan “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” toplusu təqdim olundu.
L. və M.Rostropoviçlərin ev-muzeyi yarandığı gündən Azərbaycan və dünya violonçel musiqisinin təbliği mərkəzinə çevrilmişdir. Bu toplunun çapı bizim əsərlərin müxtəlif dünya ölkələrinin musiqiçiləri tərəfindən tanınması və ifa edilməsinə şərait yaradır.
Xədicə
Sadıqova,
L. və M.
Rostropoviçlərin ev-muzeyinin elmi işçisi
Mədəniyyət.- 2014.- 10
oktyabr.- S. 6.