“Azərbaycanfilm”
kinostudiyasında yubiley tədbiri
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elman Şeydayevin 60 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edən kinostudiyanın direktoru Müşfiq Hətəmov yubilyarı təbrik edərək onun sənət bioqrafiyasından söhbət açıb.
Bildirilib ki, Elman Şeydayev 1981-ci ildə rejissor assistenti kimi əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında şərəfli əmək yolu keçib. “Qəzəlxan”, “Yük”, “Bəxt üzüyü”, “İlahi məxluq”, “Çölçü” və s. bədii filmlərdə ikinci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, professionallığı ilə təkcə çəkiliş qrupunun deyil, kinostudiyanın bütün kollektivinin hörmətini qazanıb. Bu gün də tamaşaçılar tərəfindən sevilən filmlərin uğur qazanmasında onun da payı var. Elman Şeydayev bir neçə filmdə aktyor qismində də özünü sınayıb. Direktor yubilyara kino sahəsində gələcək işlərində uğurlar arzulayıb.
Elman Şeydayev 60 illik yubileyinin kollektiv tərəfindən qeyd edilməsini onun əməyinə göstərilən diqqətin nümunəsi olduğunu bildirərək kinostudiyanın rəhbərliyinə təşəkkürünü bildirib.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 10
oktyabr.- S. 4.