Uşaq musiqi və incəsənət məktəblərində tədrisin təşkili

 

Mədəniyyət və Turizm Nazirliyinin planına uyğun olaraq Goranboy rayonunda Naftalan şəhər, Goranboy, Xocalı rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə məktəblərdə tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib. Sözügedən rayonların uşaq musiqi və incəsənət məktəblərinin direktor, direktor müavinləri və pedaqoji kollektivlərin üzvləri ilə görüş zamanı Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları, tədris planları və proqramları ilə bağlı zəruri məlumat və izahatlar verilib, fikir mübadiləsi aparılıb.

Müşavirədə iştirak edən məktəblərin 2013/2014-cü dərs ilinin yekunlarına dair bir sıra sənədlərində aşkar edilmiş nöqsanlar məktəb rəhbərlərinin diqqətinə çatdırılıb. Eyni zamanda məktəb rəhbərlərinin tədris işinin təşkili, əmək və maliyyə intizamı, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəbin idarə edilməsi ilə bağlı suallar cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Müşavirə zamanı direktordirektor müavinlərinə ayrı-ayrı fənlər üzrə yeni tədris proqramları və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris kabinetlərinin (sinif otaqlarının) tərtibatı"na dair metodiki tövsiyələr paylanıb, onların tədris prosesinə tətbiqi ilə bağlı izahatlar verilib.

 

Mədəniyyət.- 2014.- 10 oktyabr.- S. 4.