Qazaxıstanla mədəniyyət və turizm əməkdaşlığı müzakirə olunub

 

Ölkəmiz Astana şəhərində keçiriləcək EXPO sərgisində iştirak edəcək

 

Oktyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Coşıbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

 

Nazir qonaqları salamlayaraq Azərbaycanın xarici ölkələrlə mədəniyyət və turizm əlaqələrinin inkişafı barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanla Qazaxıstan arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında dostluq münasibətlərinin tarixi kökləri var. İki qardaş ölkənin beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirdiyini vurğulayan Əbülfəs Qarayev ümidvar olduğunu bildirdi ki, qarşılıqlı münasibətlər, o cümlədən mədəni əlaqələr bundan sonra da inkişaf edəcək.

Turizm sahəsində əməkdaşlıqdan söz açan nazir qeyd etdi ki, Azərbaycanla tanışlıq ölkəmizin turizm imkanlarını daha yaxından öyrənməyə və daha fəal turizm mübadiləsini tənzimləməyə imkan verəcək. Vurğulandı ki, Azərbaycan turizm vasitəsilə öz mədəni irsini tanıtmaq və təbliğ etməyə çalışır, eyni zamanda mədəni irs turizmin inkişafına təkan verir. Qədim tarixə malik olan Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı bu baxımdan təqdirəlayiqdir. Qazaxıstanın turizm şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakı müştərək əlaqələrə zəmin yara bilər. Bu istiqamətdə əməkdaşlıq sənədləri imzalanmalı və sıx əlaqələr yaradılmalıdır. Lazım gələrsə, beynəlxalq tədbirlərdə birgə stendlərlə də çıxış etmək olar. Eyni zamanda TÜRKSOY üzvü olan ölkələr kimi mədəni irsimizi də birgə qorumalı və təbliğ etməliyik.

Yüksək səviyyədə müntəzəm görüşlərin mədəni əməkdaşlıq üçün çox vacib olduğunu deyən nazir Qazaxıstan nümayəndələrini gələn ilin mayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.

Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Coşıbayev səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkəsində mədəniyyət və turizm sahəsindəki yeniliklər barədə danışdı. Qeyd etdi ki, Qazaxıstan 2017-ci ildə Astana şəhərində keçiriləcək beynəlxalq EXPO sərgisinə ciddi hazırlaşır. Sərgidə dünyanın 100-dən artıq ölkəsi iştirak edəcək.

Azərbaycanın regionda mühüm yer tutduğunu vurğulayan qonaq ölkəmizin bu sərgidə iştirakını önəmli hesab etdiyini bildirdi: "İki ölkənin hərtərəfli əlaqələri mövcuddurturizm sahəsində də əməkdaşlıq genişlənir. Bu səbəbdən də istərdik ki, sərgidə Azərbaycanın həm mədəniyyəti, həm də turizm imkanları geniş sərgilənsin".

Nazir Əbülfəs Qarayev EXPO sərgisinə ev sahibliyi etməyin böyük hadisə olduğunu vurğulayaraq Azərbaycanın Astanadakı sərgidə iştirak edəcəyini nəzərə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı. Sonda Qazaxıstanın "Astana EXPO 2017" milli şirkəti ilə Azərbaycan Turizm Assosiasiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalandı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 10 oktyabr.- S. 3.