“Qalxdı, köç eylədi Avşar
elləri”
Türk dünyasının
aşıqlarından söz düşəndə
ilk olaraq
xatırlananlardan biri də Dadaloğludur. O, XIX yüzilliyin
tanınmış xalq ozanı olub. Köçəri həyat tərzi
keçirən sənətkarın şeirlərini Osmanlı
imperiyasında türkmən tayfalarının poetik
tarixi kimi qiymətləndirirlər.
Aşıq Dadaloğlu haqqında günümüzə çox az məlumat gəlib çıxıb. Araşdırıcı jurnalist-etnoqraf Ənvər Çingizoğlu yazır ki, Dadaloğlu təxminən 1785-ci ildə Türkiyənin Kayseri vilayətinin Tomarzə bölgəsində Musa adlı bir aşığın ailəsində dünyaya göz açıb. Əsl adı Vəli olub və onlar oğuzların Avşar tayfasındandırlar. Bu onun ədəbi yaradıcılığında da aydın şəkildə öz əksini tapıb. Atası ona yazıb-oxumağı öyrədib, xalq yaradıcılığı ilə bağlı nağıl və əfsanələr danışıb. Onda şifahi xalq ədəbiyyatına böyük maraq oyadıb. O həm də çox igid, döyüşkən və coşqun təbiətli bir gənc olub. Maraqlı və mübarizələrlə dolu bir ömür yaşayan sənətkar 1868-ci ildə vəfat edib. Özündən sonra gələcək nəsillərə Avşar ellərinin milli adət-ənənələri və folkloru ilə bağlı zəngin bir irs qoyub.
Mənbədə qeyd olunur ki, XVIII əsrin birinci yarısında Osmanlı imperiyası ərazisində köçəri tayfaların oturaq həyata keçməsi tələb olunur. Bu, o dövrün bir çox köçəri tayfalarında olduğu kimi, Avşar tayfasında da böyük etiraza səbəb olur. Aşıq Dadaloğlunun bu məzmunda qələmə aldığı şeirləri diqqət çəkir:
Qalxdı, köç eylədi Avşar elləri,
Ağır-ağır gedən ellər bizimdir.
Ərəb atı yaxın edər iraqı,
Uca dağlar,
aşan yollar bizimdir.
Dadaloğlunun yaradıcılığında Kayseri ellərindən Payas,
Adana, Kozan əyalətləri,
Gavurdağ, Aladağ,
Qoçdağ, Bamidağ
kimi yer adları öz əksini tapıb. Bundan da
belə qənaətə
gəlmək olur ki, bu yerlər
vaxtilə köçəri
Avşar tayfalarına
qışlaq-yaylaq yerləri
olub. Dadaloğlu hələ gənc
ikən səyahətə
çıxıb. Anadolu ellərini
kəndbəkənd və
oba-oba gəzib dolanıb. Hətta Avşar bəylərindən
Əlioğlu Dədə
bəy, Mistik bəy və Kazanoğlu Əhməd bəyin yanında bir müddət katiblik edib. Onu da deyək ki,
əfşar tayfaları
1865-ci ildə Sivasda oturaq həyata keçirlər. Onun
əsərlərində də
hiss olunur ki, Dadaloğlu bu həyat tərzinə uyğunlaşa bilmir. Ömrünün müdrik çağlarında
Çukurovaya gedir.
Bir müddət orada yaşayır. Sonra yenidən
köçəri həyat
tərzinə dönür.
Aşığın yaradıcılığının ən maraqlı cəhəti onun şeir dilidir. Onun üslubu
çox rəvan və dolğundur. Sənətkarın yaradıcılığı
ilə tanış
olarkən onun qəhrəmanlıq şeirlərində
daha çox Koroğlu, təbiət gözəlliklərinin vəsfində
isə Qaracaoğlanın
xatırlandığının şahidi oluruq. İrsi yetərincə araşdırılmadığından əsərlərindən günümüzə
çox az
nümunələr gəlib
çıxıb. Ancaq əldə
olan şeirlərindən
məlum olur ki, o, dövrünün çox tanınmış
və istedadlı sənətkarı olub.
Onu da deyək ki,
Avşar tayfasının
oturaq həyata keçməsindən sonra
Türkiyədə aşıq
birlikləri yaranır.
Dadaloğlunun həmin dövrdə
daha geniş fəaliyyət göstərdiyi
qeyd olunur. Çünki aşığın o dövr yaradıcılığının
müəyyən hissəsini
siyasi məsələlər,
yəni Osmanlı imperiyasının siyasəti
və sosial problemlər təşkil edib. Həyatda qarşılaşdığı çətinliklər və
haqsızlıqlara qarşı
apardığı mübarizə
yaradıcılığında öz əksini tapıb:
Əslimi
sorarsan Avşar soyundan,
Ayrı
düşdüm aşirətdən,
bəyimdən,
O bulaq başından beş yüz
evinən,
Durub öz canına qıyanlardanam.
Ozanın
bədii irsində məhəbbət mövzusu
da aparıcı mövqe tutur:
Doya-doya
mah camalın görmədim,
Saçların çözüb-çözüb
hörmədim,
Bir gecəcik
səfasını sürmədim.
Sarmadığım incə bellər inləyir.
Aşıq Dadaloğlunun yaradıcılığı tam olaraq günümüzə qədər gəlib çatmasa da, onun sadə xalq dilində qoşma, türkü, cəngi, varsağı və səmavi şeirlər yazdığı güman olunur. Mübarizə və qəhrəmanlıqlarla dolu şeirlərində Avşar tayfalarının həyat tərzi çox ustalıqla qələmə alınıb. O, bu tayfalara mənsub sənətkarların milli xüsusiyyətlərinə uyğun məcazları, hadisələri qələmə almaqla müasirləri arasında xüsusi yer tutub. Yaradıcılığında həm də təbiət təsvirlərinə geniş yer verib:
Bizim yaylağımız meşəli,
Dibində güllər döşəli.
Altı
top-top mənəkşəli,
Qızlar gəlir yaylağımıza.
El sənətkarının rəngarəng
yaradıcılığında yer-yurd həsrəti və qürbət ağrıları da öz əksini tapıb:
Bir igid qürbətə gedərsə,
Gör,
başına nələr
gələr...
Aşıq Dadaloğlu yaradıcılığı
ilə ümumtürk
ədəbi aləmində
özünəməxsus yeri
olan sənətkar olub. Eyni zamanda ilk köçəri
türk ədəbiyyatının
bənzərsiz nümunələrini
yaradıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 15
oktyabr.- S. 15.