Hafiz Baxış
Misraları, kadrları, insanlığı, dost-yoldaşlığı, naxış-naxış...
Çağımızda
şairlər var ki,
özlərindən qat-qat böyük
yazır, olduqlarından əkə-əkə yekə
görünməyə çalışırlar - “Ya olduğun kimi görün, ya göründüyün
kimi ol”
frazasını bilə-bilə. Gözəl şair,
istedadlı rejissor, qaya
kimi möhkəm vətəndaş Hafiz
Baxış isə “o məcnunlardan” deyildi - arabir “...Nəbiyəm,
Koroğluyam - Azərbaycan oğluyam!”
- hayqırsa da...
O elə özünü (əlbəttə, hamımızın adından) bənzətdiyi o xalq qəhrəmanlarının doğulduğu, at oynadıb, ad çıxardıqları bölgədə göz açmışdı bu dünyaya - 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalının Yuxarı Gilətağ kəndində. Taleyinə müxtəlif ünvanlar, peşələr, vəzifələr, xüsusən də şairlik və milli vətəndaşlıq görəvləri yazılmış bu insan orta məktəbi həmin bölgənin Şəhərcik kəndində bitirmişdi; hansı ki, öz istedadı, fəallığı, hətta bir az da “dəlioğlanlığı” ilə ad çıxardığı o kəndin adı onun sonrakı “televiziya erası”nda, iş yoldaşları ilə uğundurucu zarafatlarında da az “rol” oynamamışdı. Belə ki, ona “kəndçi” deyə “sataşanlara” “siz cılxa kəndlərdə doğulmusuzsa, mən Şəhərcik kəndində bu dünyanı şərəfləndirmişəm!” deyib, növbəti zarafatlara bir çim üstünlüklə ayaq verərdi.
Başdan-başa xoş ovqat, duzlu-məzəli söhbətlər mücəssəməsi idi Hafiz Baxış. Göründüyü yerləri görkəmə salırdı, tutqun qaş-qabaqlara bir xoş meh idi, hər ümidsiz könül qıfılına işıqsaçar açar idi rəhmətlik. Günlərin birində də - bugünlərin məşhur “kriminal xəbər” termininə bab bir deyimi yayıldı. Belə ki, o vaxtlar AzTV-də işləyən xeyli ermənidən ikisi avqustun ortası günün günorta çağı Ali Sovetin tinində dayanıb söhbət edirmişlər, hansısa obyektdən qayıdan və istidən beyni qaynayan Hafiz Baxış onların bərabərinə çatanda ufuldana-ufuldana deyir: “Ara, ay zalım uşağı, adam da bu istidə ermənicə söhbət eliyər?!” Şairliyində hər sözü mənasından ovlayan, rejissorluğunda hər kadrı astanasında tutan, milli vətəndaşlıq düşüncələrini oxucularına, ətrafındakı gəncliyə televiziyayla yayımlamaqla bahəm, söhbətlərilə də yayan bu çox maraqlı insanın öz gəncliyi də adi olmayıb. On səkkiz yaşından iyirmisinədək Qovşud kəndində ibtidai sinif müəllimi işləyib. Azərbaycan Dövlət Teatr İnstitutunun tələbəsiykən (1954) hərbi hissədə bədii özfəaliyyət dərnəyinin rəhbəri olub. 1956-1961-ci illərdə Sumqayıtda pionerlər evinin və mədəniyyət sarayının direktoru, 1961-ci ildən AzTV-də rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor. İlk şeirləri “Sosialist Sumqayıtı” qəzetində, “Zirvə” adlı ilk poeması “Azərbaycan” jurnalında (1968) çap olunub. Bundan sonra o, altı poema qələmə alsa da - lirik şair kimi tanınıb. İyirmidən çox şeirinə musiqi bəstələnib. Mahnıları dinləyicilərinin dilindən-könlündən düşməyən bu şair “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”, “Bu torpağa bağlıyam”, “Ömür bir yarpaq imiş”, “Ana layla deyir” kimi - oxucular əlindən düşməyən kitablarını yadigar qoyub bugünümüzə. Həmin kitablarda Azərbaycanın təbii təbiəti şair heyrəti, şair təşbehlərilə bir az da cilvələnib, axar-baxarlanır. O şeirlərdə gah taraz, gah nataraz sosial münasibətlər şirin, zərif qafiyələrlə “bu beşgünlük dünya”da ovxarlanıb axarlanır. O misralarda düşmənə nifrət, Vətənə, dosta məhəbbət aşılanır. “Bir könül həmdəmi tapana qədər, Can evi illərlə olur dərbədər” deyən Hafiz Baxış “Dost sənə çor desə, sən ona can de, Düşməni dost edir xoş söz, şirin dil - Bizim dost itirən vaxtımız deyil!” kimi sadədən sadə bəndlərilə halal Allah bəndələrini dostluğa çağırır:
Gəlin itirməyək dostları, qardaş,
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər
saat, hər il -
Bizim
dost itirən vaxtımız
deyil!
Onun dostlarından biri də mən idim, mənim dostlarımdan biri də o. Təxminən 10 il AzTV-nin
ədəbi-dram verilişləri
baş redaksiyasında
çalışdıq. Sonrakı dost-tanışlarımıza bir-birimizi
“mənim rejissorum”, “mənim redaktorum” deyə təqdim edərdik. Hansı mövzu ki daha poetik, daha
şairanəydi - rejissor
qrafasına dərhal onun adını yazdırardım. Həmin verilişlərdən
birinin (“Dünyamıza
misra-misra baxıram”) ssenarisini oxuyan Hafiz müəllim çəkiliş
obyekti kimi Şüvəlandakı Zəfəran
sovxozunu seçdi.
Ertəsi gün həmin
ünvana yollandıq və proqrama dəvət etdiyimiz şairlərdən ikisi H.Baxışın bu zövqünü alqışlayıb,
elə oradaca o obyektin gözəlliyini vəsf edən şeirlər yazdılar.
Oradakı göldə
üzən qu quşlarının, yanaşı
ərazidəki tovuzquşularının
cürbəcür görüntülərindən
qeyri-adi kadrlar yaradan Hafiz Baxış haqda yeni bir
deyim də yarandı: “Vizual poeziya ustadı”.
...Həmin o verilişdən
iki il
sonra - 1989-cu il sentyabrın 4-də məlum
hadisələrin növbəti
bəd xəbəri münasibətilə Azərbaycan
Radiosunun akt zalında növbəti bir etiraz yığıncağı
keçirdik. Orada milli
ağrılarla dolu çıxış edənlər
də oldu, sovetanə dokladlar edənlər də.
Lap ön sırada
oturub, ikinciləri dinlədikcə hirsindən
bozaran Hafiz Baxışa
söz veriləndə
o, tribunaya sarı sanki qoşquda irəliləyirdi. Heç iki
kəlmə deməmiş
şairin rəngi qaralmağa başladı.
Çıxışını yarımçıq kəsib oturduğu yerə tərəf addımladı. Birtəhər əyləşdi... və
iki-üç dəqiqədən
sonra... dünyasını
dəyişdi.
Vəfatının üçüncü günü
mən onun haqqında bir veriliş hazırladım. Həmin Şüvəlan
kadrlarından da istifadə etdim. Həyat yoldaşını danışdırmaq
çox çətin
oldu - “...danışın,
bir də ona görə ki, danışıldıqca
sevinc çoxalır,
kədər azalır,
danışın”-desəm
də.
Mən o verilişi
imzasız, titrsiz verdim efirə. “Səni tək mən yox, hamı
çox istəyir deyə, bu verilişə
imza atmıram, Hafiz Baxış!” - dedim.
Əlavə etdim ki, “Bəs deyirdin
“bizim dost itirən vaxtımız deyil”, ay
Hafiz Baxış, niyə
belə etdin, - özü də əbədi?!”
O verilişdə imzamı səsləndirmədim, bu
yazıda isə:
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 15
oktyabr.- S. 13.