“Avropa
irs günləri” milli
mədəni irsin təbliğinə xidmət
edir
Xəbər verdiyimiz kimi, Avropa Şurası və Avropa
İttifaqının birgə layihəsi olan
ənənəvi “Avropa irs
günləri” bu il
ölkəmizdə də qeyd edilir. Layihənin bu il Azərbaycanın Avropa
Şurası Nazirlər Komitəsinə sədrliyi
dövrünə təsadüf etməsi onun
önəmini daha da artırır.
Oktyabrın 13-də “Four Seasons”
hotelində bu münasibətlə mətbuat
konfransı keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi və Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğu nümayəndələrinin iştirak etdiyi tədbir ötən illərdə ölkəmizdə «Avropa irs günləri»nin qeyd olunmasına dair qısa filmin nümayişi ilə başladı.
Proqramın Azərbaycan üzrə milli əlaqələndiricisi Emil Səfərov bildirdi ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu təşkilat tərəfindən təşkil edilən tədbirlərdə daha fəal iştirak etməyə başlayıb: «2010-cu ildən etibarən «Avropa irs günləri» layihəsinin ölkə üzrə milli koordinatorluğu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Son üç ildə «Avropa irs günləri» Azərbaycanda geniş şəkildə qeyd edilir və daha çox regional xarakter daşıyır. 2012-ci ildə bu münasibətlə keçirilən tədbirlər Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını əhatə edib. 2013-cü ildə isə layihə «Tarixi və mədəniyyət abidələrinin qorunması və bərpası» mövzusu üzrə ölkənin şimal-qərbində - Şəki, Qax, Zaqatala və Balakən rayonlarında gerçəkləşib. Təşkil edilən açıq qapı günlərində regionda yerləşən tarix, mədəniyyət abidələri və qoruqları 27 mindən artıq insan ziyarət edib”.
Qeyd olundu ki, Azərbaycan 2014-cü ilin may-noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində «Avropa irs günləri»ni qeyd etməklə yanaşı, layihənin Avropa üzrə illik ən mühüm tədbirlərindən birinə ev sahibliyi edir. Emil Səfərov «Avropa irs günlərinin qeyd edilməsi - Bakı-2014: yerli icmalar irsin Avropa ölçüsünü formalaşdırır» devizi altında müxtəlif ölkələrdən nüfuzlu ekspertlərin iştirakı ilə təşkil edilən tədbirin (oktyabrın 14-də“Four Seasons” hotelində işə başlayıb - red.) əhəmiyyətini diqqətə çatdırdı.
«Avropa irs günləri» layihəsinin meneceri Madelena Qrossman bildirdi ki, layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir. Onun sözlərinə görə, Bakıda keçirilən toplantı Avropada layihənin cari il üçün yekun tədbiridir.
Proqram üzrə Şimali İrlandiyadan olan milli koordinator Maykl Kulter «Avropa irs günləri»nin milli irsin qorunmasında çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı və bildirdi ki, layihə müxtəlif mədəniyyətlərə malik insanları bir araya toplayır.
İrlandiyalı koordinator İzabel Smiz ölkəsində bu tədbirə böyük əhəmiyyət verildiyini vurğuladı. Onun sözlərinə görə, «Avropa irs günləri»ndə İrlandiyada 8 gün qeyri-iş günü olur. Ölkə üzrə 1000-dək təşkilat və 400 min nəfərə yaxın insan bu tədbirlərə cəlb edilir, baxımsız qalan mədəni irs nümunələri bərpa edilir.
İspaniyadan gəlmiş Ana Şobel və şotlandiyalı Lesli Makevan da «Avropa irs günləri»nin əhəmiyyətindən, təmsil etdikləri ölkələrin müvafiq sahə üzrə təcrübəsindən söz açdılar.
Sonra «Avropa irs günləri» portalı haqqında qısa videoməlumat təqdim olundu. Videoməlumatda bildirilirdi ki, «Avropa irs günləri» Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər il layihə Avropanın 50 ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir, təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 15
oktyabr.- S. 8.