“Bizim uğurumuzda
sizlərin də payı var”
Avstriyanın Krems Universitetində keçirilən mərasimdə Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıqdan söz açılıb
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın
1-də Avstriyanın Krems İMC Tətbiqi
Elmlər Universitetində (İMC TEU) təşkil olunan xüsusi tədbirdə
iştirak edib. Krems Universiteti Azərbaycan Turizm İnstitutunun (ATİ) tərəfdaşı
olan tədris ocağıdır. Təhsil müəssisələri arasında ikili diplom haqqında əməkdaşlıq müqaviləsi
var.
ATİ-nin mətbuat xidmətindən verilən
məlumata görə,
dünyanın nüfuzlu
ali təhsil
ocaqlarının, elm və
sənaye müəssisələri
təmsilçilərinin iştirak
etdiyi tədbir Krems Universitetinin yaradıcısı və
prezidenti Heinz Boyerin uzun illər icra etdiyi vəzifəsinin
başa çatması
münasibətilə təşkil
olunub.
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev universitet rəhbərliyi ilə görüşüb. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə təhsilin,
eləcə də turizm təhsilinin inkişafına böyük
diqqət göstərir.
Azərbaycan Turizm İnstitutunun
fəaliyyəti və
beynəlxalq aləmdə
uğur qazanması da bu diqqət
və qayğının
nəticəsidir. Azərbaycanın təhsil sistemində ilk dəfə xarici tədris ocağı ilə ikili diplom təcrübəsi məhz ATİ-də tətbiq olunmağa başlanıb. Bu proqramın məzunları
artıq turizm sənayesində aparıcı
mövqelərə çıxmaqdadırlar.
Əbülfəs Qarayev
Krems Universitetinin yaradıcısı Heinz Boyerə
müraciətlə deyib:
“Sizin rəhbərlik etdiyiniz ali
təhsil ocağı
ilə əməkdaşlıqdan
çox məmnunuq. Turizm təhsili sahəsində qazanılan hər bir uğurumuzda sizlərin də əməyi var, bu sahəni həyat amalı seçən gənclərimizin
ixtisaslı kadr kimi mövqe tutmasında sizlərin rolunu yüksək qiymətləndiririk”.
Tədbirdə çıxış edən ATİ-nin rektoru, professor Cəfər
Cəfərov rəhbərlik
etdiyi ali
təhsil ocağı
ilə Krems İMC TEU
arasında əlaqələrin
hər iki tərəf üçün
faydalı olduğunu bildirib. O, tədbir iştirakçılarının nəzərinə çatdırıb
ki, iki ali təhsil ocağı arasında
2007 və 2011-ci illərdə
imzalanan «Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsi»
«Magistratura sahəsində
əməkdaşlıq sazişi»
uğurla davam etdirilir. Rektor bu əlaqələrin
qurulmasında və inkişaf etməsində mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin xüsusi xidmətlərini
diqqətə çatdırıb.
Qeyd edib ki, indiyədək
institutun bakalavr pilləsində 94 tələbə
iki diplom qazanıb. «Bu, iki təhsil müəssisəsinin 7 ildir
davam edən birgə layihəsinin uğurudur. Elm, təhsil sərhəd tanımır. Universitetlərarası əlaqələrdə tələbə-müəllim
mübadiləsinə xüsusi
önəm verilməsi
hər iki tərəf üçün
faydalı olub. Biz sizlərdən öyrəndiyimiz kimi sizlər da bizim dəyərlərimizə
bələd oldunuz”.
Onu da qeyd edək ki, Cəfər Cəfərov Avstriya səfərində Tailand,
Vyetnam və Ukrayna universitetlərinin rektorları ilə ikitərəfli əlaqələrin
qurulması ilə bağlı danışıqlar
aparıb. Həmçinin Avstriyanın Semmerinq
Turizm Kolleci ilə ATİ-nin nəzdində olan Bakı Turizm Peşə Məktəbi arasında əlaqələrin
qurulması da müzakirə olunub.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 15
oktyabr.- S. 7.