Karyera sərgisi - bizneslə təhsilin əməkdaşlığı

 

Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində VIII Azərbaycan beynəlxalq təhsil və karyera sərgisi (Education & Career) keçirildi.

 

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasətindən, «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»ndan bəhs etdi, bu sahədə islahatlardan, o cümlədən «SABAH» layihəsindən danışdı. Təhsil islahatlarının praktik nəticə verməsi üçün təhsil müəssisələri ilə biznes, işəgötürənlər arasında sıx əlaqənin vacibliyini vurğulayan nazir müavini təhsil və karyera sərgilərinin əhəmiyyətini diqqətə çatdırdı.

«İteca Caspian» şirkətinin icraçı direktoru Fərid Məmmədov sərgi barədə məlumat verdi. Bildirdi ki, builki sərgi də «Iteca Caspian LLC» və «Caspian Event Organisers» şirkətlərinin təşkilatçılığı və Azərbaycanın Təhsil Nazirliyinin, digər müvafiq qurumların dəstəyi ilə təşkil edilib.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Böyük Britaniya, Niderland, Slovakiya, Rusiya, Latviya, Fransa, Qazaxıstan, Polşa - ümumilikdə 20 ölkədən 122 təşkilatın qatıldığı sərgidə təhsil, «MBA» proqramları, xarici dil kursları, həmçinin təcrübə və treninqlər təklif edilirdi. Eyni zamanda sərgidə 20-dək şirkət bank işi, neft-qaz, telekommunikasiya, maliyyə, hüquq xidmətləri, energetika, satış və marketinq, su resursları, qida, kənd təsərrüfatı və turizm sektorlarında vakansiyalarını diqqətə çatdırırdı. Ziyarətçilər sərgidə aparıcı universitetlərin nümayəndələri ilə ünsiyyət yaradaraq, universitetə hazırlıq, təhsil qiymətləri və s. mövzularda onları maraqlandıran suallara cavab ala bilirdilər.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 7.