Avropa irs günləri”ndə muzeyqoruqlarda “açıq qapı”

 

Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi olan və 2010-cu ildən ölkəmizdə də geniş qeyd edilən "Avropa irs günləri" layihəsi ilə bağlı müxtəlif tədbirlər təşkil olunub. 11-12 oktyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət təsisatlarında ”açıq qapı” günü elan olunub. Avropanın hər yerində olduğu kimi, ölkəmizdə də vətəndaşlar və xarici qonaqlar bu layihə vəsiləsi ilə muzey və qoruqlardakı zəngin mədəni irsimizlə bir daha tanış olmaq imkanı qazanıblar.

Azərbaycan Milli İncəsənət Muzeyinin kütləvi işlər şöbəsinin müdiri Rəhimə Çərkəzova bizimlə söhbətində bildirdi ki, “Avropa irs günləri” çərçivəsində təşkil edilən ödənişsiz xidmət günlərində muzeyə çoxlu ziyarətçi gəlib. Onların sırasında turistlər, məktəblilər, tələbələr, müxtəlif peşə sahibləri vardı. Şöbə müdirinin sözlərinə görə, muzeydə il ərzində bir neçə dəfə “açıq qapı” elan olunur. "Avropa irs günləri" ilə bağlı elan olunan aksiyaya maraq böyük idi: “Nəzərə alsaq ki, muzeyimizdə sentyabrın 24-də açılan "Şaraku Yaponiyanın müasir rəssamlarının interpretasiyasında" sərgisinə də baxış davam edir, bu aksiya çərçivəsində ziyarətçilərimizin sayı xüsusilə çox idi”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda da “açıq qapı” aksiyasına maraq böyük olub. Bakı sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da bu aksiyadan yararlanıblar. “İçərişəhər” qoruq idarəsinin mətbuat xidmətindən bildirdilər ki, oktyabrın 11-12-də Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə “Qalaarxeoloji-etnoqrafik muzey kompleksində “açıq qapı” elan edilib. Aksiya çərçivəsində məktəbli və tələbələrin ekskursiyaları xüsusilə çox olub. Bu cür aksiyaların keçirilməsi vətəndaşların tarixi məkanları ziyarətinə marağın artmasına xidmət edir.

Qeyd edək ki, 11-12 oktyabr tarixində həmçinin Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, "Qobustan" Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Xalça Muzeyi, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu, Kiş tarix-memarlıq qoruğu (Şəki) və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda da “açıq qapı” elan olunub.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 4.