Can balalar...
bir nağıl deyin - şair babanız Əhməd Cəmil barədə...
Yetmiş üç il öncə - nənələrimizin hələ
də “getsin o günlər, gəlməsin!”
- deyə yad etdiyi II Dünya
müharibəsinin başlanğıcında
“Can nənə, bir nağıl de” adında gözəldən-gözəl bir
şeir yazıb, milyonlarla uşağı ovutmuş Əhməd Cəmil babamız haqda...
Sənədli tərəfindən başlayın
bu nağıla:
Əhməd Səttar oğlu
Cəmilzadə 1913-cü il oktyabrın 20-də
İrəvan quberniyasının
İrəvan şəhərində
kustar sənətkar ailəsində doğulub.
Dörd yaşında atasını
itirdiyindən, anasının
himayəsində böyüyüb.
İbtidai və orta təhsilini Gəncə şəhər məktəblərində
almalı olub. Yeddinci sinifdə oxuyarkən yazdığı “Gözəl
Qafqaz” adlı ilk şeiri 1928-ci ildə
"Qızıl Gəncə"
jurnalında dərc olunub. Azərbaycan Proletar Yazıçıları
Cəmiyyətinin Gəncə
bölməsində fəal
iştirak edib. “Qızıl Gəncə”,
“Dağıstan füqərası”,
“Gənc bolşevik”,
“Hücum”, “İnqilab
və mədəniyyət”
qəzet və jurnallarında vaxtaşırı
dərc olunub...
Həə, bu real nağılın burdan beləsinə noğul da qatın.
Söyləyin ki...
...Halalca Vətən
torpağımızın zavalca
İrəvan şəhərindən
didərgin salınan bu oğlan Gəncədə
də özünə
rahatlıq tapa bilməyib. Bir neçə ünvan
yazılıb taleyinə.
Bakıda Ali Pedaqoji İnstitutun
ədəbiyyat fakültəsində
təhsilini davam etdirib. Şəmkir rayonunun Zəyəm kəndində, daha sonra yenidən Gəncədə orta və ali
məktəb müəllimi,
metodist işləyib.
1940-cı ilin sentyabrından Azərbaycan
Sovet Yazıçıları
İttifaqında şeir
bölməsində məsləhətçi,
“Ədəbiyyat qəzeti”ndə
ədəbi işçi,
məsul katib işləməli olub, ittifaqın məsul katibi seçilib.
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz və Krım cəbhə qəzetlərində - “Döyüş
zərbəsi”, “Hücum”,
“Vətən uğrunda
irəli” redaksiyalarında
çalışıb. Daha sonra Azərbaycan Yazıçılar İttifaqında
məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə
redaktor, “Azərnəşr”də,
“Gənclik” nəşriyyatında,
“Azərbaycan” jurnalında
redaktor, “Ulduz” jurnalının baş redaktoru işləyib. Rus, gürcü, Ukrayna, özbək, belarus, tacik
və s. dillərdən
Azərbaycan dilinə
tərcümələr edib.
Xidmətlərinə görə iki
dəfə “Qırmızı
Əmək Bayrağı”
ordeni, medallarla təltif olunub.
Canında-qanında, huşunda-guşunda doğma
yurd həsrəti, atasızlıq dərdi daşıyan bu şair baba elə hey bizləri - daha doğrusu, ovaxtkı nənə-babalarımızı
düşünüb. Qələmini əlinə götürən
kimi, həmin o dədə-nənələrimizə ürək-dirək verən
misralar üstə köklənərmiş. “-
Şaxta baba, şaxtacan, - Hardasan bu vaxtacan?!” - deyərmiş. “Yadigar”, “Əsgər qardaşıma”, “Şaxta
baba”, “Can nənə,
bir nağıl de”, “Şeirlər”, “Təməl
daşları”, “Qələbə
yolları” , “Mənim
azad torpağım”, “Bahar şəfəqləri”,
“Balıqçı gəmiləri”,
“Ellər bayramı”,
“Vaxtında gəlmişik
bu dünyaya biz”, “Xoşbəxt uşaqlara”,
“Dünyanın gözəlliyi”
və sair kitablarına, gözəl
tərcümələrinə (M.Lermontov, S.Marşak, V.Höte) doğru yollar gələrmiş.
Bu “yollar” sözümü qəribliyə salmayın,
can balalar! Çox sakit, dedikcə
təmkinli, elə gəncliyindən ağsaqqal
ömrü yaşamış
bu şair baba çox mürəkkəb ictimai-siyasi
küləklərə sinə
gərməli, ətrafının
paxıllıq, qısqanclıq,
psixo-repressiya “skvoznyak”larını
düşməli olub.
Bütün bunlara baxmayaraq, düz yetmiş iki il bundan
öncə yazdığı
“Şaxta baba”sı ilə hamınızın
ata-babalarını şən-şən
yeni illərə qovuşdurub. Həmin “yollar”dan biri
də uşaqlıqdır
ki, onu hər
kəs, hamı keçib və gələcək nəsillər
də keçəcək.
Ata-babalarımızdan, radiolardan
eşitdiyiniz, kinolardan,
televiziya verilişlərindən
gördyünüz 1941-45 müharibəsini
bu an daha
canlı olaraq xatırlayın və görün o davanın qızğın çağında
- 1942-ci ildə yazılmış
o şeirdə sözlər,
ifadələr balaca-balaca
uşaqlara necə
universal psixoloji təlim
keçir:
...Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.
Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar...
Aha, aha, deyəsən,
Şaxta
babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca,
Boyu çinardan
uca.
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu
-
Alıb
dövrəyə həmən,
Tutdular ətəyindən:
- Şaxta baba! Şaxtacan!...
Haradasan
bu vaxtacan?..
Deməzsizmi, həmin uşaqlar bura qədər nələr eşitmək
istəyirmiş, hansı
hiss-həyəcanlar yaşayıbmışlar? Kiminçün
qaranlıq bir məqam varsa, buyurub, bir qədər
ixtisarla verdiyim bu növbəti şeirlə duyğularını
işıqlandıra bilər:
- Can nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat
daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə
keçib, ev
soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə
məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin
mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır... sazaq qılınctək kəsir...
- Ay nənə, o kimdir elə pəncərəni
bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir,
qarı sovurur...
Bir gizilti duyur uşaq
vücudunda bu ara,
Həsrət qonan gözlərini
zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə
gedir, qucaqlayıb yastığı…
- Bəs ay nənə, atam indi haradadır,
görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən, atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü
qar, külək?
- Ömrum-günüm, körpə
quzum, qurban olum adına,
Niyə köks ötürürsən
o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir, oğlum
darıxmasın, görüşərik
bu bahar.
Heç
darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl
deyər əsgərlikdən,
davadan!
Di yat, indi gecə
keçir...
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın
nar, ərik,
Sağlıq olsun, ağ
toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi
bəzəyər,
El qaydası süfrə
açar, qohum-qonşumuz
gələr.
Sən atanı qucaqlayar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib,
nağıl deyər sübhəcən…
Ay “uşaqlar”, can balalar, bu, böyük bir aləm, bütöv bir lövhə, bitkin bir poema deyilmi?
Sonuncu bənzətməni bir də buna görə
qeyd etdim ki, 50 ilə yaxın yazıb-yaratmış
bu şair bir dənə də poema yazmayıb.
Amma hər şeiri poema qədər əhatəli,
mükəmməl!
Deyim ki, bu şair
babamız tək elə dava-şavadan yox, gözəl-özəl
duyğulardan, təbiətdən,
əbədi sevgi-məhəbbətdən
də çox yazıb:
Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim
də kəndə.
Görün, bağa-eyvana sərin
kölgə düşəndə
O qız yenə oxurmu, şən mahnılar çalırmı?
Görün, hər nəğməsində
məni yada salırmı?
İki bənd də - əzəli-əbədi məhəbbətin
əzəli-əbədi tərəflərinin
“yeri” haqda yazdığı bir şeirindən:
Bütün nağıllarda, əfsanələrdə
Qızlar bir Günəşdir, oğlanlarsa Ay.
Bütün mahnılarda, xoş
nəğmələrdə
Dinən
bir könüldür,
susan min haray.
Bütün ulduzların parıltısında
Əlçatmaz bir eşqin şikayəti var.
Bütün bulaqların şırıltısında
Ötən bir sevdanın hekayəti var.
1977-ci ildə dünyadan köçən, yazdıqca
yazılası, danışdıqca
qurtarmayası bu babamız o günlərdə
həm də bugünlər haqda düşünürmüş:
İki mininci ildə,
Gəzəcəkmi sözlərim
Yenə ağızda-dildə?!
İnanıram, bilirəm,
Onda mən olmasam da,
Qəlblərdə qalacağam...
Əlbəttə, Əhməd baba!
Ötən il
sənin 100 illik yubileyin qeyd olundu, bu günlər
də xatirən anılır, haqqında yazılar yazılır ki, bu yazı
da onlardan biri.
Allah sənə rəhmət eləsin, ruhun şad olsun...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 17
oktyabr.- S. 13.