“Beynəlxalq yoxsulluqla mübarizə günü” ilə bağlı tədbir keçirildi

 

Oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidmətləri idarəsi “Beynəlxalq yoxsulluqla mübarizə günü” ilə bağlı tədbir keçirdi.

İdarənin rəisi Gültəkin Nəriman tədbiri açaraq bildirdi ki, BMT tərəfindən qəbul olunan bu gün hər il dünya ictimaiyyəti tərəfindən qeyd edilir. Müstəqilliyimizin ilk illərində ölkəmizdə də yoxsulluğun səviyyəsi çox yüksək olub. Ancaq sonrakı illərdə dövlətimiz tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əhalinin rifah halı yaxşılaşıb, yoxsulluq həddi ötən illərlə müqayisədə aşağı düşüb.

İdarənin rəis müavini Cəmil Xəlilov “Beynəlxalq yoxsulluqla mübarizə gününün tarixindən danışdı. Qeyd etdi ki, bu gün 22 dekabr 1992-ci ildə BMT Baş Məclisi tərəfindən təsis olunub. BMT-ninMinilliyin bəyannaməsi”nə qoşulan ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli fərmanı ilə 2003-2005-ci illər üçün yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı, sonrakı dövrdə isə müvafiq proqramlar qəbul edilib.

Ombudsman Aparatının baş məsləhətçisi Müqavim Mahmudov yoxsulluğun azaldılmasına dair dövlət proqramları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova aztəminatlı, fiziki məhdudiyyətli ailələrə göstərilən qayğıdan söhbət açdılar.

Sonda Gültəkin Nərimanın müstəqilliyimizin ilk illərində yoxsulluğa düçar olan, valideyn himayəsindən kənar uşaqların ağrılı-acılı həyatından və yaşayış tərzindən bəhs edən “Kimsəsiz Kobra” sənədli filmi nümayiş olundu.

Tədbirdə BMT-nin, UNİSEF-in Azərbaycan nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 14.