“Mən teatrda ikinci özümü və ikinci ailəmi tapdım”

 

Müsahibimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist, “Qızıl Dərviş” mükafatı laureatı Almaz Mustafayevadır. Oktyabrın 1-də Almaz xanımın 65 yaşı tamam oldu. Biz də həm sevimli aktrisamızı təbrik etmək, həm də söhbətləşmək üçün onunla görüşdük...

 

- Almaz xanım, yubileyiniz münasibətilə Sizi təbrik edirik. Belə günlərdə adətən, keçilmiş yolun başlanğıcı yada düşür...

- Təbrikə görə çox sağ olun. Yolun başlanğıcına gəldikdə isə, mən teatra 1970-ci ilin mayında gəlmişəm. Gəlişim də təsadüflər nəticəsində baş verib. Baxmayaraq ki, uşaqlıqdan televiziya və radioda dublyajla məşğul olmuşam, filmlərə çəkilmişəm. Mən hələ dublyajda işləyərkən teatrın korifey aktyorlarını tanıyırdım. Hətta Leyla Bədirbəyli, Hüseynağa Sadıqovla birlikdə uşaq verilişlərinə də çıxmışam. Dublyajda iştirak etdiyim vaxtlarda Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Süsən Məcidova mənə söyləyirdilər ki, sən Gənc Tamaşaçılar Teatrına get. Məni bu teatrın aktrisası kimi görürdülər. Sözün düzü, o zaman teatra gəlmək heç fikrimdə yox idi. Kinonu çox sevirdim. Kinostudiyanın nəzdində «kinoaktyorluq» kursunda oxuyarkən bir əsərlə Cənnət Səlimova məni teatra gətirdi. Düzdür, o əsəri qəbul etmədilər, ancaq mən o vaxtdan teatrda qaldım. Məni teatra gətirən insanlara çox minnətdaram. Çünki mən burada ikinci özümü və ikinci ailəmi tapdım.

 

- Qeyd etdiniz ki, böyük sənətkarlarla işləmisiniz. Onlardan nələr öyrəndiniz?

- Mən Firəngiz xanım Şərifovanı özümə müəllim bilirəm. Allah ona rəhmət eləsin. Bizim onunla yaş fərqimizə baxmayaraq, sanki rəfiqə idik. Əgər teatrda nəyəsə nail olmuşamsa, öncə Firəngiz xanıma borcluyam. O dövrdə aktyorlar tamam başqa idilər. Cavan aktyor gələn kimi hamı ona kömək edirdi. Hüseynağa müəllimlə səhnəyə çıxanda mənim tamaşadan xəbərim olmurdu. Səhnədə məni elə idarə edirdi, hiss etmirdim ki, bu tamaşada yeniyəm. Yusif Vəliyev də ustad sənətkar idi. Onunla birlikdə “Mənim mehriban balam” tamaşasında oynamışam. Həmin tamaşada 6 yaşlı oğlan uşağını canlandırırdım. Yusif müəllim də bıçaq itiləyən kişi rolunu oynayırdı. O illəri heç zaman unutmaram.

 

- Sizin bioqrafiyanıza nəzər saldıqda görürük ki, yaradıcılığa travesti aktrisa (əsasən yeniyetmə oğlan və qız uşaqlarını, həmçinin kişi rollarını oynayan aktrisa ampluası - red.) kimi başlamısınız, əksər rollarınız oğlan uşaqları olub. Qadın ola-ola oğlan obrazlarını canlandırmaq necə bir hissdir?

- Həm psixoloji, həm də fiziki cəhətdən oğlan obrazı yaratmaq çox çətindir. Elə əlbisələr var ki, onu geyirsən, qadına aid olan bədən formasını gizlədirsən. Oğlanın da özünəməxsus xüsusiyyətləri var - oturuşu, duruşu, danışığı... Onların hamısına xüsusi fikir verirdim. O zaman evimizdə qardaşımın balaca oğlu vardı, eyni zamanda qonşumuzda Gursel adlı oğlan yaşayırdı. İndi o, Yaponiyada Azərbaycanın səfiridir. Mən onu çox müşahidə edirdim. O, çox qəribə oğlan idi. Oynadığım obrazlar ona çox bənzəyirdi.

 

- Görkəminiz, boyunuz istədiyiniz rolu canlandırmaqda sizə mane olubmu?

- Məgər həyatda balacaboy qadın, ana yoxdur? Mənim fakturam elədir ki, gərək məni nəzərə alıb əsər yazılsın. Mənim üçün heç bir obrazı oynamaq problem deyil. Bir müddət İlham Namiq Kamalın Miniatür Teatrında çalışmışam. Orada İlhamın həyat yoldaşını canlandırmışam. Tamaşaya baxanlar deyirdilər ki, sizin boyunuz səhnədə hiss olunmurdu. Boyun aktyorluğa təsiri yoxdur. Əsas odur ki, aktyor tamaşaçıları inandırmağı bacarsın. Rusiyada o qədər məşhur, balacaboy aktrisalar var ki! Bu barədə gərək rejissorlar fikirləşib nəsə tapsınlar. Bizim ömrümüzə az qalıb - ya səhnədə, ya həyatda. Mənim 65 yaşım var. Bəlkə sabah həyatdan köçüb gedəcəm. Rejissorlar fikirləşməlidirlər ki, elə tamaşa hazırlayaq, bu aktyor yadda qalsın. Hərçənd ki, mənim canlandırdığım rollar tamaşaçıların yaddaşında qalır. Məndə o barədə kompleks yoxdur. Mən Azərbaycanda yeganə balacaboy aktrisayam, başqa ikinci belə aktrisa yoxdur.

 

- Bu gün bizim uşaq qəhrəmanlarımız çox azdır, həm teatrda, həm də kinoda. Sizcə, bu nə ilə bağlıdır?

- Əvvəllər dramaturqlar çalışırdılar ki, uşaq pyesləri yazsınlar. Bir vaxtlar teatrımıza həddən ziyadə uşaq əsərləri gətirirdilər. O qədər əsər gəlirdi ki, seçirdilər, çoxunu götürmürdülər. İndi çox təəssüflənirəm ki, uşaqlar üçün heç nə yazmırlar. Uşaqlar bizim gələcəyimizdir. Onlar üçün pyeslər yazılmalıdır. Elə pyeslər ki, uşaqlar ondan nəsə öyrənsinlər.

 

- Aktyorun ürəyində oynamaq istədiyi rolun nisgili olur. Sizin necə, belə bir arzunuz varmı?

- Mən bu illər ərzində çox obrazlar canlandırmışam. Hər kəsin ürəyində bir nisgili, istəyi olur. Hər yaşın öz gözəlliyi var. Əvvəllər çox istəyərdim ki, Qaraca qızı oynayım, onu da canlandırdım. İsgəndər Coşqunun “Ana laylası”nda Bahar obrazını çox oynamaq istəyirdim. Yazıçı Baharı məni nəzərdə tutub yazmışdı. Rejissor bu obrazı Xuraman Hacıyevaya verdi. Orada 12-13 yaşında balaca qız olmalıydı. Xuraman xanım böyük qız idi. Ömrümdə birinci dəfə rejissordan rol istədim. Rejissorumuz Ağakişi Kazımov o obrazı mənə verdi. Tamaşa çox uğurlu alındı. Ramiz Mirişli mənim üçün orijinal bir musiqi yazmışdı. O mahnını Zeynəb Xanlarovadan tutmuş, hamı oxumağa başladı. Xuraman xanımla da bizim münasibətimiz korlanmadı. Mənim səsimlə çox aktrisalar o tamaşanı oynayıblar.

Çox istəyirdim Balaca şahzadə obrazını canlandırım. Ancaq olmadı. İndi isə dramatik obrazlar oynamaq istəyirəm, yaşıma uyğun olan bir obraz. Bu yaxınlarda aktyorlarımızdan biri tərcümə etdiyi ikinəfərlik maraqlı bir əsəri mənə verdi, rollardan birini oynamağı təklif etdi. Mən böyük məmnuniyyətlə razılaşdım. Zamanı gəlsin, inşallah görəcəksiniz.

 

- Sizcə, xoşbəxt aktrisa xoşbəxt qadındırmı?

- Xoşbəxt aktrisa o zaman xoşbəxt qadın olur ki, həm teatrda fəaliyyəti, həm də şəxsi həyatı yaxşı alınır. Hər zaman deyirəm ki, aktrisanın gərək mütləq ailəsi olsun, o, özünə arxa-dayaq hiss etsin. Mən heç vaxt ailəmi sənətimə qurban vermərəm. Çünki mənim yoldaşım mənim üçün dayaq idi, mənə kömək edirdi. Həyat yoldaşım deyirdi ki, mən bilirəm, sənin ürəyinin bir parası teatr, digər parası mənəm. Nə onsuz yaşaya bilirsən, nə də mənsiz. Bir çox hallarda sənətdə xoşbəxt olanın ailədə xoşbəxtliyi olmur, ya da əksinə. Eləsi var, ailəsi var, sənəti yoxdur, eləsi var sənəti var, ailəsi yoxdur.

 

- Sizin hər ikisində də bəxtiniz gətirib...

- Ailəm üçün heç nəyi güzəştə getməmişəm. Çünki ailə mənim üçün hər şeydən öndə olub. 11 yaşımdan dublyajda işləsəm də, ailə qurduqdan sonra dublyaja getmədim. Uşaqlarım balaca idi, ona görə gedə bilmirdim. Cəmi bir dəfə getmişəm, onda da «Fəryad» filmində səs tapa bilmirdilər ki, tamamən Ceyhunun səsinə bənzər olsun. Yoldaşım Ceyhun Mirzəyevlə dost olduğu üçün mənə icazə verdi. Heç kim bilmir ki, filmdə Ceyhunun səsi deyil, mənim səsimdi.

 

- Sizin həm də teatral ailəniz var. Mərhum həyat yoldaşınız Vaqif Mustafayev teatr rəssamı olub. Oğlanlarınız Mustafa və Tural teatr aləmində artıq tanınmış isimlərdir...

- Oğlanlarımın ikisi də səhnə arxasında böyüyüblər. Onlar səhnə arxasında oturublar, tamaşa qurtarandan sonra evə aparmışam. Uşaqlar körpə olanda teatrın rus qapıçısı var idi, uşaqların çayını, suyunu ayrı-ayrı butulkalara töküb onun yanında qoyurdum. Uşaqlar ağlayanda qapıçı bir-bir onları uşaqlara verirdi. Tamaşadan çıxıb görürdüm ki, uşaqlar da, qapıçı da yatıblar. Mən uşaqlarımı belə böyütmüşəm. Mənim üçün sual qoyulsaydı “ya ailə, ya sənət”, mən ailəmi seçərdim. Ailə müqəddəsdir, ailəmi çox sevirəm. Mən xoşbəxt anayam. Böyük oğlum Mustafa atasının yolu ilə getdi - bildiyiniz kimi, teatr rəssamıdır, Tural isə rejissordur. O, həkim olmaq istəyirdi. Vaqif İbrahimoğlu ilə həm qonşu, həm də ailəvi dost idik. Oğlum onunla çox ünsiyyətdə olurdu. Turalın xəmiri teatrda yoğuruldu, Vaqif müəllimdən də çox şey öyrəndi. O, üç il tibb texnikumunda oxusa da, sonra incəsənətə getdi. Mən istəmirdim, o, rejissor olsun. Çünki bu çox çətin sənətdir, ağır, əzablı yolları var.

 

- Bəzən aktyorlar rol bölgüsünə görə rejissorların ədalətsizliyindən şikayətlənirlər. Bu baxımdan, illərin aktrisası kimi oğlunuz Turala hansı məsləhətləri verirsiniz?

- Rejissor əsəri oxuyanda mütləq şəkildə aktyorları görür. Tural Lənkəran Dram Teatrında baş rejissor vəzifəsində işləyir. Mən heç vaxt onun işinə müdaxilə etmirəm. Ona deyə bilmərəm ki, bu obrazı filankəsə ver. O, əsəri oxuyanda onu kimin daha yaxşı canlandıracağını görür. Peşəkar insan kimi daha çox mən onlara qulaq asıram. Əvvəllər deyirdilər ki, bu uşaqlar Almazın, Vaqifin oğludur. İndi isə söyləyirlər ki, bu, Turalın, Mustafanın anasıdır. Mənim birinci teatrşünasım, tənqidçim Turalla Mustafadır. Tural mənə deyir ki, bu obrazı belə oyna və ya filan obrazı canlandırarkən yavaş danış. Mən yox, o, daha çox mənim sənətimə diktə edir. O, çox gəzir və çoxlu məşhur aktyorları görüb. Mən qulaq asmağı bacarıram. Kənardan baxan məni daha yaxşı görür. Düşünürəm ki, bəlkə mən obrazı canlandırarkən hissə qapılıram, onu duymuram.

 

- Almaz xanım, bugünkü yaşlı nəsil aktyorlara münasibət necədir?

- Bizim kollektivimiz tamam başqadır, heç bir teatrın kollektivinə bənzəmir. Burada hamı bir ailədir. Bizdə yaşlı nəslə çox böyük hörmət-izzət var. Amma biz çox az qalmışıq. Sənət yoldaşlarımızın bəziləri təqaüdə çıxıb, bəziləri dünyasını dəyişib. Qalanlara da həm rəhbərlik, həm də kollektiv tərəfindən çox yaxşı münasibət göstərilir.

 

- Ömrünüzün 45 ilini səhnəyə vermisiniz. Bunun qarşılığını almısınızmı?

- Kollektivin mənə qarşı münasibəti həmişə yaxşı olub. Nəinki kollektiv, başqa sənət yoldaşlarım da mənə yaxşı münasibət bəsləyirlər. Hər bir insanın öz şansı var. Düzdür, sənətə gəldikdən 43 il sonra mənə Əməkdar artist adını verdilər. O zaman ki, səhnədə mənim yanımda nizə tutanların hamısı artıq ad almışdı... Bu da onların şansı idi. Mən Azərbaycan teatrının 140 illiyində bu fəxri ada layiq görüldüm. Mənim də şansım bu imiş.

 

Xəyalə Rəis,

teatrşünas

 

Mədəniyyət və Turizm Nazirliyinin “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim edilir

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 12.