“Mənim fərqli
dünyam”
Oktyabrın 17-də
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
muzey-sərgi kompleksində “Mən və mənim fərqli dünyam” adlı sərginin
açılışı oldu.
Rəssamlıq Akademiyası və “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi sərgi autizm sindromundan əziyyət çəkən insanlara dəstək məqsədi daşıyır. İctimai Birliyin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihənin məqsədi autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılması, autizmin xəstəlik deyil, bir fərqlilik olmasını vurğulamaq, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına diqqəti cəlb etməkdir.
Sərgidə nümayiş olunan müxtəlif janr və üslubda 150-yə yaxın əsərdə rəssamlar öz bacarıqlarını göstərməyə çalışıblar. Rəsmlər autizmli insanların psixoloji vəziyyətini, onların dünyanı qavramalarını, hisslərini və emosiyalarını ifadə edir. Sərgidə respublikanın tanınmış fırça ustaları ilə yanaşı, tələbə və gənc rəssamların əl işləri də sərgilənir. Bütün iştirakçı rəssamlara diplomlar təqdim edildi. Tədbirin sonunda autimzli insanlardan bəhs edən videoçarx nümayiş olundu.
Qeyd edək ki, autizm sindromu olan insanlar bir çox hallarda insan cəmiyyətdən uzaq tutulur. Amma o da bəllidir ki, autizmli insanların bəziləri qeyri-adi istedada malik olurlar. Tarixə nəzər salsaq, dünya elmində iz qoymuş dahi şəxsiyyətlərin bir çoxunun belə insanlar olduğunu görərik. Məşhur yazıçılar Frans Kafka, Vircinya Vulf, Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti Endryu Cekson, amerikalı aktrisa Deril Hanna, kinorejissor Vudi Allen, holland rəssamı Vinsent van Qoq, ingilis fiziki İsaak Nyuton və başqaları autizmdən əziyyət çəkiblər.
Fariz
Mədəniyyət.- 2014.- 22
oktyabr.- S. 9.