“Axırıncı dayanacaqekrana çıxdı

 

Oktyabrın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” bədii filminin təqdimatı keçirildi.

 

Mərasimi nazirliyin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə açaraq yeni ekran əsəri haqqında qısa məlumat verdi, yaradıcı heyəti səhnəyə dəvət etdi. “Hər yeni film bir bayram, bir tarixdir”, - deyən rejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyev çəkiliş prosesindən danışdı, filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Rejissor ssenarinin yazılma tarixçəsindən də bəhs etdi, bu məqsədlə hətta 10 günQocalar evi”ndə yaşadığını bildirdi.

Ekran əsərinin ssenari müəlliflərindən biri, yazıçı, şair İlqar Fəhmi qeyd etdi ki, “Axırıncı dayanacaqfilminin zahirən çox sadə görünən bir süjeti var: “Ssenarini işləyəndə qərara gəldik ki, bir çox fəlsəfi məqamlar açıq şəkildə verilməsin. Çalışmışıq ki, yaşanan hissləri maksimum göstərə bilək. Filmin əsas ideyası ondan ibarətdir ki, harada, hansı məkanda olmasından asılı olmayaraq, insan varsa, orada həyat davam edir, insanlar arasındakı münasibətlər dəyişmir və bir çox sadə həqiqətləri fəlsəfi yükə bükməyə ehtiyac yoxdur”.

Yaradıcı heyət filmin ərsəyə gəlməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

Sonra film nümayiş olundu. İronik-komediya janrında çəkilən ekran əsəri qocalar evinə düşmüş kapitanın həyatından bəhs edir. Pullarını itirmiş kapitan dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Çəkilişlər Bilgəh qəsəbəsindəki “Müharibə və əmək əlilləri üçün pansionatda və kinostudiyanın pavilyonunda aparılıb.

Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıqova, Tofiq Hüseynov və başqaları çəkiliblər.

 

Hər film bir imtahandır

 

Filmin yaradıcı heyətini premyera münasibətilə təbrik edib, fikirlərini öyrəndik.

Quruluşçu operator, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Kənan Məmmədov:

- Fikrət Əliyevlə ilk dəfə 1979-cu ildə “Qızıl uçurum” filmində işbirliyimiz olub. O film uğurlu oldu, mükafata da layiq görüldü. Nəhayət, ötən il biz yenidən birlikdə işləməli olduq. “Qocalar evi”ndə yaşayan insanların öz problemləri var, amma biz çalışdıq filmi nikbin çəkək. Buna baxmayaraq, əsərdə insani münasibətlər və hisslər ana xətt olaraq qalır.

 

Filmin bəstəkarı, Əməkdar incəsənət xadimi Aygün Səmədzadə:

- Ssenari mənə təqdim ediləndə sevindim. Fikrət Əliyevin filmində bəstəkar kimi çıxış etmək mənim üçün böyük uğur sayıla bilər. Böyük sənət yolu keçmiş, Azərbaycan kinosuna maraqlı filmlər bəxş edən bir rejissorla işləməkdən məmnun oldum. Kino musiqisi sahəsi özü maraqlı məsuliyyətli bir işdir. Məncə, musiqi bəyənilib. Hər kəsin zəhmətini qiymətləndirərək yeni-yeni sənət uğurları arzulayıram.

 

Kapitan obrazını yaradan Əməkdar artist Tofiq Hüseynov:

- İl yarım bundan əvvəl filmin çəkilişləri başlandı bu gün film geniş tamaşaçı auditoriyasına təqdim edilir. Filmdə çəkilməyimə görə çox məmnun oldum. Fikrət Əliyev kimi görkəmli rejissorla işləməkdən zövq aldım. Çəkilişlər zamanı gözəl yaradıcılıq atmosferi yaradılmışdı. Buna görə Mədəniyyət Turizm Nazirliyinə təşəkkürümü bildirirəm.

 

Xalq artist Arif Quliyev:

- Son zamanlar kino sahəsində böyük inkişaf hiss olunmaqdadır. Bu canlanmanı mən son dövrlərAzərbaycanfilm”in istehsalı olan filmlərin xarici kinofestivallara dəvət almasında müşahidə edirəm. Təbii ki, bu da dövlətin kinoya dəstəyi sayəsində baş verir. Çox şadam ki, Azərbaycan kinosunun növbəti premyerasında mən iştirak edirəm. Çalışdım ki, mənə həvalə olunan obrazı layiqincə canlandırım.

 

Xalq artisti Tariyel Qasımov:

- Filmdə Kazım rolundayam. Kazım cavan vaxtı sevdiyi qızla qocalar evində rastlaşır. Qəribə taleyi olan bir insandır. Obrazın öhdəsindən qədər gəldiyimi hər halda tamaşaçılar qiymətləndirəcək. İnanıram ki, film müvəffəqiyyət qazanacaq.

 

Əməkdar artist Səmayə Musayeva:

- Filmə dəvət alanda hədsiz şad oldum. İstedadlı operator Kənan Məmmədov sevimli rejissor Fikrət Əliyevin filmində hansı aktrisa çəkilmək istəməz ki. Kollektivdən razı qaldım. Elə bil onlarla neçə ildir birlikdə işləmişəm. Burada hamı mənə doğmalıq göstərdi.

Bəhram Bağırzadə:

- Düz 21 il bundan əvvəl Fikrət Əliyev məniYuxufilminə dəvət etdi. Bu mənim ilk filmim idi. İndiyədək 20-dən artıq filmdə çəkilmişəm. Sağ olsun Fikrət müəllim, məni kinoaktyor kimi tanıtdı. Hazırda Moskvada da filmə çəkilirəm. Yaradıcı heyətə təşəkkür edirəm. Ekran əsərində tanınmış aktyorlarımızla çəkilmək mənim üçün fəxrdir. Əgər, həqiqətən , qocalar evində baş həkim işləsəydim, yəqin ki, hər kəsin problemini öz problemim kimi qəbul edib həll etməyə çalışardım. Filmdə olduğu kimi.

 

* * *

Hər yeni film Azərbaycan kinosunun tarixinə yazılan yeni səhifədir. Bu səhifədə kimin hansı xətlə yazmasını hansı imzanı qoymasını isə zaman-zaman tarix özü sübut edib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 5.