“Sənətkarlıq
paytaxtı”nda ədəbiyyat axşamı
Oktyabrın 21-də
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Xırdalan şəhərindəki Heydər Əliyev
Mərkəzində “Abşeron - Azərbaycanın
sənətkarlıq paytaxtı - 2014” layihəsi çərçivəsində
ədəbiyyat axşamı keçirildi.
Millət vəkili, yazıçı-publisist Elmira Axundova, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Ramiz Məmmədzadə, yazıçı-publisist Şəhla Ağbulud, gənc şair Elşad Ərşadoğlu rayon ictimaiyyəti, ədəbiyyatsevərlərlə görüşə gəlmişdilər.
Tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Mərkəzin akt zalında keçirilən tədbirin iştirakçılarını salamlayan Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov “Sənətkarlıq paytaxtı” ili çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, ədəbiyyat axşamının da bu qəbildən növbəti tədbir olduğunu vurğuladı.
Qonaqlardan ilk olaraq çıxış edən Yazıçılar Birliyinin katibi Rəşad Məcid son illər ölkəmizin digər bölgələrində olduğu kimi, Abşeron rayonunda da böyük tikinti-quruculuq, abadlıq işlərinin aparıldığını, rayonun inkişaf etdiyini dedi. Bu münasibətlə rayon sakinlərini təbrik edən Rəşad Məcid yerlərdə əhali ilə belə yaradıcılıq görüşlərinin, səmimi ünsiyyətin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Abşeron Azərbaycanın qədim yaşayış məkanlarından biridir, zəngin el sənətkarlığı irsi var. Bu baxımdan Abşeron rayonunun 2014-cü ildə “Sənətkarlıq paytaxtı” elan olunması təsadüfi deyil.
Yazıçı-publisist Elmira Axundova çıxış edərək ölkəmizdə həyata keçirilən bir sıra layihələrdən danışdı. Bildirdi ki, digər sahələrlə yanaşı, mədəniyyət sahəsinə də xüsusi dövlət qayğısı var. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin tarixi bir epoxa olduğunu vurğulayan millət vəkili ulu öndər haqqında qələmə aldığı çoxcildli kitablar haqqında danışdı, xatirələrini bölüşdü.
Daha sonra çıxış edən tanınmış şair Ramiz Məmmədzadə, yazıçı-publisist Şəhla Ağbulud, gənc şair Elşad Ərşadoğlu yerlərdə belə tədbirlərin təşkilini yüksək qiymətləndirdilər.
Sonra meydan sözə, musiqiyə verildi. Rəşad Məcid,
Ramiz Məmmədzadə,
Elşad Ərşadoğlunun
oxuduqları şeirlər
tədbir iştirakçılarında
xoş əhval-ruhiyyə
yaratdı. Vətən, ana, zəmanə,
sevgi və gənclik haqqında olan poetik nümunələr
iştirakçılar tərəfindən
alqışlarla qarşılanırdı.
Tədbirə rəng qatan
məqamlardan biri də aşıqlar İlham Aslanbəyli və Famil Mikayılovun
şairə Zöhrə
Xəlilli ilə birgə çıxışı
oldu.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin “2010-2014-cü illər
üçün Xalq yaradıcılığı paytaxtları”
proqramına əsasən
bu il
Qəbələ rayonu
“Azərbaycanın əfsanələr
paytaxtı”, Balakən
“Folklor paytaxtı”, Abşeron rayonu isə “Sənətkarlıq
paytaxtı” elan edilib. Bundan öncə ədəbi
görüşlər sentyabrın
18-19-da Qəbələdə, sentyabrın 25-26-da Balakəndə
keçirilib.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 22
oktyabr.- S. 4.