Sözə arif Hüseyn Arif

 

O, söz sərrafı, söz sevdalısı, el dili ilə desək, həm də “sözə gəzməyən” adamlardan, şairlərdən idi. Onun nağıl-noğul əzizləmələri, şıltaq bənzətmələri, ərkyana ibarələri vasitəsilə xalqın minillik hikmətləri yenidən, bulağın gözündən axan suyun saflığıtək xalqa qovuşdu. Beləcə, xalqın şairi oldu böyük sözlü Hüseyn Arif.

 

Yatımlı dili, aydın üslubu ilə ötən əsrin poeziyasına yeni çalarlar bəxş elədi. Sözün arifi kimi adı çəkiləndə gah gözəl duyğular, sevgi etirafları, gah həsrət nisgilləri, hicran mənzərələri canlandı, gah da hər daşına, dağdan axan suyuna, bir maralın baxışına heyran təbiət təsvirləri onun şeirində qol-qanad açdı. Hüseyn Arifin mənəvi zənginliyi ilə xalqın minilliklərdən bu yana saz götürüb söz sovlayan ozan sənəti də dirçəldi.

Ürəyində hər anlamda böyük dərdlər, qaysaqlamayan yaralar gəzdirən şair şeirində doğulub, şeirində yaşayıb, elə şeirindəcə əbədiyyət qazandı. Poeziyası qüdrətdən yoğurulan şair doğumunun 90-cı ildönümündə onu sevənlər, şeirinə bələnən sevgidən rövnəqlənənlər bir məkana toplaşdılar.

Şairin sevgi ilə təsvir etdiyi küləkli, ulduzlu Bakının 20 oktyabr gecəsi Azərbaycan Dövlət Filarmoniyasında bir poeziya ehtişamı, bir şair təntənəsi, bir şeir himni səsləndi. Prezident İlham Əliyevin “Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 2 may tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə toplaşanlar öncə filarmoniyanın foyesində şairin həyat və yaradıcılığını əhatə edən kitab sərgisi ilə tanış oldular. Milli Kitabxananın hazırladığı dörd bölmədən ibarət sərgi maraqla izləndi.

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev xalqın şair obrazı kimi yaşadıb sevdiyi imzalar, simalar arasında Hüseyn Arifin də özünəməxsus yerinin olduğunu bildirdi. Gənclik illərindən poeziyanın sehrinə könül verən, İkinci Dünya müharibəsinin odlu-alovlu səngərinə atılan Hüseyn Arifin şərəfli həyat və yaradıcılıq yolu keçdiyini xatırladan Vaqif Əliyev şairin milli poeziyanın ənənələrini inkişaf etdirən bənzərsiz bir söz ustadı olduğunu vurğuladı: “Onun şeirlərində Azərbaycan dilinin qəlbi döyünür. Sadəlik, axıcılıq, nikbin həyat çalarları şairin əsərlərinə xüsusi bir təravət gətirmişdir. Şairin şeir və poemaları poeziyanın sarsılmaz qanunları əsasında yarandığına görə öz məna qüdrətini sanki bu gün yazılmış əsər kimi qoruyub saxlayır. Əgər Hüseyn Arifin mövzularını seçib ayırmalı olsaq, o zaman vətən, ana torpaq, təbiət, sevgi, övlad məhəbbəti, təmizlik və saflıq obrazlarına xüsusi nəzər salmaq lazım gələcək. Əslində bunlar ədəbiyyatın ümumi mövzularıdır. Lakin şair əsərlərində bəşəri dəyərləri heç kimə bənzəməyən bir tərzdə ifadə edib”.

Hüseyn Arif irsinin folklora, xüsusən aşıq poeziyasına qırılmaz tellərlə bağlı olduğunu diqqətə çatdıran Vaqif Əliyev onun şeirlərinin saf sulu bulaqların gözü kimi qaynar və tükənməz olduğunu dedi.

Qeyd olundu ki, ötən əsrin 40-50-ci illərindən başlayaraq coşqun bir yaradıcılıq mühitində yaşayan şair bir-birindən dəyərli yüzlərlə əsər qələmə alıb, kitabları əldən-ələ gəzib, şeirlərinə unudulmaz mahnılar bəstələnib. Özündə musiqişeiri qovuşduran aşıq məclislərini də Hüseyn Arifin qoşmaları, gəraylıları olmadan təsəvvür etmək mümkünsüzdür: “Həmişə xalqın içində olan, Azərbaycanı şəhər-şəhər, kənd-kənd gəzib-dolaşan şair ictimai həyatda da fəal idi. Müxtəlif illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində çalışmışdı. Bu gün UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil olan aşıq sənətimizin inkişafında Hüseyn Arifin xidmətləri əvəzsizdir. Aşıqlar Birliyinin yaradılması da ustad şairin adı ilə bağlıdır”.

Hüseyn Arifin, həqiqətən də, xalqın sevdiyi şair olduğunu deyən natiq onun yaşam nikbinliyindən də söz açdı: “O nə qədər kədərli də olsa, yeganə oğlunun itkisini görən, lakin bundan sarsılmayan, əksinə, böyük bir şair mərdanəliyi ilə insanın ali duyğularını ifadə edən “Arif” dastanı yaratmışdır. Əlbəttə, şairin bu adda dastanı yoxdur. Lakin o poetik sözün qüdrəti ilə Azərbaycan poeziyasında Arif adını əbədiləşdirmişdir. Dünyaya Hüseyn Hüseynzadə adı ilə gələn şair Hüseyn Arif adı ilə əbədiyyəti qazanmışdır. Bəlkə elə buna görə də Hüseyn Arifin qüdrətli poeziyası anlayanların, müdriklərin, ariflərin poeziyasıdır. Azərbaycan xalqı, Azərbaycan dili yaşadıqca Hüseyn Arifin şeirləri də var olacaqdır”.

Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub Hüseyn Arifin ölməz poeziyası haqqında fikirlərini bölüşdü. Müəllifin şeirlərindəki incə ruhdan, təbiətdən qopma təbiilikdən, xalqın ovqatının təsvir gücündən danışdı. ŞairinYolda”, “Dağ kəndi”, “Məhəbbət poeması”, “Dilqəm” və “Natəvan” poemaları, çoxsaylı şeirləri ilə milyonlarla oxucunun qəlbini fəth etdiyini dedi.

AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov şairin öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirdiyini, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirdiyini, buna görə dərin el sevgisi ilə mükafatlandırıldığını dedi. Sənətkarın lətifəyə çevrilən ifadələrinin, dillər əzbəri olan məşhur deyimlərinin bir neçəsini məclis iştirakçılarının diqqətinə çatdırdı.

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Hüseyn Arifin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığının bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxladığını dedi. Şairlə bağlı xatirələrini bölüşdü, poeziyaya gəlişində Xalq şairinin müstəsna xidmətlərindən söz açdı.

Şairin qızı Zöhrə Hüseynzadə atasının yubileyinin dövlət səviyyəsində keçirilməsinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Hüseyn Arifin sevdiyiböyük ehtiramla hər qarışını tərənnüm etməkdən doymadığı vətəninin övladları tərəfindən böyük sevgi ilə anılmasından qürurlandığını dedi.

Çıxışların ardınca şairin hər biri bir söz incisi olan şeirlərindən nümunələr səsləndirildi, sözlərinə bəstələnən mahnılar ifa olundu.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 3.