Qədim yurdun tarixi və bu günü
Naxçıvan Muxtar Respublikasının
90 illiyinə həsr olunmuş fotoalbom təqdim edildi
Oktyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında “Naxçıvan 90 il” fotoalbomunun təqdimat mərasimi keçirildi. Tədbirdə hökumət
rəsmiləri, millət
vəkilləri, ictimaiyyət
nümayəndələri iştirak
edirdi.
Fotoalbom
Prezident İlham Əliyevin “Naxçıvan
Muxtar Respublikasının
90 illik yubileyinin keçirilməsi haqqında”
14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən nəşr
olunub. Layihənin rəhbəri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, məsləhətçilər
nazirin birinci müavini Vaqif Əliyev və təhsil nazirinin müavini Firudin Qurbanovdur. Nəşrdə minilliklərdən boylanan Naxçıvanın
tarix və mədəniyyət abidələri,
turizm imkanları, müasir inkişafı, ecazkar təbiəti əksini tapıb.
Milli Kitabxananın
direktoru Kərim Tahirov mərasimi açaraq nəşrin əhəmiyyətini vurğuladı,
Naxçıvanın Azərbaycanın
dövlətçilik tarixində
yerindən, rolundan danışdı.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev fotoalbomun bu il mayın 12-də Mədəniyyət və
Turizm Nazirliyinin Bakı Biznes Mərkəzində muxtar respublikanın 90 illik yubileyi münasibətilə
təşkil etdiyi sərginin davamı olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ümummilli
lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçib: “Naxçıvanın bugünkü
inkişaf səviyyəsinə
çatması ulu öndərin adı ilə bağlıdır.
O, hakimiyyətdə olduğu
bütün dövrlərdə
Naxçıvana böyük
diqqət göstərib.
Hazırda bu siyasət
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlət
başçısı muxtar
respublikaya hər səfəri zamanı orada aparılan genişmiqyaslı quruculuq,
abadlıq işləri
ilə tanış
olur, infrastruktur obyektlərinin açılışında
iştirak edir. Aparılan bu işlər Naxçıvanın nüfuzunun
dünyada, eləcə
də İslam aləmində artmasına
səbəb olub.
Naxçıvan şəhəri 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı”
kimi böyük bir missiyanı yerinə yetirəcək.
Qədim
diyar möhtəşəm
tədbirlərin keçirildiyi
məkana çevriləcək”.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri
Bəxtiyar Əsgərov
bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına
əsasən keçirilən
silsilə yubiley tədbirləri qədim yurdumuzun tarixinin öyrənilməsi, müasir
inkişafının təbliği
baxımından mühüm
əhəmiyyət daşıyır. “Naxçıvan 90 il” fotoalbomu da bu
yubileyə böyük
töhfədir.
Təhsil nazirinin müavini Firudin Qurbanov muxtar respublikanın keşməkeşli tarixindən
və sosial-iqtisadi inkişafından danışdı. Son illərdə Naxçıvanda
təhsil sahəsinə
göstərilən diqqət
və qayğını
yüksək qiymətləndirdi.
Muxtar respublikada 200-dən
çox məktəbin,
məktəbəqədər tərbiyə müəssisənin
tikildiyini və ya əsaslı təmir olunduğunu diqqətə çatdıran
Firudin Qurbanov fotoalbomda bu inkişafın da əksini tapdığını
dedi.
AMEA-nın vitse-prezidenti, millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, sovet
tarixşünaslığında Naxçıvanın 3500 illik
tarixindən söz açılırdı. Ancaq
son illər tarixçilərimizin
apardığı araşdırmalar,
aşkar olunan maddi mədəniyyət nümunələri Naxçıvanda
şəhərsalma mədəniyyətinin
5 min ildən artıq
yaşının olduğunu
deməyə əsas verir: “Hazırda AMEA-nın Naxçıvan Bölməsi tərəfindən
1200-dən çox tarixi
abidə qeydə alınıb ki, onlardan da 100-ü dünya əhəmiyyətlidir.
Oxucular yeni nəşrdə bu qədim diyarla
bağlı zəngin
məlumatlar əldə
edəcəklər”.
Millət vəkili, yazıçı-publisist
Elmira Axundova nəşrin
əhəmiyyətini vurğulayaraq
belə çap məhsullarının xarici
dillərə tərcümə
olunaraq müxtəlif
ölkələrdəki səfirliklərimizə
göndərilməsinin faydalı
olacağını bildirdi.
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli liderin hakimiyyətə qayıdışında
sonra ölkəmizdə
həyata keçirilən
mühüm layihələrdən
söz açdı. Ulu öndərin
siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin Azərbaycana, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına göstərdiyi
diqqət və qayğıdan bəhs etdi. Qeyd olundu ki, dövlət başçısının
bu diqqət və qayğısı sayəsində muxtar respublika 2003-cü ildən
sonra özünün
yeni inkişaf dövrünü yaşayır.
Sonda tədbir iştirakçıları
“Naxçıvan Muxtar
Respublikası - 90” adlı
kitab sərgisi ilə tanış
oldular.
Fariz Yunisli
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 8.