Alman turistlər üçün
“Simens izləri”
Xəbər verdiyimiz kimi, bu il məşhur alman iş adamları - Simens qardaşlarını
Azərbaycanda fəaliyyətə
başlamasının 150 ili
tamam olur. 1864-cü ildə Gədəbəy rayonunda mis mədəninin əsasını qoyan, daha sonra Daşkəsən
rayonu ərazisində
kobalt hasilatına başlayan Simenslər paytaxt Bakıda da iz qoyublar.
1901-ci ildə Bibiheybətdə,
bir il
sonra Sabunçuda elektrik stansiyalarını
istifadəyə veriblər.
Azərbaycanda Simenslərin və
ümumilikdə alman icmasının tarixi izlərinin öyrənilməsi,
tanıdılması, turizm
məhsulu kimi təbliği istiqamətində
bir çox işlər görülür.
Bu günlərdə Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm şirkətləri və
media nümayəndələri üçün Gədəbəy
rayonuna infoturun keçirilməsi də bu məqsədi daşıyırdı.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə
görə, Azərbaycanda
alman irsi təkcə Simenslərlə
bağlı deyil: «Alman koloniyaları XIX əsrin birinci yarısında ölkəmizin
qərb bölgəsində
məskunlaşıblar. 1860-cı
illərdə Siemenslər
bölgəyə gəlib.
Onların gəlişi ilə
Azərbaycanda mədən
sənayenin inkişafı
yeni mərhələyə
qədəm qoyub.
Alman irsinin mədən sənayesinin inkişafı baxımından
maraqlı tarixi var. Bu
irs Almaniya
və digər Avropa ölkələrindən
turistlərin Azərbaycana
cəlb edilməsi baxımdan da əhəmiyyətlidir. Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə
xüsusi önəm verir. «Azərbaycanda
alman məskənləri»
mədəni turizm marşrutunu yaratmışıq.
Mədəniyyət və Turizm
Nazirliyi 2001-ci ildən
Berilində keçirilən
«İTB» sərgisində mütəmadi
olaraq iştirak edir. Hər il Azərbaycanda
alman izlərini və ölkənin turizm potensialını əks etdirən alman dilində hazırlanmış reklam-çap
məhsulları burada
ziyarətçilərə təqdim edilir».
Qeyd edək ki, hazırda
nazirlik tərəfindən
Göygöl (keçmiş
Helenendorf) şəhərində
alman tarixi muzeyinin yaradılması istiqamətində də iş aparılır.
Azərbaycan Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzi
də bu istiqamətdə layihə
həyata keçirib. ATİ-nin
prorektoru, adıçəkilən
layihənin müəlliflərindən
biri Eldar Aslanovun sözlərinə
görə, 2010-cu ildə
Almaniyanın Beynəlxalq
Əməkdaşlıq Təşkilatı
və Yade Tətbiqi Elmlər Unversiteti ilə birlikdə yaradılan tədqiqat qrupu Azərbaycanda alman izləri ilə bağlı xeyli məlumat toplayıb: “Layihə çərçivəsində
Azərbaycanda ilk dəfə
olaraq tarixi memarlıq abidələrinin
CPS koordinatlarını müəyyənləşdirdik.
Şəmkir, Göygöl, Gədəbəy,
Daşkəsən, Tovuz,
Qazax və Ağstafa rayonlarında olan Simens qardaşlarının
və alman koloniyasının yaratdığı
irsin bir növ inventarlaşdırılmasını
apardıq. Göygöl rayonunda tədqiqatlarımız
daha da dərinləşdi.
Çünki bu rayonda almanlar uzun müddət yaşayıblar və zəngin irs
miras qoyublar. Sonra qərara gəldik ki, Gədəbəy rayonu üzrə bir marşrut yaradılsın və bölgəyə infotur təşkil edildi».
Həmsöhbətimiz bildirdi ki, vaxtilə Siemenslər Gədəbəy rayonunda dağ-mədən sənayesi kompleksi, Avropa arxitekturasına malik şəhərcik inşa etməklə yanaşı, o dövr üçün mükəmməl yay və qış turizm infrastrukturu da yaradıblar. Vaxtilə burada hətta buz meydançası mövcud olub. Gədəbəydə Simenslərin izlərinin biri də burada yaradılan teatr zalı olub. Bakıdan gedən teatr truppaları orada müxtəlif tamaşalar oynayıblar.
Eldar Aslanov bildirdi ki, layihə çərçivəsində Almaniyadan gələn ekspertlər almanların tərəfindən inşa edilmiş körpülərin, digər tikililərin bərpa olunması, onların turizm məqsədləri üçün istifadəsi ilə bağlı tövsiyələrini veriblər.
Həmsöhbətim Azərbaycanda Simenslərin 150 illiyinin qeyd olunmasının əhəmiyyətini də vurğuladı: “Bu tədbirlərin keçirilməsi müsbət haldır. O zaman layihənin davamı üçün «Siemens» şirkəti ilə danışıqlar apardıq, amma lazımi diqqəti ala bilmədik. İndi sevindirici haldır ki, Azərbaycan hökuməti bu məsələyə diqqət yetirir, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbirlər keçirilir. Məncə, bu tip rəngarəngliklər Azərbaycanın həm tolerantlığını, multikulturalist bir cəmiyyətə malik olduğunu göstərmək baxımından gözəl nümunələrdir».
F.Abdullayeva
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 7.