“Çağlar zaman-zaman Hüseyn Arif...”
Ağstafada yubiley tədbiri
Bu gün
respublikamızda həyatın
bütün sahələrində
olduğu kimi, mədəniyyət, incəsənət
və ədəbiyyata
da dövlət qayğısı göstərilir. Bu diqqət-qayğı
Ağstafa rayonunda da özünü göstərir.
Rayonda Gənclər Mərkəzi,
“Kitab” abidə kompleksi, “Yazıçılar
evi” inşa edilmiş, Səməd Vurğun, tarixi və müasir abidələr parkları salınmışdır. Prezident
İlham Əliyevin
2014-cü il 30 iyun tarixində Xalq şairi Hüseyn Arifin adını daşıyan Ağstafa şəhər 7 illik uşaq musiqi məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət
evinin əsaslı təmiri məqsədilə
imzaladığı sərəncam
da bu qayğı
və diqqətin əyani təzahürüdür.
Rayonda mütəmadi
olaraq görkəmli mədəniyyət xadimlərinin
yubileyləri, xatirə
gecələri, şair
və yazıçıların
əsərlərinin təqdimat
mərasimləri keçirilir. Ağstafanın görkəmli simalarından
biri də Xalq şairi Hüseyn Arif (1924-1992) olmuşdur. Bu günlərdə
Ağstafa şəhər
Səməd Vurğun
adına mədəniyyət
və istirahət parkında yerləşən
“Yazıçılar evi”ndə
şairin 90 illiyi münasibətilə yubiley
tədbiri keçirilmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin
başçısı Məhərrəm
Quliyev açaraq bildirdi ki, ölkə
Prezidenti İlham Əliyevin 2 may 2014-cü il tarixli “Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında”
sərəncamı şairin
xatirəsinə böyük
ehtiramın bariz nümunəsidir. Qeyd etdi
ki, Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər
meydana gətirmiş və milli ədəbiyyata
töhfələr vermişdir.
Tədbirin aparıcısı - Heydər Əliyev Muzey-Mərkəzinin direktor
əvəzi Layiq Qələndərov şairin
həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verdi.
Azərbaycan Yazıçılar Birliyi
Qazax filialının sədri Barat Vüsal qeyd etdi ki,
Hüseyn Arif təbiəti bu qədər sevdiyi üçün onu çox qayğıkeşliklə
qorumağa çağırırdı. Şairin fikrincə,
təbiət ona zülm edənlərdən
öc alır, bunun aqibəti acı olur. Şairin bu ruhda düşüncələri
bu gün ekoloji tərbiyə üçün nə qədər ibrətamizdir.
Xalq artisti Tariyel Qasımovun sözlərinə görə,
Hüseyn Arifin yaradıcılığının əzəli qaynaqlarından
biri təbiət idi. Doğma Azərbaycan təbiətinin
möhtəşəm gözəlliyinə
vurğunluq onun poeziyasında çeşidli
bədii təcəssümünü
tapmışdır.
Ədibin
yaradıcılığını ətraflı təhlil edən şair Ağacəfər Həsənli
qeyd etdi ki, ana torpağın
şeriyyət dolu aləmini şair öz poetik taleyi kimi anladır:
Deyirlər: arabir şeirimin
səsi
Çəməni, çiçəyi gətirir
yada.
Deyirlər: vaxt olur könül nəğməsi
Tufanı, şimşəyi gətirir
yada.
Şair Cığatel İsaqızı
şairin təbiət
lövhələrinə həsr
etdiyi şeirləri barədə danışdı.
Mədəniyyət evinin əməkdaşı
Vaqif Mehdiyev şairin “Yaş altmışdır” adlı
lirik şeirini xüsusi şövqlə
söylədi.
Hüseyn Arif şairliklə yanaşı, Azərbaycan
Aşıqlar Birliyinin
rəhbəri kimi də səmərəli fəaliyyət göstərmişdir. Dədə
Qorqud yadigarı ulu sənətin oyanışı həm də onun adı
ilə bağlıdır:
Çox
verib imtahan Hüseyn Arif,
Çağlar zaman-zaman Hüseyn
Arif,
Getməz
qulaqlardan Hüseyn Arif,
Son aşıq sazını çalana qədər...
Ədəbi-bədii gecədə Ağstafa şəhər
Hüseyn Arif adına 7 illik
musiqi məktəbin ansamblının müşayiəti
ilə xanəndələr
şairin sözlərinə
bəstələnmiş şux
mahnılar ifa etdilər.
Əli Cəfəroğlu,
Prezident təqaüdçüsü, yazıçı, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 6.