“Puşkindən ruhlananlar

 

Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Puşkindən ruhlananlar” adlı uşaq rəsmləri müsabiqəsinə yekun vurulub.

 

Müsabiqə oktyabrda qeyd olunanTsarskoe selo liseyi günü”nə həsr edilib. Böyük rus şairi Aleksandr Puşkin əsası 1811-ci ildə qoyulan bu elit təhsil ocağının ilk yetirmələrindən biri və ən məşhur məzunu olub.

RİMM-in sərgi salonunda müsabiqəyə təqdim edilən əsərlər nümayiş etdirilib. Qonaqlar Bakı şəhəri 23 nömrəli məktəbin şagirdlərinin A.Puşkinin əsərlərinin motivləri əsasında hazırladığı ədəbi-musiqili kompozisiyanı maraqla qarşılayıblar. A.Puşkinin şeirləri səslənib, o dövrün musiqi əsərləri və rəqsləri ifa olunub.

Rossotrudniçestvoagentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksey Konnov qaliblərə və laureatlara diplom və hədiyyələr təqdim edib. 23 nömrəli məktəbin müəllimi, ədəbi-musiqili kompozisiyanın ssenari müəllifi Gülnarə Abdullayevaya RİMM-in tədbirlərində fəal iştirak etdiyinə görə təşəkkür məktubu təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 6.