Türkiyədə “İsmayıl Qaspralı ili

 

Yubiley tədbirlərinə Bartın ev sahibliyi edir

 

Bu il türk dünyasının böyük düşüncə sahiblərindən biri İsmayıl Qaspralının (1851-1914) vəfatının 100 ili tamam olur. Türkiyənin təklifi əsasında 2014-cü il UNESCO tərəfindən “İsmayıl Qaspralı ilielan olunub. Bununla bağlı Türkiyənin müxtəlif yerlərində, eləcə də müxtəlif türkdilli diyarlarda tədbirlər keçirilir. “İsmayıl Qaspralı ilinin əsas tədbirlərindən biri oktyabrın 30-dan noyabrın 1-dək Türkiyənin Bartın şəhərində gerçəkləşəcək. Bartın Jurnalistlər Cəmiyyəti və Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyi tərəfindən Türkiyənin UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə təşkil edilən beynəlxalq konfransa və “İsmayıl Qaspralı bəy: qəzetçilik və insan haqları mükafatları”nın təqdimat mərasiminə çoxsaylı qonaqlar, o cümlədən Azərbaycandan nümayəndə heyəti dəvət olunub.

Konfrans Bartın Universitetində, mükafatların təqdimat mərasimi isə Bartın Mədəniyyət Mərkəzində gerçəkləşəcək. Tədbir çərçivəsində müxtəlif nominasiyalarda İsmayıl Qaspralı mükafatları təqdim olunacaq. Təltif ediləcək qonaqlar arasında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğlu (“İnsan haqları özəl şərəf mükafatı”), Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva (“İnsan haqları mükafatı”) da var. Qeyd edək ki, tədbirə dəstək verən qurumlardan biri də Azərbaycan Yazıçılar Birliyidir.

Krımda dünyaya gələn, Rusiya imperiyasında türk və müsəlman toplumlarının təhsil, mədəniyyət islahatı və müasirləşmə mücadiləsinə töhfələr verən böyük ziyalı İsmayıl Qaspralı tədbirdə bir daha xatırlanacaq. Layihənin təməli Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin rəhbəri Güngör Yavuzaslanın 2012-ci ilin oktyabr ayında Krıma səfəri zamanı qoyulub.

Tədbirdə Şimali Kipr, Krım, İraq, Suriyabaşqa yerlərdən qonaqlar iştirak edəcəklər. Konfrans çərçivəsində “İsmayıl Qaspralının həyat və fəaliyyəti”, “Qaspralı və Anadolu”, “Dildə, fikirdə, işdə birlik”, “Türk dünyası və Qaspralı”, “Yeni mediada Qaspralı qavrayışı”, “Türk dünyası - Yeni mediamövzusunda sessiyaların da keçirilməsi nəzərdə tutulub.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 6.