Bakıda caz bayramı başa
çatır
Mədəniyyət
və Turizm Nazirliyinin
və Azərbaycan Mədəniyyət Fondunun
birgə təşkilatçılığı ilə
oktyabrın 19-da start götürən ənənəvi
Bakı caz festivalı yekunlaşmaq
üzrədir. Festival günlərində
caz musiqisi həvəskarlarına
zəngin təəssürat yaşadan
konsertlər təqdim olunub.
Oktyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hindistanlı cazmen Trilok Gurtu və qrupu konsert proqramı ilə çıxış etdi. Konsertdən əvvəl çıxış edən aparıcı Rahib Azəri kollektiv barədə tamaşaçılara məlumat verdi. Bildirildi ki, ötən əsrin 80-ci illərində zərb alətləri ifaçısı, bəstəkar Trilok Gurtunun rəhbərliyi ilə yaranan trio bu günə kimi öz fəaliyyətini davam etdirir. Qrupun ifasında incə Hindistan ritmləri, müasir caz və rok elementləri tamaşaçını hər zaman valeh edib. Bu günə kimi qrup Amerika və Avropada 40-dan çox qastrol səfərində olub, bir çox beynəlxalq caz festivallarında iştirak edib.
Sonra qrup səhnəyə çıxaraq bir-birindən maraqlı ifalarını təqdim etdi. Zərif Asiya ritmləri və eyni zamanda geniş kompozisiya ilə auditoriyanı ələ alan qrup cazsevərlərə unudulmaz anlar yaşatdı.
Konserti izləyənlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, tanınmış musiqiçi və incəsənət xadimləri vardı.
Oktyabrın 28-də Heydər Əliyev Sarayında festivalın daha bir konserti təqdim olunub. Gecədə amerikalı cazmen Stenli Klark (Stanley Clarke) çıxış edib.
Festival oktyabrın 30-da başa çatacaq. Həmin gün Dövlət Mahnı Teatrında “Cəngi” caz qrupu, Bakı Caz Mərkəzində isə Arslan Növrəsli və qrupu çıxış edəcək.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 29
oktyabr.- S. 2.