Almaniyada Azərbaycan mədəniyyəti günləri

 

Hannover şəhərində konsert və sərgi

 

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərindəki Konqres Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

Konsertdən öncə çıxış edən səfir Pərviz Şahbazov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunan silsilə tədbirlərdən söz açıb.

Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə milliklassik musiqilər səsləndirilib.

Qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunub. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Tədbir iştirakçıları “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsi qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə də tanış olublar.

 

Mədəniyyət.- 2014.- 31 oktyabr.- S. 16.