Rusiya səfirliyində “Yeni adlar”ın təqaüdçülərinin
konserti
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə oktyabrın 22-dən 24-dək Bakıda səfərdə olan Rusiyanın “Yeni adlar” İctimai Fondun nümayəndələri uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçib, gənc istedadların ifalarını dinləyiblər.
Rusiyanın Azərbaycandakı səfirliyində “Yeni adlar” fondu təqaüdçülərinin ifasında klassik musiqi konserti olub. Tədbirdə Bakıdakı 27, 91, 132/134, 160 nömrəli orta məktəblərin yuxarı sinif şagirdləri və müəllimləri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi nəzdində “Sozvezdiye” gənclər klubunun üzvləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, səfirliyin və “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyinin əməkdaşları, jurnalistlər iştirak edib.
Fondun təqaüdçüləri - F.Şopen adına Moskva Dövlət Musiqi İfaçılığı Kolleci nəzdində uşaq musiqi məktəbinin şagirdi Dmitri Bereznyak (fortepiano) və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində mərkəzi musiqi məktəbinin (kollecinin) şagirdi Mariya Urıbina (fleyta) C.Rossini, F.Şopen, V.Tsıbin, D.Fore və C.Riççaldinin əsərlərini ifa ediblər.
Fondun nümayəndə heyəti tərəfindən Bakıda keçirilən ustad dərsləri zamanı seçilmiş gənc istedadlar Zərin Əliyeva (skripka) və Urxan Hüseynov (violonçel) da öz ustalıqlarını nümayiş etdiriblər.
Tamaşaçılar gənc musiqiçilərin peşəkarlığını yüksək qiymətləndiriblər. Konsert başa çatandan sonra onlara hədiyyələr təqdim edilib.
İ.N.Voronova adına “Yeni adlar” regionlararası ictimai xeyriyyə fondu
1989-cu ildə yaradılıb. Fondun prezidenti məşhur pianoçu, Rusiyanın Xalq
artisti Denis Matsuyevdir. 25 illik fəaliyyəti
dövründə fond Rusiyanın və xarici ölkələrin minlərlə
istedadlı gəncinin incəsənətin müxtəlif sahələrində
öz qabiliyyətlərini
reallaşdırmasına kömək edib.
Mədəniyyət.- 2014.- 31
oktyabr.- S. 13.