Qardaş xalqların ədəbiyyat
tarixindən: Məcid Qafuri
Ötən yüzilliyin əvvəllərində çarizmin müstəmləkəçilik
siyasətinə qarşı xalq
etirazlarında ziyalılar, ədəbiyyat və sənət
adamları mühüm rol
oynamışlar. Başqırd xalqının da
sosial ədalət və bərabərlik
naminə mübarizəsində öndə gedən nümayəndələrindən
biri yazıçı,
Başqırdıstanın Xalq şairi Məcid Qafuri olub.
Məcid Nurqəni oğlu Qafuri 1880-ci il avqust ayının 1-də Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində dünyaya göz açıb. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir.
Ancaq tale gənc Məcidin üzünə gülmür. Əvvəl atası, az sonra isə anası dünyasını dəyişir. Bu itkilərdən sarsılsa da, təhsilindən ayrılmır. 1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. Folklorşünas, publisist Əli Şamil Məcid Qafuri ilə bağlı araşdırmasında yazır ki, o, mədrəsədə oxuya-oxuya qızıl mədənlərində işə düzəlir. Eyni zamanda Troitskdə zəngin tatar və başqırd ailələrinin, eləcə də yay tətilləri günlərində köçəri qazaxların uşaqlarına dərs deyir. Həm də bədii yaradıcılıqla məşğul olur. İlk qələm təcrübəsi olan “İşanın şagirdlərinə” adlı şeirini də 1902-ci ildə burada yazır.
Qəribliyin və ehtiyacın doğurduğu
ağrı-acılar Məcidin yaradıcılığına
təsirsiz ötüşmür. “Dilənçiliklə
keçən ömür” adlı ilk hekayəsini yazır. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum
Nəsirovla, başqırd yazıçısı Məhəmməd
Səlim Umudbayev və Abdulla
Tukayla tanış olur.
Lakin o, burada da çox qala
bilmir. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə”
mədrəsəsində təhsilini
davam etdirir. Burada “Sibir dəmir yolu və ya
millətin vəziyyəti”,
“Dilənçiliklə keçən
ömür” adlı kitablarını çap etdirir. Eyni zamanda didaktik
şeirlər yazır.
1905-1907-ci illərdə Rusiyada yaranmış qarışıqlıqdan vəcdə
gəlir. Hökumətin yeritdiyi siyasəti kəskin tənqid edir. Şair “Zamanı gəldi”, “İki quş”, “Müstəqilliyin əhəmiyyəti”,
“Dəyişim”, “Qıtlıq
ili və ya satılan qız” hekayəsində kəskin və üsyançı fikirlər
irəli sürür.
Hökumət tətilləri yatırdıqdan
sonra inqilab əhval-ruhiyyəsi təbliğ
edənləri cəzalandırmağa
başlayır. Məcid də məhkəməyə
cəlb olunur. “Gənc ömrüm”,
“Millətə sevgim” şeir kitabları, “Yetim uşaqlar” adlı hekayə kitabı müsadirə edilir. O, vəziyyətin
ciddiləşdiyini, onu
həbs edəcəklərini
gördükdə tatar
şairi Mirayaz Uqmasi ilə birlikdə polis nəzarətindən
yayınaraq qazax çöllərinə yollanır.
Bir müddət köçəri
heyvandarlar arasında gizlənirlər.
Məcid
Qafuri ara
sakitləşdikdən sonra
yenidən Ufaya dönür və təhsilini davam etdirir. Bu zaman
artıq o, xalq arasında tanınır, şeir və hekayələri oxucular tərəfindən rəğbətlə
qarşılanırdı. Bunun bir səbəbi əsərlərindəki üsyankar
ruh idisə, digər bir səbəbi də sadə başqırdların
anlaya biləcəyi bir dildə yazması idi. O, “Şərq” mətbəəsində
düzəltmən (korrektor)
işində çalışır.
Təqiblər isə
ara vermir.
Şair millətini azad və xoşbəxt görmək istəyir.
İstəyir ki, hamı onun kimi üsyankar,
əsaslı dəyişikliklər
və inqilab yolunu tutsun. 1917-ci ilin oktyabrında
baş verən silahlı çevrilişi
böyük ruh yüksəkliyi ilə qarşılayır. Sosializm quruculuğuna
həsr etdiyi şeirləri ilə sovetlərin coşqun tərənnümçüsünə çevrilir. Ona Başqırdıstanın
Xalq şairi adı verilir.
1924-cü ildə tatarca
nəşr olunan “Yeni kənd” qəzetində işə
düzəlir. Böyük ruh yüksəkliyi
ilə yazıb-yaradır.
“Qızıl ulduz” dramını qələmə alır.
“İşçi” poemasının əsasında
tamaşa hazırlanır.
Əsər Kazanda Tatar Akademik
Teatrında uğurla səhnəyə qoyulur.
Məcid
Qafuri bir çox başqırd xalq qəhrəmanlıq dastanlarını, nağılları
və digər folklor nümunələrini
toplayır.
Başqırd xalqının gələcəyindən
nigaran olan şairin vətənpərvər
qəlbi 1934-cü il oktyabrın 28-də
dayanır. Ömrünün son illərini yaşadığı
mənzili muzeyə çevrilir. Başqırdıstanda
bir çox elm və mədəniyyət
mərkəzinə, o cümlədən,
Rusiya Elmlər Akademiyası Ufa filialının
Dil, Ədəbiyyat və Tarix İnstitutuna,
doğulub böyüdüyü
rayona ədibin adı verilir.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 31
oktyabr.- S. 11.