Ləyaqətin ölüm
marşı
Və ya
“Silindr”in namus dərsi
Onun barəsində hər kəsin
dil dişlədən qorxusu, dodaq çatladan xatirə-mülahizəsi
var. İnsanı özündən çıxarıb,
başqa bir varlığa çevirən bu adın
yaşantıları dəhşət
saçdığından adam sapır. Yəni
istənilən halda insan onun - müharibənin dəhşətində
özü ola bilmir. Hansı xalqa, irqə,
millətə, cinsə mənsub olmasından asılı
olmayaraq, müharibə və onun gətirdiyi bəlalar hər
kəsin yaşamının üzərindən dərin bir xətlə
keçir. Bu zaman xüsusən əxlaq
meyarlarında aşınmalar, qopmalar yaşanır ki, sonda bu
sınaq bitdikdə belə insan o ləkələrdən
arına bilmir.
Akademik Milli Dram Teatrında Xalq artisti Ramiz Novruzun
quruluşunda təqdim olunan italyan dramaturqu Eduardo de Filipponun
“Silindr” əsərinin tamaşası da bu fikri irəli çəkirdi.
Müəllifin
münasibətini, müharibə təəssüratını
rejissor bu kontekstdə vermişdi: “Müharibə daha çox
İtaliya əhalisinin yoxsul təbəqəsinə təsir
etmişdi. İnsani dəyərlər aşınmış,
aclıq, xəstəlik, fahişəlik, quldurluq geniş
yayılmışdı... Və buna laqeyd qalıb demə ki,
bu hadisə mənim xalqımın da başına gəlməz...”
Sonra da
artıq çeynənmiş, əxlaq dərsinə
çevrilmiş cümlə ilə məsləhət
başlayırdı: “İnsan bütün çətinliklərə
rəğmən, özünün əxlaqını
qorumalıdır”, nə bilim nə.
Bu fikirlər eyforiya ilə səsləndikdən sonra səhnə
aydınlanır. Pərişan saçlı qadın
köhnə qəsəbənin ucqar küçəsindəki
uçuq eyvanda yarıçılpaq vəziyyətdə
yuyunur, pudralanır, ətrafdakı yeni müştərilərinə
“dəvət” göndərir. Bir az
bitkin, halından bezikmiş, özündən və ətrafından
diksinmiş qadın ehtiras doğuran plastik hərəkətlər
etdikcə yox olmasını istəyir...
Bu təzad, ürək sıxan mənzərə dolu
tamaşada hadisələr İkinci Dünya müharibəsindən
sonra İtaliyanın Neapol şəhərinin köhnə məhəllələrindən
birində baş verirdi.
Aqostino Muskaryello (Əməkdar artist Kazım Abdullayev),
onun birlikdə yaşadığı qadın Bettina (Ləman
İmanova) mənzilin kirayə haqqını ödəyə
bilmirlər və evdən çıxarılmaq təhlükəsi
ilə üz-üzədirlər. Ömrü boyu axmaq
aldatmalarla yaşayan və keçmiş fahişə ilə
birlikdəliyin səadətində çapalayan Aqostino o miskin
həyatla barışmalıdır. Çünki 26 il qarovulçu işlədiyi teatr
bağlanandan bu hoqqabazlığa məhkum edilib. O da teatrdan
tapdığı silindrlə olmayan namus barədə
nağıllar danışır, əlində gəzdirdiyi
qlobusla sanki dünyaya meydan oxuyur. İllərlə
səhnədə izlədiyi aktyorların pafoslu, axmaq, elə
özlərinin də iyrəndiyi həyat, sənət, cəmiyyət,
əbədiyyət haqqında nağıllarını
istedadla təkrarlayır.
Qadını
Bettina isə 15, 80 və daha artıq kişi
ilə olan yaşantılarını hər fürsətdə
ərinin üzünə vurub, buna rəğmən onu qəbul
etməsinə görə nifrətini ifadə etməkdən
bezmirdi. Beləcə, iki rəzil, yaramaz, həm də bədbəxt
qütbün yaşamı bundan yaxşı ola
bilməzdi.
Amma onların da öz qurbanları, xilaskarları var. Yəni
axmaqları məyus etməyəcək qədər müqəddəs
yalan oynayan qurbanları. Onlarla birlikdə yaşayan, uçuq evlərinin
balaca bir otağına sığınan kirayəçiləri
- gənc ər-arvad Rita (Əməkdar artist Münəvvər
Əliyeva) və Rudolfo (Anar Heybətov). Onlar
guya xoşbəxt, daha doğrusu, əxlaqsızlıq oyununda
qalib tərəfdirlər. Qadın
fahişəlik oynayır, ər isə yataqda uzanıb
ölü ər cildinə girir. Nə
vaxtsa ofisiant olmaq istəyən və hətta müsabiqədən
də keçən Rudolfo restorana işə
götürülmədiyindən və yalnız arada
işçilərdən kimsə xəstələnəndə
onları əvəz etməyə
çağırıldığından çarəni
arvadını başqalarının oyuncağı etməkdə
görüb.
Deməli, çarəsizlik içində mütləq
bir çarə axtarmaq lazımdır. Tapılır
da. Kirayə pulunu ödəmək
üçün bu dördlük bir hiyləyə əl
atır. Gənc və gözəl Rita hər
gün pəncərənin qarşısında yuyunaraq
müştərilər cəlb edir. Onları
“ov”layıb evə salır, müvafiq məbləği alır,
yatağa girmək anı yetişəndə isə məlum
olur ki, çarpayıda ölü var. Ölü kimdir:
Ritanın əri Rudolfo. O özünü ölülüyə
vurur. Rita da müştəriyə elə dünən ərini
itirdiyini söyləyir, min cür rola girib ağlayır, ərinin
“ölümündə”, özünün bədbəxtliyində
cəmiyyəti, maddi çətinlikləri, müharibəni,
ümumiyyətlə, hər şeyi, hər kəsi
qınayır. Sonda ovuna düşən şəhvətli
kişiləri lənətləməkdən belə bezmir.
Qarşılaşdıqları mənzərədən
peşman olan kişilərin bəziləri axmaqcasına bu
oyuna uyub baş götürüb qaçır, bəziləri
də pulunu tələb edərək o məbləğə əslində
daha “ağıllı” işlər görəcəklərini
deyirlər. Nəticədə o, beləcə müştərilərini
əliboş yola salır. Arabir
müştərilər üzlülük edib pullarını
geri istəyəndə silindrli Aqostino peyda olur. O, teatrda
işlədiyi illərdə əxz elədiyi
oyunbazlığını işə salaraq müştərini
uzaqlaşdırmağı bacarır. Sonra da
bişkinliklə bu məharətinə görə
özünü alqışlayır. Beləcə,
şəhvətinə düşkün axmaq gənc (Antonio -
Hikmət Rəhimov), qiymətlərdən şikayət edən
miskin qoca (Roberto - Məzahir Cəlilov), qadın hərisi
üzsüz intiligentlər Ritanın “səkkiz pilləkən
aşağı, soldan birinci qapı, qapını döymə,
özüm açacam”lı istiqamətləndirməsinin
ardınca gəlir və xəyalları suya
düşmüş şəkildə kor-peşman geri
qayıdırlar.
Böyük
oyuncaq Rita və onun namus qarovulçuları - qeyrətini
çoxdan öldürmüş əri, özünü
yalnız silindrlə əsl kişi kimi hiss edən bədbəxt
“xilaskarı” və əslində Ritaya həsəd aparan, onun
oyununu sevə-sevə davam etdirib kişilərinin
siyahısını artırmaq istəyən Bettina bu haldan məmnunluqla
pulları sayır, üstünü düzəltmək
üçün Ritanı yeni səhnələrə, təzə
qurbanlara həvəsləndirirlər. Qadın
isə bezib. Nə qədər oyun
olduğunu anlasa da, özünün ən böyük
oyuncaqlığından bitkindir. Ona görə
də gah fərsiz ərini, gah da özünü
qınayır. Sağa-sola
çırpınaraq bədənini, saçlarını,
ruhunu “özündən” qovmağa çalışır.
Amma nə yazıq ki, kirayə pulu tamamlanmır və
Rita fahişəni hələ də oynamalıdır. Oynayır da.
Bir gün onun qarmağına “iri balıq”
düşür. 35 illik ailə həyatından sonra 20
ay öncə dul qalmış imkanlı qoca Atillio (Xalq artisti
Ramiz Novruz) Ritanın gözəlliyinə heyran qalır və
qıza 10 min yerinə 20 min təklif edir. Rita
yenə də “əri ölmüş qadın” roluna girir.
Lakin Atillio sadəlövh müştərilərdən
deyil. O, ərin özünü ölülüyə
vurduğunu dərhal anlayır. Bundan sonra da öz
istəyindən əl çəkmir və Ritanı əldə
etmək üçün məbləği dəfələrlə
qaldırır. Artıq məbləğ
yarım milyon olub. Bu pulla nəinki
borcları vermək olar, hətta əlavə xərclik
üçün də nəsə qalar. Rita
imtahan qarşısında qalıb. Onun ləyaqəti
imtahan olunur. O, imtinaya hazırdır, çünki ərinə,
daha doğrusu, özünə xəyanət edə bilmir. Ona görə də çırpınır,
“ölmüş” ərinə, onun olmayan ruhuna yalvarır,
xilas istəyir. Bu fürsəti
qaçırmaq istəməyən Aqostino, sevə-sevə
Ritanı əvəz etmək istəyən Bettina da işə
qarışır. Amma bu dəfə nə
Aqostinonun silindri, nə Bettinanın solmuş cazibədarlığı,
nə də Rudolfo kömək etmir. O, dirilsə də,
özünü oda-közə vursa da, qoca Atillionu fikrindən
daşındıra bilmir. Daha doğrusu,
arvadının başqası ilə yatmasına göz
yummağa məcbur olur.
Burada bir
həqiqət silindrdən də yuxarıdan
qışqırır: “Yarım milyonla üç insanın
ləyaqətini asanlıqla almaq olar”. Təkcə
Rita tərəddüd içindədir; o özünü sata
bilmir, ya da ərinin onu satmasına inanmaq istəmir. Artıq düşünmək və yeni
hoqqabazlıqlar etmək də mənasızdır. Çünki qurban artıq təslimdir.
Budur, Atillio yatağa uzanıb Ritanı gözləyir. Bütün
ehtirası ilə qadını səsləyir, ona iltifatlar
edir, gözəl vədlər verir. Pərdənin o
üzündə, çarpayıda zırıldayan qoca az sonra elə gözləyə-gözləyə
yuxuya gedir. Budur yeni kələk başlayır.
Çarpayının yanındakı
şamdandakı şam kəsilir, saatlar irəli çəkilir
və sklerozdan əziyyət çəkən qoca sadəcə
yuxuda arzusunu gerçəkləşdirir.
Atillio
yuxudan ayılandan sonra Rita ilə yatdığını hiss
edir və əynini geyinib məmnun şəkildə
çıxıb gedir. Həm də unudulmaz
qadını hər zaman gözləyəcəyini, ona məftun
olduğunu deyir.
Bundan sonra heç kəs Ritanı
düşünmür. Hamı pulu bölməyə
çalışır. Hər kəs özünə
daha çox pay düşməsini istəyir. Rita
birdən başa düşür ki, o Atillio ilə yatağa
girməsə belə qocanın nəzərində elə
yatağa girmiş sayılır. Deməli,
o bədənini satıb, əxlaqını kirayə puluna
qurban verib. Yəni o daha çox ləyaqətsizdir.
Buna görə də onun nə Aqostinodan, nə Bettinidən,
nə də arvadını satan Rudolfodan fərqi
var. Daha doğrusu, onu satanlardan, qocadan qazandıqlarından
daha qiymətlidir. Bunu anlayanda baş
götürüb evdən gedir. Sonra
uğurla seçilmiş musiqi (musiqi tərtibatçısı
Kamil İsmayılov) qanadlı pəriyə çevrilmiş
gözəl Ritanı miskin məhəllənin üzərindən
keçirir. Deməli, o öz xilas yolunu
tapıb. Arxada buraxıb getdiklərinə
acıyaraq öz səadətinə çatıb.
Geridə qalanlar yenə öz qaranlıqlarındadır. Yalnız üzərinə silindr qoyulmuş qlobus işıqlanır. Yəni qalib başında silindr gəzdirən yox, cibində namus satın ala biləcək qədər pulu olanlardır. Aqostinonun tamaşanın sonunda silindri qlobusun üstünə qoyması amansız mesajı verir: dünya silindri olanların yox, pulla hər şeyi əldə etmək istəyənlərindir.
Müəllifin incə psixoloji yanaşmasına səhnədə sosial dərinliyin buffonada parlaqlığı və qrotesklə harmoniyada təqdimatı ilə cavab verən tamaşa ümumilikdə maraqlı idi. Müəyyən qüsurları - arabir tempin uyğunsuzluğu, yerində olmayan mizanlar, aktyorlara rahat hərəkətdə mane olan dekor elementləri (quruluşçu rəssam Anar Əliyev) və ifaçıların komediyanın verdiyi sərbəstlikdən istifadə edərək ifadə üslubundakı sapmaları, bəzi hiss olunacaq süni oyun üslublarını nəzərə almasaq, tamaşa baxımlı idi. Ən azı zala toplaşanlar sosial bəlalar fonunda müəllifin və rejissorun çatdırdığı həqiqətlərə həm gülə, həm də düşünə bildilər.
Həmidə
Nizamiqızı
Mədəniyyət
və Turizm Nazirliyinin “Teatr sənəti mövzusunda ilin ən
yaxşı məqaləsi” müsabiqəsinə təqdim
edilir
Mədəniyyət.- 2014.- 31
oktyabr.- S. 10.