Kurortlar və
abidələr ölkəsindən zəngin təəssürat
(Əvvəli ötən sayımızda)
Azərbaycanın bir qrup media nümayəndəsinin «SİS Tour» və «Chex Tour» şirkətlərinin təşkilatçılığı, Çexiyanın Azərbaycandakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən səfəri oktyabrın 22-23-də paytaxt Praqada davam etdi.
Şəhərin girişində bütün meqapolislərin problemi olan tıxacla qarşılaşırıq. Yolun sağ tərəfi bir maşının keçəcəyi qədər boşdur və heç kəs həmin yola daxil olmur. Bələdçimiz deyir ki, bu yol təcili yardım maşınları və yaxud olduqca tələsik işi olanlar üçündür. Qəribədir ki, iki cərgə ilə dəqiqələrlə tıxacda qalan sürücülər həmin yoldan istifadə etmirdilər.
Nəhayət, qalacağımız hotelə gəlirik. «Ambassador» beynəlxalq brend kimi tanınır. Amma bu yerdə onu da qeyd etmək istərdim ki, 5 ulduzlu hotel Çexiyanın özünün yerli hotellərindən həm xidmət səviyyəsinə, həm də otaqların rahatlığına görə geri qalır.
Çexiya KİV təmsilçilərinin ölkəmizə infoturu planlaşdırılır
Oktyabrın 22-də axşam Praqanın mərkəzində yerləşən «Qrabovka» parkına gəlirik. Burada bir neçə zaldan ibarət dequstasiya mərkəzi var. Çexiyada yeni istehsalına başlanılan şərabların dequstasiyası bu mərkəzdə keçirilir.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, səfirliyin əməkdaşları, «SİS Tour»un direktoru Lubomir Breburda və direktor müavini Jiri Vacha da bizimlə birgə tədbirin iştirakçıları arasında idi.
Səfir Fərid Şəfiyev Azərbaycan media mənsublarının Çexiyaya səfərini təşkil etdiklərinə görə «SİS Tour»un rəhbərlərinə təşəkkür etdi və bildirdi ki, belə səfərlər iki ölkə arasında turizm əlaqələrinin möhkəmlənməsinə kömək edir. Onun sözlərinə görə, Çexiya KİV təmsilçiləri üçün Azərbaycana da belə bir infoturun təşkili məqsədəuyğundur: «Belə bir səfərin təşkili nəzərdə tutulur. Turizm əlaqələrinin intensivləşməsi ölkələrimiz arasında digər sahələrdə də münasibətlərin yaxınlaşmasına səbəb olacaq. Biz bir-birimizi daha yaxşı başa düşəcəyik. Hər il 7-8 min azərbaycanlı Çexiyaya səfər edir. İstərdik ki, Çexiyadan da Azərbaycana turist səfərləri həyata keçirilsin. Hazırda Azərbaycanda geniş turizm infrastrukturu qurulur. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülür. Turizm sahəsinin inkişafı digər sahələrin inkişafına da təkan verir. İnsanlar bir-biri ilə ünsiyyətdə olurlar, mədəniyyət sahəsində əlaqələr güclənir. Azərbaycanın turizm potensialının Çexiyada tanıdılması ilə bağlı səfirliyimiz tərəfindən də müəyyən işlər görülür. Bu istiqamətdə bəzi layihələr var. Eyni zamanda Praqada Azərbaycanın tanıtdırılması məqsədilə sərgilər təşkil edilir».
Səfir qeyd etdi ki, Çexiya ilə Azərbaycan
arasında əlaqələr bütün sahələrdə
inkişaf edir: «Gələn il Çexiya Prezidentinin Azərbaycana
səfəri planlaşdırılır. Bu yaxınlarda Çexiya
parlamentinin vitse-spikeri Filip Voytex Bakıda olub. Parlamentlərarası
dostluq qrupları fəaliyyət göstərir».
“Azərbaycanda
çexiyalı turistlərə təklif edilməli imkanlar
çoxdur”
«SİS
Tour»un direktoru Lubomir Breburda Azərbaycana
bir neçə dəfə səfər etdiyini bildirdi. Ölkəmiz
haqqında təəssüratlarını qəzetimizlə
bölüşən şirkət direktoru qeyd etdi ki, Azərbaycana
birinci və axırıncı səfəri arasında 20 ilə
yaxın fasilə olub: «Bu illərdə Bakı inanılmaz dərəcədə
dəyişib. Artıq bu şəhərə
gözəl bir turizm mərkəzi demək olar. Çox gözəl mətbəxiniz var. Bakıda
olarkən bir neçə restorana baş çəkdik.
Xüsusilə kabab, balıq qızartması və
onun üzərinə əlavə edilən narşərabı
çox sevdim. Qubaya, Qusardakı
«Şahdağ» turizm kompleksinə səfər etdik. Düşünürəm ki, Azərbaycanda da
çexiyalı turistlərə təklif edilməli imkanlar
çoxdur. Ona görə də yaxın
günlərdə ölkənizə yenə getməyi planlaşdırıram.
İstəyirəm, Azərbaycanda fəaliyyət
göstərən turizm şirkətləri ilə əməkdaşlıq
əlaqələri quraq. Çünki
qarşılıqlı səfərlərin daha səmərəli
təşkili üçün bu çox vacibdir».
Rəsmi hissədən sonra şərabların
dequstasiyası başlandı. Təqdim edilən 7
növ şərabın hər birinin özünəməxsus
dadı və təsiri vardı.
Qeyd edək ki, Çexiyanın zəngin şərabçılıq
ənənələri var. Çexiyaya gedən turist
yaxşı şərab yerləri axtarmalı olmur,
çünki ölkənin hər tərəfində ən
yaxşı şərabları hazırlayırlar. Bu, şərabçılıq
turizminin inkişafına da mühüm zəmin yaradıb.
Mikulov şəhərinin
yaxınlığında bir yer də var ki, şərab
turizmi həvəskarları oraya mütləq baş çəkirlər.
Buradan Moraviyanın incisi - Palava şəhərinin
gözəl görkəmli dağlıq massivi
açılır. Bu məkanın tarixi
XIII əsrə gedib çıxır. Deyilənlərə
görə, buradan imperatriçə Mariya Terezanın
sarayına şərab aparılırdı. 2003-cü ildən burada fəaliyyətə
başlayan şərab istehsalı təsərrüfatı,
müasir elementləri də əlavə etməklə, bu ənənəni
də davam etdirir. Bundan başqa, turistlər
şərab zavodlarına gedib içkinin hazırlanma
qaydalarını öz gözləri ilə görə bilirlər.
Praqa:
muzey-şəhər
Nəhayət, Avropanın ən gözəl şəhərlərindən
olan Praqanı gəzmək imkanı əldə edirik. Bir milyondan
çox əhalisi olan şəhər bütünlüklə
qotik memarlığının sehrli gözəlliyinə
bürünüb. Təsadüfi deyil ki,
Praqanı səma altında muzey adlandırırlar. Abidələrin böyük hissəsi qədim
görkəmini, demək olar ki, qoruyub saxlayıb.
İlk baş çəkdiyimiz məkan isə Praqa qəsridir. Qəsrin 1100-dən
çox yaşı var. Hər il minlərlə
turist muzeyləri, müqəddəs məkanları və qəsrləri
görmək üçün buraya axın edir. Dünyanın ən gözəl mədəniyyət
abidələrindən sayılan Praqa qəsri tarix boyu
Çexiya hökmdarlarının iqamətgahı olub. Ümumiyyətlə, Praqanın tarixi bu qəsrlə
sıx bağlıdır.
Bələdçimiz məlumat verir ki, qəsr müdafiə
məqsədilə tikilib. Praqa şəhəri əsas
ticarət yolları üzərində yerləşdiyi
üçün burada müdafiə qurğusunun tikilməsi zəruri
idi. Müdafiə qabiliyyətinə
görə ətrafdakı heç bir istehkam Praqa qəsri ilə
müqayisə edilə bilməz. Yüksək
bir təpədə qərar tutan qəsr arxitekturasına
görə də çox zəngindir.
Qəsr Çexiyanın ilk hökmdarlarından
sayılan şahzadə Borivoyun fərmanı ilə 870-ci illərdə
inşa olunub.
1920-ci ildə qəsrdə aparılan bərpa
işləri zamanı geniş arxeoloji sahə aşkar edilib.
İlkin olaraq qəsrdə saray, üç kilsə
və monastır fəaliyyət göstərib. Qəsrdə xeyli sayda otaqlar var. Tarixin müxtəlif
dövrlərində yadellilərin hücumlarına məruz
qalmasına baxmayaraq, qəsr bu günədək qorunub
saxlanılıb. Hazırda qəsr
Praqanın canlı əfsanəsinə və rəmzinə
çevrilib. XIII əsrdə qəsrdə
bərpa işləri görülsə də, XV əsrdə
baş verən güclü yanğın ona ciddi zərər
vurub. Bir əsr sonra imperator II Rudolfun əmri
ilə tarix yadigarı yenidən dirçəliş
dövrünə qədəm qoyub. XVIII əsrin
ortalarında isə imperatriçə Mariya Terezanın
göstərişi ilə Praqa qəsri barokko üslubunda yenidən
bərpa edilib. 1918-ci ildən isə
Çexiya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyətini
davam etdirir. Burada çox maraqlı bir ənənə
də var. Qəsrin üzərində Çexiya
bayrağı dalğalanır. Əgər
Prezident ölkədə deyilsə, bayraq endirilir. Bu zaman bütün paytaxt əhli bilir ki, dövlət
başçısı ölkədə deyil. Bizim səfərimiz də bu vaxta təsadüf
etmişdi.
Müqəddəs Vita məbədi də Praqa qəsrindədir. Çexiyanın
milli-tarixi və mənəvi məkanlarından sayılan bu ərazidə
Çexiya krallarının və arxiyepiskoplarının məzarları
yerləşir. Orta əsrlər
Çexiyasında kralların tacqoyma mərasimləri məhz
müqəddəs Vita məbədində həyata
keçirilib. Qəsrin tarixi Praqanın və
Çexiyada xristianlığın tarixi ilə sıx
bağlı olduğuna görə hər gün buraya
çoxlu sayda insan ibadətə gəlir. Onların arasında yerli əhalidən başqa
xarici ölkələrdən gələn turistlər və zəvvarlar
da var.
Sevgililərin
əhd edib qıfıl bağladığı Karl
körpüsü
Praqa qəsrini ziyarət edib şəhərin mərkəzinə
doğru yol alırıq, amma piyada. Qəsr şəhərin
ən hündür yerində yerləşdiyindən oradan
şəhərə düşmək bir o qədər də əziyyət
tələb etmir. Təxminən
Bakının Şəhidlər xiyabanından Milli Parka enən
yol kimi bir məsafə qət edirik. Yolboyu
küçə musiqiçiləri və dilənçilərlə
qarşılaşırıq. Praqanın
küçə musiqiçiləri, sözün əsl mənasında,
bu şəhəri orta əsrlər ab-havasından
çıxmağa imkan verməyən atributlardandır.
Ölkədə deyirlər ki, hər bir
çex musiqiçidir.
50-55
yaşlarında bir kişi gitaranın
mahir ifaçısı olmasa da, əl uzadıb dilənməkdənsə
bu yolla pul qazanmağı daha üstün tutur. Ona
ifasına görə pul verib, hələ üstəlik şəkil
də çəkdiririk.
Buradakı dilənçilərin qəribə duruşu
da diqqətimizi cəlb edir. Onlar dizlərinin və
qollarının üzərində, başlarını
qaldırmadan dodaqlarının altında nə isə
mızıldanırlar. Bələdçimiz
bunu belə izah edir ki, Çexiyada dilənçilərin
onlara pul verənlərin gözlərinə baxması
düzgün sayılmır.
Praqaya gəlib Karl körpüsünə baş çəkməmək
mümkün deyil. Çünki bura Praqanın ən
çox turist cəlb edən məkanıdır. Vltava çayının üzərindən keçən
körpünün tikintisinə 1357-ci ildə başlanıb,
1400-cü ildə yekunlaşıb. Kral IV
Karl tərəfindən tikdirilən körpü ilkin vaxtlar
Vltava çayının üzərində yeganə
gediş-gəliş yeri olub. Uzunluğu
515 metr, eni 10 metrə yaxındır. Əvvəllər
üzərində tramvay yolu olsa da, sonradan hökumət
körpünün abidə kimi əhəmiyyətini nəzərə
alaraq nəqliyyatın hərəkətini qadağan edib.
İndi bu körpü sevgililərin əhd edib
qıfıllar bağladığı məkan kimi daha
çox turistin ziyarət etdiyi tarixi abidədir. Körpünün üzərində 30 heykəl var.
Bunların içərisində Yohn Nepomuk heykəli daha məşhurdur.
Deyilənə görə, heykəlin qarşısında
dayanıb beş barmağını onun
üzərindəki işarəyə qoymaqla ürəyində
tutduğun niyyətə çata bilərsən.
Körpü boyunca şəhərlə bağlı
müxtəlif suvenirlər də satılır. Karikaturaçıların
15 dəqiqəyə turistlərin şəklini çəkməsi
də maraqla qarşılanır. Rəsmin
qiyməti isə təxminən 20 avrodur.
Astronomik
saatın meydan tamaşası
Şəhərin mərkəzi meydanlarından birində
şəhər əhalisinin saatbaşı yanına
toplaşdıqları astronomik saat var. XV əsrin yadigarı
olan memarlıq incisi böyük bir tarixi binanın
üstündə yerləşir. Bu saat haqqında şəhər
əhalisi müxtəlif hekayələr danışır.
Onlardan biri də belədir ki, guya
keçmişdə Praqada bir memar yaşayırmış.
Bir gün həmin memar kraldan Praqanın mərkəzindəki
binalardan birinin üzərində dünyanın heç bir
yerində olmayan astronomik saat inşa edəcəyi ilə
bağlı icazə istəyir. Kral icazə
verir. Memar saatı inşa edir. Sonradan bu saat o qədər məşhurlaşır
ki, dünyanın müxtəlif ölkələrindən onu
görməyə gələnlərin sayı artır. Memara həmin saatın eynisini onların ölkələrində
düzəltməyi təklif edənlər də olur. Bu təkliflərdən narahat olan kral həmin
memarın gözlərini çıxartdırır ki, bu
saatın bənzəri heç yerdə olmasın. Memar da kraldan qisas almaq üçün
özünü saatın mexanizminin içinə atıb
intihar edir. Beləcə, həm kor
yaşamaqdan qurtulur, həm də saatın mexanizmini xarab etməklə
kraldan qisas almış olur.
Praqalılar bu saatın əsrlərcə işləmədiyini,
sonradan başqa bir memarın onu təmir etdiyini deyirlər. Qurğu hər
saatın tamamı bir səhnəcik nümayiş etdirir.
Əvvəlcə xoruz banlayır, sonradan
saatın pəncərəsi açılır və oradan
sıra ilə müxtəlif bir-birinə oxşamayan
başlar çıxır. Bir dəqiqə
sonra şou bitir və saat tamam olur. İllərdir
sürən bu səhnəcikdən heç kim
bezmir. Həmin vaxt buradan keçənlər
mütləq ayaq saxlayıb bu tamaşaya baxırlar. Hər saatbaşı meydan dolub-daşır. Bir sözlə, bu səhnəcik heç vaxt
tamaşaçısız qalmır.
Saatın yerləşdiyi meydanda qəribə şəkildə
geyinmiş klounlara da rast gəlmək mümkündür. İlk
baxışdan heykələ bənzəyən bu insanları
bir görən sevinir, bir də sakitcə yanından keçə
bilən. Bir də gördün
başdan-ayağa alüminium rənginə
bürünmüş «heykəl» qışqıraraq ətrafdakı
insanları qorxudur. Bu səhnəcik əvvəlcə
qorxu yaratsa da, sonra şən qəhqəhələrlə əvəz
olunur.
Sakit
mühit, kefi kök insanlar
Bir məqamı da xüsusi vurğulamaq istərdim ki,
Praqaya hansı əhvalla getməyindən asılı
olmayaraq, oradan yüksək əhval-ruhiyyədə
qayıdırsan. Bunun səbəbi də şəhərdə
dərin bir sakitliyin olmasıdır. İnsanların
kefi kökdür, küçələrdə
qışqır-bağır, səs-küy yoxdur. İnsanlar yol-hərəkət qaydalarına ciddi əməl
edirlər. Bir də görürsən
yolun kənarında uzun bir növbə var.
Yaxınlaşdıqda bunun işıqforun yaşıl
işığını gözləyən sadə şəhər
sakinləri olduğunu görmək mümkündür. Siqaret kötüyünü və yaxud əlindəki
hər hansı bir zibili küçəyə atmaq heç kəsin
ağlına gəlmir. Bunun
üçün yol kənarlarına qoyulmuş zibil
qablarına yaxınlaşmaq yetərlidir. Şəhəri
gəzərkən maşın siqnalının səsini isə
qətiyyən eşitməzsən. Hərdən
insana elə gəlir ki, buradakı maşınların
ümumiyyətlə siqnalı yoxdur.
Şəhərdə gecələr daha sakit mühit
müşahidə olunur. Hər axşam mütləq köhnə
muzey binalarında konsertlər təşkil edilir. 10-15 avro ödəməklə Motsart, Bethoven, Bax,
Şubert, Şopen kimi klassik bəstəkarların əsərlərini
dinləmək mümkündür.
* * *
Çexiyaya 5 günlük səfərimizi başa vurub
Vətənə dönürük. Aldığımız yüksək
təəssüratları oxucularımızla
bölüşmək üçün...
Sonda səfərin təşkilatçılarına,
xüsusilə səfər boyu bizi müşayiət edən
Çexiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı
Ülkər İsazadəyə təşəkkürlərimi
bildirirəm.
Fəxriyyə
Abdullayeva,
Bakı-Praqa-Bakı
Mədəniyyət.- 2014.- 31
oktyabr.- S. 8-9.