Azərbaycan-Küveyt
əməkdaşlığı müzakirə olunub
Oktyabrın
29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ölkəmizdə səfərdə olan Küveyt Dövlətinin informasiya
və gənclər məsələləri üzrə naziri Şeyx Salman Sabah Salem
əl-Hamudun rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul etdi. Əbülfəs
Qarayev ikitərəfli əməkdaşlığın müxtəlif
sahələri barədə fikirlərini qonaqlarla
bölüşdü.
Görüşdə Azərbaycan və Küveyt arasında mədəni əlaqələrin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı, bu əlaqələrin böyük potensialından səmərəli istifadənin zəruriliyi vurğulandı. 2009 və 2013-cü illərdə iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığa dair sazişlərin imzalandığını xatırladan Əbülfəs Qarayev ümidvar olduğunu bildirdi ki, bu sənədlər çərçivəsində hər iki sahədə əlaqələr daha da inkişaf edəcək.
Qeyd olundu ki, Küveyt və Azərbaycan arasında mədəniyyət və turizm sahəsində sazişlərə əsasən müxtəlif tədbirlər həyata keçirilir. 2013-cü ildə Küveytdə Azərbaycan mədəniyyəti günlərinin, Azərbaycanda isə Küveyt mədəniyyəti günlərinin təşkili əməkdaşlığın inkişaflına mühüm töhfə olub. Bildirildi ki, Küveyt Azərbaycanla birlikdə bir sıra beynəlxalq layihələrdə iştirak edir və bundan sonra da ölkələr arasında turizm və mədəniyyət sahəsində mübadilələr reallaşacaq.
Nazir 2015-ci ildə Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə qonaqları məlumatlandırdı və Küveyt Dövlətinin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrini tədbirdə iştirak etməyə dəvət etdi.
Öz növbəsində küveytli nazir qəbula görə təşəkkür etdi və iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın genişləndiriləcəyinə əmin olduğunu bildirdi.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 31
oktyabr.- S. 4.