Fotoqraflar Birliyində "açıq qapı" günü

 

Avqustun 30-da Xətai İncəsənət Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi ənənəvi “açıq qapı” günü toplantısı keçirildi. Toplantını birliyin idarə heyətinin üzvü Rauf Umudov açaraq iştirakçısı olduğuSay Cheese!” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində təşkil olunan layihə uğurla reallaşıb.

Sonra Fotoqraflar Birliyinin yay mövsümündə elan olunmuş iki yeni mövzusunun - “Miras” və “Zəriflik” müsabiqələrinin nəticələri açıqlandı. Bildirildi ki, “Miras” fotomüsabiqəsinə 20 həvəskar və peşəkar fotoqraf 53 foto, “Zəriflik” müsabiqəsinə isə 22 fotoqraf 55 foto təqdim edib. Müsabiqələrin ideyası Rauf Umudova məxsusdur. Fotolar peşəkar münsiflər - Asim Talıbov, Tofiq BabayevRasim Sadıqov tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşib.

Miras” müsabiqəsində İradə Qədirova 1-ci, Məhəmməd İsmayılov 2-ci, Rasim Əbdurrahmanov 3-cü yerə layiq görülüb. “Zəriflik” müsabiqəsinin qalibləri də elan edildi: 1-ci yer - Məhəmməd İsmayılov, 2-ci yer - Məmməd Rəhimov, 3-cü yer - Kamil Adıgözəlov.

Fərqlənənlərə diplom və hədiyyələr təqdim olundu. Digər müəlliflərə isə iştirakçı sertifikatları verildi. Sonda növbəti ayın mövzusu - “Müsahiblərim” adlı müsabiqə elan olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 12.