Səhnəyə
düşən izlər
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər
Barat Şəkinskaya - 100
Və ya səhnəmizin Cülyettası
Milli teatrımızın, kino sənətimizin
sevilən simalarından idi. Peşəkarlıq, sənətə
məhəbbət, maraqlı şəxsi həyat və
bütün bunlardan yuxarı bir sənətkarlıq. O,
sözün həqiqi mənasında, əsl sənətkar,
aktrisa, səhnə fədaisi idi. Həyatının ən
gözəl illərini - 85 illik ömrün 60 ildən
çoxunu sənətə həsr edən səhnəmizin
Cülyettası ünvanlı Barat Şəkinskayanın
artıq 100 illiyini qeyd edirik. Yetişən nəsillərin,
onu sadəcə efir-ekran kadrlarından tanıyanların da
sevimli aktrisası beləcə xatirələrdə yaşayan
sənət uzunömürlüsüdür. Deməli, əsl
sənətkar daim zirvədə, daim sənətdədir.
Səhnə
üçün yaranış
Bəyzadə qızı repressiyanın ən sərt məqamlarında
da özündən, kökündən, soyundan və
soyadından qaçmadı. Heç kimdən bunu
gizlətmədi. Əksinə, öyünə-öyünə
başqalarına nəql etməkdən də yorulmadı.
Onun da ailəsinin əsli Qarabağ xanı
İbrahim xanın şəcərəsinə
bağlıdır. Atası Həbib xan isə
Sisyan bölgəsinin Şəki kəndindəndir. O,
Şəkinskaya ad-ünü ilə tanındı, sevildi. Səhnədə,
sənətdə həm də bəxti gətirən aktrisa
olan Barat xanım istedad və peşəkarlığı ilə
nəinki bəyzadəliyin qorxusu ilə yaşadı, hətta
26 yaşında “Azərbaycan SSR-in Əməkdar artisti” fəxri
adına layiq görüldü. Milli düşüncəli
insanların qatı düşməni sayılan Mircəfər
Bağırov aktrisa kimi onu çox yüksək qiymətləndirdiyindən
bu ada onu layiq görmüş və rol aldığı səhnə
əsərlərinin premyeralarını
qaçırmazmış...
Şuşadan
başlanan yol
Barat Şəkinskaya 28 iyun 1914-cü ildə
Şuşada anadan olub. Anası Gövhər xanım görkəmli
yazıçı-dramaturq Əbdürrəhim bəy
Haqverdiyevin əmisi qızı olub. Ona
görə də böyüdüyü mühit onun gələcək
taleyinə güclü təsir göstərib. İlk təhsilini
doğma Şuşada alan Barat xanım
1923-cü ildə ailəsi ilə birlikdə Gəncəyə
köçüb və orada 2 saylı qızlar məktəbində
oxuyub. Şuşada Sultan xanımdan, Gəncədə
Sayalı xanım Dilbazidən və Həmid Araslıdan dərs
alan gənc qızı daxilindəki
işıq, sənət eşqi bu aləmə sövq edir. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində
iştirak etməyə başlayır. Burada teatrla, onun
yaradıcıları ilə, bir sözlə, ecazkar bir aləmlə
tanış olur. İlk
rollarını da elə Gəncədə yaradır. 1935-ci ildə Bakıya köçəndən sonra
Akademik Milli Dram Teatrında fəaliyyət göstərməyə
başlayır. Bu teatrın güclü
yaradıcı kollektivi aktrisanın formalaşmasında
müstəsna rol oynayır. Artıq
püxtələşmiş aktrisa kimi Gəncəyə qayıdan
Barat xanım 1943-1945-ci illərdə burada teatr səhnəsində
Afaq (“Nizami”, Mehdi Hüseyn), İntizar (“Vəfa”, Rəsul Rza),
Gülnar (“Vaqif”, Səməd Vurğun), Bahar (“Bahar”, Məmmədhüseyn
Təhmasib), Hürü (“Məhəbbət”, Mirzə
İbrahimov) rollarını yaradır.
O, həm
də səhnəmizdə kişi
rollarını ifa edən azsaylı aktrisalardan olub. Biçimli bədən və gözəl üz
quruluşu ona bu rolların məharətlə ifasında mane
olmur və tamaşaçını inandırmaqda çətinlik
yaratmırdı. Gəncə teatrında
Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon
obrazı yüksək bədii-estetik məziyyətləri ilə
teatr tariximizə yazılıb. Aktrisa həm
də çox sayda uşaq rolları oynayıb. Son dəfə uşaq rolunu 37 yaşında oynayan
Barat xanım M.Təhmasibin “Çiçəklənən
arzular” pyesində 7-ci sinif şagirdi Nazlını
inandırıcı boyalarla ifadə edə bilib.
Hər
zaman sənətlə
Azərbaycanın teatr və kino sənətində
gözəl aktrisalar çox olub. Amma bu gözəlliyi
daha poetik, daha məlahətli və daha cazibədar şəkildə
səhnədən tamaşaçıya çatdırmaq
istedadı hər kəsə qismət olmayıb. Üstəlik aktrisa bu gözəllikdən qürur
duyur və bunu gizlətmirsə, tamaşaçı bundan
xüsusilə zövq alır və o ifadələrin sahibinə
vurulur.
26
yaşında Əməkdar artist, 35 yaşında Xalq artisti adına layiq görülən Barat xanım da
belə aktrisalardan idi. Azərbaycan səhnəsi
üçün böyük irs qoyub gedən
bənzərsiz sənətkar teatrdan erkən getsə də,
daim sənət, səhnə eşqi ilə yaşayan
simalardandır. Çünki onun
üçün teatr sadəcə yaşam tərzi idi. Sanki o, dünyaya məhz bu missiya üçün gəlmişdi.
Özünü aktrisa kimi ifadə etmək,
yaşamaq və yaratmaq idi onu həyata bağlayan əsas
qüvvə.
Barat xanımın həyat eşqi və enerjisi tükənməz
olduğu qədər də müsbət və sirayətedici
idi. Ona görə də mütləq səhnədə
canlanır, coşub-çağlayır və oradan salona, ona
tamaşa edən hər bir insanın ruhuna hopa bilirdi. Səhnədə həm emosional, həm də vəziyyətin
ovqatını dəyişə biləcək peşəkar və
çağlar aktrisa idi. Həmçinin o
səhnədə olduğu kimi, həyatda da daxili gücünə
güvənən və buna görə də daim sənətinin
hökmünü diktə etməyi bacarırdı. Bu səbəbdən rejissorlar onun səhnədə
nəyə qadir olduğunu ilk andan duyur və ən yaddaqalan və
əsas rolları ona həvalə edirdilər. Tamaşaçılar sırf onun üçün
tamaşaya gəlir, gözəlliyi və məsum səsinə
heyranlıqlarını ifadə edirdilər.
Səhnədən
mavi ekranlara
Səhnədəki zirvəsini özü tərk etdi. Nə
yaşlandığını, nə səs tembrinin itdiyini, nə
də səhnə cazibəsinin, işığının zəiflədiyini
görmədi, göstərmədi. Sənətdəki
ucalıq mərtəbəsindən enmədən getdi səhnədən.
Beləcə yaddaşlara həmin sima və
cazibə ilə həkk olundu.
18 yaşında peşəkar sənət dünyasına
cəsarətlə qədəm qoyan Barat xanım illəri-illərə
calayaraq səhnədə özünün sənət
bioqrafiyasını yaratdı. Sənəti
haqqında mütəxəssislərə söz yeri qoydu,
rollar qalereyası yaratdı. Sənətə
böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət
üzündən də səhnəni tərk edib.
Aktrisanın
70-ci illərdə, hələ “formada” olduğu vaxtda səhnə
ilə vidalaşma səbəbini tanınmış
teatrşünas, professor İlham Rəhimli belə izah edir: “Səbəbini
bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə
idim. Məşq gedirdi. Bir də
gördüm, yuxu məni basır. Əsnədim
möhkəm. Çöndüm sağa
baxdım, sola baxdım ki, məni görən olmadı ki?
Öz-özümə dedim ki, hə, Barat,
səninki burada qurtardı”.
Barat xanım təkcə teatrda deyil, kinematoqrafiyada da zəngin
yaradıcılıq yolu keçmişdi. Amma təəssüf
ki, bu yol daha çox epizodik rollarla məhdudlaşmışdı.
Bu rollar onun istedadı səviyyəsində,
dramatik potensialının miqyasında deyildi. Əsasən komik obrazlarda, epizodlarda yaddaqalan
aktrisanın dramatik potensialını üzə
çıxaran rol həvalə olunmadı. Amma bütün bunlara rəğmən onu kinomuzun
sevilən siması adlandıra bilərik.
Onu ilk dəfə kino üçün rejissor Tofiq
Tağızadə kəşf edib. Rejissorun 1955-ci ildə
çəkdiyi “Görüş” filmində Barat xanım
epizodik, amma yaddaqalan bir obraz yaradıb. Şövkət
rolu əslində, o qədər də sadə personaj deyildi.
Barat xanım bu kolxozçu qadınının
obrazını çox ustalıqla yaradıb. O, filmin qəhrəmanlarından
biri Şıxəlinin həyat yoldaşıdır. Böyük sənətkar Əliağa Ağayevin
oynadığı Şıxəli tənbəl,
özünü işə verməyən kəndin
çayxanasında gün keçirən bir tüfeylidir.
Amma həyat yoldaşı Şövkət, onun
əksinə olaraq işgüzar qadındır. Kolxozun bütün işlərində fəal
iştirak edir. Onun Əliağa Ağayevlə
dueti indi də dillər əzbəridir.
Hüseyn Seyidzadənin 1956-cı ildə
ekranlaşdırdığı məşhur “O olmasın, bu
olsun” filmində görkəmli sənətkarların obrazlar
çələngində onun da adı var. Aktrisanın bu filmdəki
Sənəmi sadəcə epizod, filmin dar çərçivəsində
dayanmadı, tamaşaçının yaddaşında
özünə ayrı bir yer tutdu.
Rejissor Lətif Səfərovun insan mənəviyyatının
mürəkkəb çalarlarından bəhs edən
“Qızmar günəş altında” filmi
kinematoqrafiyamızın ən ekzotik ekran əsərlərindən
biridir. Filmdə Barat xanımın oynadığı sədr
arvadı rolu maraqlıdır. O, İsmayıl Əfəndiyevin
“Kölgələr sürünür” filmində mənfi obraz
olan Katibə ilə də yadda qala bilib. Zabitəli
qadın yerini işvəli katibəyə versə də, Barat
xanım obrazının öhdəsindən məharətlə
gələ bilir. Bir neçə epizodda
görünən aktrisa rolunun emosiyasını maraqla ifadə
edib. “Qəribə əhvalat” adlı
qısametrajlı filmdə də sərxoş və
tüfeyli ərin həyat yoldaşını oynayan Barat
xanım qadın psixologiyasının əsas məqamlarını
komik situasiyanın içindən çıxara bildiyi
dramatizmlə ustalıqla nümayiş etdirir. Onun hökmran Tükəzbanı
tamaşaçını həm güldürür, həm də
düşündürür. Bu və
adını çəkmədiyimiz daha bir neçə filmdə
seçkin obrazlar yaradan aktrisa özünü kinoya yad və
ya nabələd sayırmış daim.
1978-ci ildə teatra əlvida deyən Barat xanım son
olaraq yaddaşımızı “Onun bəlalı sevgisi” filmində
(1980) yaratdığı Nənə obrazı ilə təzələdi. Nurani,
qayğıkeş, mehriban nənə oldu və çox
sevdiyi sənətdən bu adla uzaqlaşdı.
Həmin
səs
Onu hamı tanıyır və sevirdi. Məlahətli
səsi səhnədən radio dalğalarına axdı.
Hələ 1935-ci ildə Xalq artisti Mustafa Mərdanovun
təşəbbüsü ilə radio verilişlərinə
cəlb olunan aktrisanın iştirak etdiyi uşaq rolları
balaca tamaşaçıların sevimlisinə çevrildi.
Onun iştirakı ilə hazırlanan “Arxip baba və Lyonka”,
“Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”,
“Sirk gəlir” və onlarca bu səpkili tamaşalar radionun
qızıl fondunda qorunub saxlanılır.
Sənətkar
səadəti...
Sənət və həyat ömürlüyü
qısa olmadı. Uzun və mənalı bir ömür
yaşadı. Sevdi, sevildi, yaşadı,
yaratdı və günlərin birində, səhnədən
uzaq bir hücrədə, gözəl xatirələrin
işığında bu həyata vida etdi. 1999-cu ilin 14 yanvarında həyatda son rolunu da mükəmməl
ifa edən Barat Şəkinskaya 85 illik ömrə
sığdıra bildiklərini daha neçə ömrə
calamağı bacardı. Beləcə sənətkar
kimi əsl səadətini yaşadı və yaşatdı...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 11.