Xalça Muzeyi
qapılarını ziyarətçilərin üzünə
açdı
Muzey turizm şirkətləri ilə yaxından əməkdaşlıq edəcək
Dənizkənarı
Milli Parkda inşa edilmiş Azərbaycan
Xalça Muzeyi
sentyabrın
2-də öz qapılarını ictimaiyyət
nümayəndələrinin və şəhərimizin
qonaqlarının üzünə açdı.
Ziyarətçilər arasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul əməkdaşları, mədəniyyət xadimləri vardı. Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri və media mənsubları üçün muzeyə ilk infotur da keçirildi.
Birinci mərtəbədə ziyarətçiləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən, görkəmli kamança ifaçısı Munis Şərifovun rəhbərlik etdiyi Dövlət Qədim Musiqi Alətləri Ansamblı öz gözəl ifası ilə qarşılayırdı.
Əvvəlcə muzeyə daxil olan ilk ziyarətçiyə - Rusiyanın Saratov şəhərindən paytaxtımıza qonaq gəlmiş xanıma muzey rəhbərliyi tərəfindən hədiyyə təqdim olundu. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ona ailə və həyat ağacı simvolu əks olunmuş dəstərxan hədiyyə etdi. O, hədiyyə haqqında məlumat verərək bildirdi ki, xalçaçılığın bədii ənənələrini yaşadan bu kiçikölçülü dəstərxan süfrəsi həmişə xeyir-bərəkət simvolu olub. Dəstərxanlar azərbaycanlı ailəsində vacib məişət əşyası sayılıb. Evlərdə, məclislərdə onun üzərində süfrələr qurular, yola çıxan yolçular duz-çörəyini onun arasına qoyar, yoğurulan xəmirin tez gəlməsi, bərəkətli olması üçün onu dəstərxanlara bükərdilər.
Xalça Muzeyinin direktoru Röya Tağıyeva muzeyin yaranma tarixi, fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, muzey təxminən yarım əsrdir ki, Azərbaycanın xalça sənətini dünyada tanıdır. Prezident İlham Əliyevin sərəncamı ilə muzey üçün belə möhtəşəm binanın inşa edilməsi bütün kollektivə, xalçaçı sənətkarlara böyük sevinc bəxş edib: “Bu gün yalnız xalçaçıların, bu sənəti sevənlərin deyil, bütün xalqımızın bayramıdır. Ona görə ki, xalça əsrlər boyu xalqımızın yol yoldaşı, ilk qədəmgahı, evinin rahatlığı, gözəlliyi, istiliyi, qoruyucusu olub. Xalça Muzeyi yarım əsrdir bu sənəti, zəngin xalçaçılıq irsimizi yaşadır, dünyada tanıtdırır. Kollektivimiz bu binanı uzun illərdir ki, gözləyirdi. Bu sənətə belə diqqət və qayğı göstərdiyinə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirəm. 2010-cu ildən Azərbaycan xalçası UNESCO-nun bəşəriyyətin qeyri maddi-mədəni irsi siyahısına daxil olub. Bu, çox əlamətdar hadisədir. Hər bir xalq, onun mədəniyyəti o vaxt öz dəyərini alır ki, o, dünya tarixinə düşür. Bunun üçün də biz UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya çox sağ ol deyirik”.
Sonra direktor qonaqları Xalça Muzeyinin yeni binası ilə yaxından tanış etdi. Muzey 3 mərtəbədən ibarətdir. Binanın girişi xalq sənətkarlarının əl işləri və müasir interpretasiyalar bölmələrindən ibarətdir. Birinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələr, xalçaçılıq sənətinin təkamülü bölmələri yerləşir.
Burada Azərbaycan xalça sənətinin inkişaf dövrləri, xalçaların ərsəyə gəlməsinin bütün mərhələləri əks olunub.
İkinci mərtəbədə Azərbaycan xalça məktəbləri (Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz) öz əksini tapıb. Eyni zamanda xalq tətbiqi sənətinin bir neçə nümunəsi, o cümlədən qədim mis qablardan, tikmə sənəti nümunələrindən ibarət bölmələr burada özünə yer alıb. Burada muzeyin yaradıcısı, görkəmli sənətşünas-alim, Xalq rəssamı Lətif Kərimovun büstü qoyulub.
Üçüncü mərtəbədə isə müasir xalçalar yer alıb. Burada Azərbaycanın tanınmış xalçaçı rəssamlarının əsərləri əsasında toxunulmuş nümunələr nümayiş etdirilir. Şuşa Xalça Muzeyinin eksponatları da bu mərtəbədədir. Röya Tağıyeva deyir ki, Şuşa işğal olunmamışdan əvvəl muzeyin oradakı filialında olan bütün eksponatları çıxarmaq mümkün olub.
Ekskursiyadan sonra Xalça Muzeyinin rəhbərliyi ilə turizm şirkətləri nümayəndələrinin görüşü keçirildi. Muzeyə giriş orta məktəb şagirdləri üçün 1 manat, tələbələr üçün 2 manat, ölkə vətəndaşları üçün 5 manat, xarici turistlər üçün 10 manat müəyyənləşdirilib.
Muzeyin kütləvi işlər şöbəsinin müdiri Aygün Abbasova bildirdi ki, onlarla əməkdaşlıq edəcək turizm şirkətləri üçün endirimli qiymətlər nəzərdə tutulub.
«Millenium turizm» şirkətinin direktoru Ruslan Quliyev qəzetimizə açıqlamasında qeyd etdi ki, turizm şirkəti olaraq Xalça Muzeyi ilə hər zaman əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, yeni binanın istifadəyə verilməsindən sonra bu əməkdaşlıq daha da genişlənəcək.
«Baku travel-tourism» şirkətinin daxili turların təşkili departamentinin rəhbəri Kənan Hənifəyev Bakıya gələn qonaqların Azərbaycan xalçaları ilə bağlı məlumat almaqda maraqlı olduqlarını dedi. Onun sözlərinə görə, qonaqlarını məmnuniyyətlə Xalça Muzeyinə gətirəcəklər.
* * *
Muzeyin ilk ziyarətçiləri arasında xarici ölkələrdə yaşayan azərbaycanlılar da vardı. London-Azərbaycan Qadınlar Klubunun sədri Sevil Aslanova təəssüratlarını bizimlə bölüşdü: «Azərbaycanın bütün ictimai tədbirlərində daha fəal iştirak etmək istəyirəm. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Londondakı Azərbaycan Evi, Azərbaycan-Avropa Cəmiyyəti ilə çox yaxın əlaqələrimiz var və onlarla birlikdə müəyyən işlər görürük. Azərbaycana tez-tez gəlirəm. Xalça Muzeyinin yeni binasını televiziyada gördük, çox istəyirdim ki, gəlib yaxından tanış olum. Çox gözəl və müasir dizaynla inşa edilib. Hesab edirəm ki, bütün dünyada tanınan Azərbaycan xalçasının yaşaması üçün belə bir binanın tikilməsi gözəl addımdır».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 9.