Mədəniyyət
və turizm nazirinin əhali
ilə növbəti görüşü
Qusarda gerçəkləşdi
“Əcnəbi turistləri Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələr həyata keçiriləcək”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
bölgələrdə vətəndaşlarla
görüşləri davam edir. Avqustun 29-da mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev Qusar
şəhərindəki Heydər Əliyev Mərkəzində
Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran
rayonlarından sakinləri qəbul etdi.
Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 40-dək vətəndaş qəbula yazılmışdı.
Sakinlərin müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin təşkili, yeni turizm infrastrukturu layihələrinin həyata keçirilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı idi. Qusar rayonunda uşaq incəsənət məktəbinin təmir işlərinin tamamlanması, Siyəzən rayonu Mərkəzi Kitabxanasının yeni binaya köçürülməsinə köməklik göstərilməsi ilə bağlı xahişlər, bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndirildi.
Biz də qəbula gələn vətəndaşların bir neçəsinin fikrini öyrəndik.
Qusar rayon sakini Binyam Zalovun xahişi “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gedən yolun rayon ərazisindən keçməsi barədə idi: “Bu təklifi Qusar rayon sakinləri adından etdim. Təklifi diqqətlə dinləyən cənab Əbülfəs Qarayev narahat olmağa heç bir əsasın olmadığını dedi. Nazir qeyd etdi ki, Prezident İlham Əliyevin göstərişi ilə bu turizm kompleksinə bir neçə istiqamətdən yol çəkilir. Bu məlumat bizim üçün çox sevindirici oldu”.
Xaçmaz rayon sakini Xəlilulla Süleymanovun müraciəti milli idman növlərinə diqqətin artırılması ilə bağlı idi: “Bu bölgədə də unudulmaqda olan bir çox milli xalq oyunlarımız var. Biz də istəyirik ki, yadımızda qalan, bildiyimiz oyunlarla bağlı rayon və respublika səviyyəsində müsabiqələr keçirilsin, beləliklə, bu milli oyunların gələcək nəsillərə çatdıraq. Cənab nazir də təklifi bəyəndi. Bildirdi ki, bu oyunlar haqqında, qaydaları barədə ətraflı məlumatlar toplayın və yazılı müraciət edin. Biz də bu tədbirləri həyata keçirərək müraciətimizi edəcəyik və milli oyunların yaşadılmasına öz köməkliyimizi göstərəcəyik”.
Quba rayonundan Təbib Əskərov isə Yeni Güləzi kənd klubunun mədəniyyət evinə çevrilməsi xahişi ilə qəbula gəlmişdi: “Ölkəmizdə həyata keçirilən yüksək mədəni, iqtisadi quruculuq işlərindən biz də yararlanmaq istəyirik. Yeni Güləzi böyük kənddir və mədəni həyatın canlandırılması üçün mədəniyyət evinə ehtiyac var. Cənab nazir də təklifimizi müsbət qarşıladı. İnanırıq ki, yaxın vaxtlarda istəyimiz reallaşacaq”.
* * *
Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir Əbülfəs Qarayev əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini diqqətə çatdırdı, səslənən təklif və təşəbbüslərlə bağlı tədbirlər görüləcəyini, o cümlədən sosial məsələlərlə bağlı müraciətlərin lazımi instansiyalara çatdırılacağını dedi. Qeyd etdi ki, mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, yerli turizm mərkəzlərində əhalinin işlə təmin olunması kimi məsələlər daim diqqət mərkəzindədir: "Bölgədə "Şahdağ" Qış-Yay Turizm Kompleksi kimi iri turizm obyekti fəaliyyət göstərir. Burada yerli əhalinin işlə təmin olunmasına xüsusi üstünlük verilir".
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin təbliği, tanıdılması baxımından mühüm fürsət olacağını deyən nazir turistləri təkcə paytaxtla deyil, Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələrin həyata keçiriləcəyini vurğuladı.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 5.