Azərbaycanlı
musiqişünasın layihəsi İzmir
sərgisində
Avqustun 29-da Türkiyənin İzmir şəhərində ənənəvi beynəlxalq sərgi (İzmir Enternasional Fuarı) işə başlayıb. Bu il 83-cü dəfə düzənlənən sərgidə bir-birindən fərqli məhsullar, layihələr təqdim edilir. İsmet İnönü Mədəniyyət Mərkəzində təşkil olunan ekspozisiyada bədən, zehin və ruh sağlamlığına xidmət edən sahələrə aid stendlər də var.
Sərgi çərçivəsində 1-3 sentyabr tarixində təqdim edilən “Naturel” (bədən, zehin və ruh sağlamlığı təsirləri) bölməsində dinamik, coşğulu Latın Amerika ritmləri, fitnes dərsləri və s. yanaşı, həmyerlimiz, musiqi terapiyası ilə məşğul olan Züleyxa Abdullayevanın “Səni sənə çalım” adlı piano layihəsi də yer alıb. Layihədə musiqi terapiyası ruh və bədən sağlamlığını təmin etmək vasitəsi, gündəlik qayğılardan, qorxu və stressdən xilas olmaq yolları kimi təqdim edilir. Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən İzmir Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən sərgi sentyabrın 7-dək davam edəcək.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 5.