Mədəniyyətlərarası
dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə
Tədbir zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Avropa Şurası Baş katibinin müavini Qabriela Battani-Draqoni ilə görüşü olub
Sentyabrın 1-2-də
Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə"
mövzusunda 2014-cü il
mədəniyyətlərarası dialoqun dini ölçüsü
üzrə Avropa Şurasının
mübadilə görüşü keçirilib.
Tədbirin açılışında ilk olaraq millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin görüş iştirakçılarına müraciətini oxudu. “Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakıda bu tədbirin keçirilməsi rəmzi xarakter daşıyır. Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib. Bu ənənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilib. Eyni zamanda təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşması da hazırkı dövrün başlıca vəzifələrindəndir”, - deyə müraciətdə vurğulanır.
Müraciətdə diqqətə çatdırılır ki, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub: “Ümidvaram ki, Mərkəz öz fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaqdır”.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək mübadilə görüşünün bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirdi. Qeyd olundu ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dini fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətindən, bununla bağlı reallaşdırılan tədbirlərdən bəhs etdi.
Avropa Şurası Baş katibinin müavini Qabriela Battani-Draqoni, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Palatasının prezidenti Jan Klod Frekon açılış nitqləri ilə çıxış etdilər. Çıxışlarda dünyada dini tolerantlığın vacibliyi qeyd edildi.
Qeyd edək ki, tədbir zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battani-Draqoni ilə görüşü keçirilib. Görüş zamanı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində planlaşdırılan tədbirlər və mədəniyyət sahəsində gələcək əməkdaşlıq prioritetləri müzakirə olunub.
* * *
Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü sentyabrın 2-də işini davam etdirdi. Tədbir çərçivəsində "Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial paytaxt", “Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi” mövzularında panel iclası keçirildi.
Avropa Şurasının Şimal-Cənub Mərkəzinin prezidenti Jan-Mari Heydtin moderatorluq etdiyi iclasda dini mədəni irsin mədəniyyətlərarası dialoqa təsiri müzakirə edildi. Yunanıstanın Aristotel Universitetinin ilahiyyat üzrə professoru Angeliki Ziaka, UNESCO-nun Özbəkistan üzrə təmsilçisi Krista Pikkat məruzələrlə çıxış etdilər.
Mübadilə görüşünün üçüncü - sonuncu panel iclası “Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi” mövzusunda oldu.
Tədbirin sonunda Avropa Şurasının Demokratiya, Avropa Quruculuğu və dinlər qrupunun vitse-prezidenti Qabriel Nissim, İnsan hüquqları və kommunikasiya üzrə icraçı katib, Belçikadan Avropa Kilsələr Konfransının kilsə və cəmiyyət komissiyasından Elizbeta Kitanoviç, iki gün ərzində keçirilmiş üç panel iclasına dair hesabat məruzəsi ilə çıxış etdilər. Mübadilə görüşünün həmsədrləri, Slovakiya və Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndələri Draqoslav Stefanek və Luis Filip Kastro Mendes tədbirdə müzakirə olunmuş mövzuların aktuallığından bəhs etdilər. Onlar Bakı görüşünün dinlər və mədəniyyətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildirdilər.
Mehparə
Mədəniyyət.- 2014.- 3
sentyabr.- S. 3.