Müəmmalar
haləsində aşıq Dilqəm
XIX əsr Azərbaycan
aşıq sənətində özünəməxsus dəst-xətti
ilə seçilən saz-söz
xiridarlarından biri də aşıq Yəhya
bəy Dilqəmdir. Folklorşünasların
yazdığına görə, sazın yeddi
pərdəsinin və altı saz kökünün biri bu görkəmli sənətkarın adı ilə
bağlıdır.
Aşıq şeirinin görkəmli nümayəndələri sırasında yer alan Yəhya bəy Dilqəmin həyatı və yaradıcılığı bir müəmmalar haləsinə bürünüb. Xalq arasında haqqında bir-birindən maraqlı söhbətlər və rəvayətlər yaranıb, günümüzə isə ağızdan-ağıza dolaşan qeyri-dəqiq məlumatlar gəlib çıxıb.
Mənbələrdə göstərilir ki, Yəhya bəy Dilqəm XIX əsrin birinci yarısında Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində anadan olub. Yazıb-oxumağı öyrənib, aşıq sənətinin sirlərinə yiyələnib. Çox erkən çağlardan yaradıcılığa başlayıb. El şənliklərində yaxından iştirak edib. Öz gözəl ifaları və maraqlı yaradıcılığı ilə xalqın sevimlisinə çevrilib. Bu gün də sazsevərlərin həyəcanla dinlədiyi məşhur “Dilqəmi” havası Yəhya bəydən yadigar qalıb. Xalq da öz sevimli aşıq-şairinin adını əbədiləşdirmək üçün haqqında “Dilqəmi” dastanını yaradıb.
Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı araşdırmasında yazır ki, Yəhya bəy Dilqəmin nəsli əvvəl Kür çayına çox yaxın Qaranüy adlanan yerdə məskunlaşıbmış. Həmin yerdə bir bulaq indi də Dilqəm adını daşıyır. Sonradan köçüb indiki Dəllər-Cırdaxan kəndində yerləşiblər. Sonra necə olubsa ona məxsus olan torpaq sahəsi əlindən çıxıb. Dövrünün haqsızlıqlarından təsirlənən aşıq məşhur “Dağlar” şeirini qələmə alıb. Keşməkeşli həyat yollarında acı bir nisgil də yaşayıb. Əmisi qızına aşiq olub, amma tale üzlərinə gülməyib. Bütün bunlar onun yaradıcılığında öz əksini tapıb.
Yəhya bəy Dilqəm bir müddət sonra Dəllər-Cırdaxandan Tovuz rayonunun Çeşməli kəndinə köçür. Güvəndikli şair Əhmədlə yaxından dost olur. Hər iki sənətkarın eyniadlı “Dağlar” şeirləri indi də dillər əzbəridir:
Ziynəti nərgizdən, tər bənövşədən,
Al-yaşıl geyinib şad olan dağlar.
Ruhu təzələyir gülab suları,
Dəhanda ləzzəti dad olan dağlar.
Sonralar Güvəndikli Əhməd cahillərin qurbanı olur. Nişanlısı Yamən xanım çox çətinliklə də olsa, Əhmədin qatillərindən qısasını alır. Əhmədin anası bir xeyli sonra Yəhya bəy Dilqəmdən rica edir ki, “Güvəndikli Əhməd və Yamən xanım” adlı bir dastan bağlasın. Belə bir dastan olmasa da, bu əhvalatla bağlı yaranmış “Əhmədi-Kərəm” saz havası günümüzə qədər gəlib çıxıb.
Yəhya bəy Dilqəmin adı ilə bağlı olan “Dilqəm” dastanı isə bu gün də aşıqların dilindən düşmür. Tədqiqatçıların çoxu hesab edir ki, bu dastanda aşığın həyatı ilə bağlı epizodlar, real hadisələr öz əksini tapıb.
Görkəmli sənətkar haqda bu vaxta kimi xeyli araşdırma aparılıb. Ötən əsrin ikinci yarısında Səməd Vurğun, Osman Sarıvəlli və digər sənətkarlar Yəhya bəydən az-çox bəhs edib, qoşma və gəraylıları ilə bağlı maraqlı fikirlər söyləyiblər. Hətta Xalq şairi Hüseyn Arif “Dilqəm” adlı poema da qələmə alıb.
Yəhya bəy Dilqəmlə bağlı bir çox araşdırmalara diqqət yetirəndə görürük ki, onun tərcümeyi-halı ilə bağlı faktlar ziddiyyət təşkil edir. Bu məlumatlardan biri aşıq Dilqəmin təvəllüdü ilə bağlıdır “Telli saz ustaları” kitabında qeyd olunur ki, “Yəhya bəy Dilqəm təxminən 1830-cu ildə vəfat edib”. Amma aşığın əvvəldə adını çəkdiyimiz “Dağlar” qoşmasının möhürbəndində belə bir məqam var:
İslam cüda düşdü, gəldi Malakan,
Duxabor əlində fərmani-xaqan,
Hayıf ellərinə, Dilqəm, ağla qan,
Axırı əməli bəd olan dağlar.
Məlumdur ki, malakanlar Rusiyadan Azərbaycana, o cümlədən Şəmkir mahalına 1844-cü ildə gəliblər. Buradan da belə nəticəyə gəlmək olar ki, həmin dövrdə Dilqəm hələ sağ olub.
Digər bir üst-üstə düşməyən fakt onun ailəsi ilə bağlıdır. Bəzi araşdırmalarda göstərilir ki, Yəhya bəy el gözəli Dostuxanımla ailə qurub. Amma sonrakı taleləri uğursuz olub. Övladsızlıq üzündən ayrılıblar. Əməkdar jurnalist Flora Xəlilzadə “Dağlar qarın əritməsin...” adlı məqaləsində qeyd edir ki, həqiqətən də Yəhya bəy həyat yoldaşı Dostuxanımdan ayrılıb. Demək, bir gün sağım vaxtı Dostuxanım inəyi əmmək istəyən buzovu sərniclə vurur. Bu da Yəhya bəyə pis təsir edir və çox ağır bir söz işlədir: “Axı sən haradan biləsən bala qədrini”. Övladsızlıq həsrətindən üzülən Dostuxanım sevdiyi insanın bu sözlərindən sarsılır. Kövrək qəlbi param-parça olur. Beləliklə, iki sevgili bir-birindən ayrı düşür. Bu ayrılıqdan sonra nə Dostuxanım, nə də ki Yəhya bəy ailə qurur...
Yəhya bəy könlünü əbədi olaraq şeirə, sənətə bağlayır. Dostuxanımın həsrəti ilə yaşayır və qoşmalarında daima onu yad edir:
Laçın bərəsində, Kür qırağında,
Uçdu telli sonam, gölə gəlmədi.
İstədim ki, onun vəsfini yazım,
Sığışıb qələmə, dilə gəlmədi.
Aşıq Dilqəmin nəsil-kökünün Molla Pənah Vaqiflə bağlı olmasına dair fikirlər də var. Ancaq onun nəsil şəcərəsini hazırlayan professor Tariyel Əhmədovun yazdığına görə, Vaqiflə Dilqəmin ruh, ilham qohumluğundan başqa heç bir əlaqəsi yoxdur. Həqiqətən də, Dilqəmin qoşmalarında Vaqif şeirinin ənənələri, şirinliyi duyulur. Bu da təbiidir. Çünki Dilqəm elə bir dövrdə yaşayıb ki, Vaqif kimi ustad bir şairin onun yaradıcılığında mütləq təsiri olmalı idi.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 5
sentyabr.- S. 15.