«Bahar
bayatıları»
Kitabda Novruzla bağlı xalq təfəkküründəki atributlar ədəbi müstəviyə gətirilib
Gədəbəy Rayon Mədəniyyət Mərkəzinin direktoru, Zərdabi və «Körpü» mükafatları laureatı Etibar Nadiroğlunun «Bahar bayatıları» adlı kitabı çapdan çıxıb. Kitabda yer alan «Bahar» bayram tamaşası məxsusi olaraq Novruz bayramı üçün qələmə alınıb. Bayatılar əsasında yazılmış tamaşada «iştirakçılar» ilk dəfə olaraq obrazlar şəklində təqdim olunur.
Əsərin qısaldılmış variantı 10 ilə yaxındır ki, Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Novruz günlərində bayram tamaşası tərtibatında hazırlanır. Kitabda müəllifin şeirləri də yer alıb.
Kitaba rəy verən AMEA-nın Folklor İnstitutu mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil qeyd edir ki, Etibar Nadiroğlunun qələmə aldığı «Bahar» bayram tamaşası fərdi yaradıcılıq hadisəsi kimi qarşılanmalıdır. Bayram-tamaşa özünəməxsusluğu ilə seçilir: «Novruz mərasimi kompleksini Etibar Nadiroğlu xüsusi bir bütöv olaraq götürüb və nəticədə Bahar bayramının xalq təfəkküründəki atributları bir ədəbi müstəviyə gətirilib, vahid obrazlar silsiləsi şəklində dramatik bir əsərin mövzu qaynağına çevrilib. Əsərdə iştirakçıların adına fikir versək, dediklərimizin təsdiqini görərik: Ocaq baba, Su çərşənbəsi, Od çərşənbəsi, Torpaq çərşənbəsi, Külək çərşənbəsi, Boz ay, Kosa, Keçi, Səməni, Bahar. Beş hissədə təsvir olunan hadisələrin mahiyyəti də onu göstərir ki, müəllif Bahar bayramı ilə bağlı kifayət qədər elmi-nəzəri məlumata malikdir. Bu zəngin informasiyanı o, yazdığı əsərin canına hopdurub, bu bilgiləri obrazların timsalında canlandırıb”.
Rəydə müəllifin mövzu ilə bağlı yetərincə nəzəri fikirlərə və məlumatlara malik olduğu vurğulanır: “Bunlar əsasən vaxtaşırı olaraq ekran-efir vasitəsilə ziyalılarımızın, alimlərimizin maarifləndirmə işləri aparmasında, bundan əlavə, bu sahədə elmi-kütləvi nəşrlərin işıq üzü görməsində, etnoqraflarımızın, folklorşünaslarımızın, bir sözlə, mütəxəssislərimizin apardıqları tədqiqatlarda özünü göstərir. Digər əsaslı məlumat mənbəyi isə müəllifin yaşadığı bölgənin - Gədəbəyin zəngin folklor mühitidir. Bir yandan elmi ədəbiyyatla tanışlıq, digər yandan isə folklor mühitində aparılan şəxsi müşahidələr haqqında danışdığımız tamaşanın meydana çıxmasına əsaslı zəmin yaradıb».
Qeyd edək ki, Folklor İnstitutu Etibar Nadiroğlunun «Bahar» bayram tamaşasının Novruzla bağlı keçirilən el şənliyi proqramlarına daxil edilməsini məqsədəuyğun hesab edib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 5 sentyabr.-
S. 13.