Qoy yazaq dəə!..

 

Təbii ki, bu an hamı “Əhməd haradadır”dakı “Qoy yataq dəə!” replikasını xatırladı

 

O filmdə “Saqqal Ramiz” - Səyavuş Aslan - çoxdanışan “Uzundraz OqtayaQoy yataq dəə!” deyir, mənsə bu yazıda öz çoxcəhətliliyi, çoxfakturalılığı, çoxdiapazonluluğu ilə bəndənizi “nədən başlayıb, nədə qurtarmalı” dilemması qarşısında qoyan böyük aktyorumuzun ruhunaQoy yazaq dəə!..” - deyə xitab edirəm.

 

Hə, əfəndilər, tamaşaçılığa, oxuculuğa nə varmış ki; yazmaqlıq xeyli çətin peşə. Məsələn, tamaşaçılarından biri olaraq deyə bilərəm ki, Səyavuş Aslanın rol aldığı obrazların əksəriyyəti adama futbol üzrə dünya birinciliyinin final qolları kimi ləzzət verirdi. OnunUlduz” filmində yaratdığı Şubay obrazını fikrən hər hansı bir başqa aktyora transferləşdirin, görün, necə alınır? Yaxud “Əhməd haradadır?” filmində (böyük bəstəkar Rauf Hacıyevin ecazkar musiqi taktları altında) yataqxana komendantı ilə “başqatmaoyununu xatırlayın (bir kərə kinoteatrda bütün cavanların onun ritminə necə düşüb, necə çiyin oynatdıqlarının şahidi olmuşam).

Hələ teatr səhnələrindəki bədii-həyati oyunları! “Hicran” (Sabit Rəhman) tamaşasındakı Dadaşbala obrazını təbii ki, ondan sonra neçə-neçə aktyor oynayacaq. Amma onlardan hansısa bu sənət rolunu Səyavuş Aslanrulu kimi idarə edə biləcəkmi?!.

Bunlar “yazmaq”lıqdan çox “demək”liyə bənzəmirmi? Hələ -

 

“Nə yazmalı”

 

bir problemdirsə, “nə qədər yazmalı” ikidir. Filmoqrafiyasının tam olmayan siyahısı 50-ni keçən bu teatr aktyorunun saysız səhnə rollarını necə çəkəsən qələm-kağız ayağına? Hamısı da, elə bil, onun komik “mən”inə uyğunlaşdırılmış adlar: Firzuzbala, İbişov, Şubay, Dadaşbala, Saqqal Ramiz, Qəmzəli, Misir Nəsir, Mindilli, Fəriş, Əsdulla, Sarı və s.

Onun haqqında düşünüb-daşınarkən (və yazıb-pozarkən) bircə məqamda gülüb-gülümsünməmək olar: 5 sentyabr 1935-də Bakıda doğulub, aktyorluğa həvəskar dram dərnəyində başlayıb, Quba Dövlət Dram Teatrında (1958), uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında işləyib, “Şərəf” ordeniXalq artisti adıyla təltif olunub, 2013-cü il iyunun 27-də dünyasını dəyişib...

Xatirələrdə, yaddaşlarda isə -

 

Heç nə dəyişməyib...

 

Onun sir-sifəti də ayrıca bir mini-teatr təsiri bağışlayırdı. Dünyada belə sifətli çox az aktyor var ki, bizdə bir Əliağa Ağayev idi, bir Səyavuş Aslan. Deyim ki, sonuncu daha ciddi, yaxşı mənada daha “bozsifət” idi. O qədər ciddi, oxəntərə “bozsifət” ki, hətta “Əhməd haradadır?” filmindəki məlum rəqsini belə ona “yaraşdırmaq” olmurdu. Əlavə edim ki, onu tanımayan bir əcnəbi bu surəti artistdən çox tənqidçiyə bənzədərdi. Bu qənaətimin təsdiqi üçün onu tək elə səhnədə, kino-telekadrlarda yox, həyatda da görmək gərəkdi. Fərqindəsizmi, hər gəliş-görünüşüylə hər kəsi güldürən, bəzən uğunduran (xüsusilə “Hicran” tamaşasında!) bu insanın bircə kərə ürəkdən şaqqanaq çəkib güldüyü olmadı...

Mən buxarakter işinin fərqinə çox varırdım və elə hey fikirləşdim:

 

Görəsən, niyə?..

 

Onu hərdən dənizkənarı bulvarda da görürdüm və maraqlıdır ki, əksərən tanınmamış adamların əhatəsində. Dili dialoqlarda olsa da, fikrən daim müqəyyəd monoloqda - tənhalıqda kimi görünərdi. Sifətindən qəribə uyğular yağan bu adam məndə qəribə duyğular oyadardı. Elə bil o, bizə - sevərlərinə, beş-on kəlmə kəsmək istəyənlərinə bir az ironiya ilə də baxırdı; yəni, “hə, nə var, noolub, aktyor-zad görməmisiz, işüüz-peşeüz yoxdi?” Bu son üç sözü onun dilindən az eşitməmişdim (bu barədə, telekanallarımız demişkən, “az sonra”).

Hə, “xarakter işihaqda daha nə? Görəsən, bu məsələdə onun son dövrlərindəki ailə “dram”ının darolu yoxmuş ki? Məncə, o qədər də yox. Adını unutduğum bir teatr tənqidçisinin bir fikrinə rəğmən gəlirəm bu qənaətə: “Aktyor sevgi haqqında hər şeyi bilməyə, lakin onsuz yaşamağı da öyrənməyə borcludur”...

Keçirəm “az sonra” vədimə. Bir dəfə onu dənizkənarı çayxanada tənha oturmuş gördük və həmkarlarımdan biri dedi ki, gedək oturaq, rəsmi müsahibələrdən qaçan bu balacaboy nəhənglə əməlli bir intervü-söhbət edək. Yaxınlaşdıq. Salam-kəlamdan sonra üçümüzdən ikimizi tanıyan Səyavuş müəllim iltifat göstərib, səhnədənkənar gülüş-güldürüş də yaratdı: “Yəqin qırağdan baxıb-baxıb, öz-özüzə deyibsiza üç gəzən bəxtəvər, heç demirsiz tək də var”, həə?..”

Yaxşıca gülüşdük və həmkarlarım “qızınma” söhbətindəykən, mən, uzun illər komediya teatrının “as”ı olmuş bu adamın sir-sifətindəki əbədiməskun tragik cizgiləri izləyirdim. Bir xeyli davam edən gül kimi Allah-bəndə söhbətimizin bir məqamında həmkarlarımdan birigülvurdu:

- Səyavuş müəllim, ərəb mütəfəkkirlərindən biri deyir ki; “Böyük insanların iki ürəyi var: birindən qan axır, o biri dəyanətlə dözür”. Bu barədə nə deyərdiz?

Bu həmişəhazır aktyorumuz sözünü rola girmədən söylədi: “Buna cavab verməkçün adamın üçüncü ürəyi olmalıdır”.

Bu ekspromt cavab dostlarımı daha da ruhlandırdı:

- Napoleon deyir: “Bir ölkənin məşhurlaşması üçün bir neçə tanınmış sənətkarın olması kifayətdir”. Sizcə də belədir?

- Sizi bilmirəm, mən Bonapart boyda nəhəngin fikrini redaktə edə bilmərəm”.

- Siseronun bir fikri var: “Dahi insanlarda xüsusi cazibədarlıq olduğu üçün insanlar elə ilk baxışdan onları sevməyə başlayırlar”.

Bütün görkəmi ilə təvazökarlıq obrazını xatırladan bu sənətkar bir az da ciddiləşib, qınaq-qonaq əda-sədası ilə:

- A kişilər, bu frazada söhbət dahilərdən gedir, - deyib, təbəssümlə əlavə etdi - nöş mənə bu durbinnən baxırsız?!”

Bir neçə belə “ofsaytsuallardan sonra dostlarımdan biri artıq yuxarıda verdiyim frazanı onun üzünə söylədi: “Aktyor sevgi haqqında hər şeyi bilməyə, lakin onsuz yaşamağı da öyrənməyə borcludur”. Bu fikrə necə baxırsız, Səyavuş müəllim?..

Həmin anlar göydə bulud vardımı, yoxdumu, onların rəngi ağmı, qaramı idi, - unutmuşam, amma o son sualdan sonra, səhnə səmamızın ən parlaq ulduzlarından olan Səyavuş Aslanın rəngi bu xalqın ona hüsn-rəğbət və məhəbbətlər süslü təsəvvüründəki kimi idi. Həmin anlar stəkanlarımızdakı çay da, elə bil, əvvəlkilərdən daha pürrəng idio dördkünc stolun üstündə bir sual dəyirmilənməkdə idi: “Bu frazaya necə baxırsız, Səyavuş müəllim?..”

Böyük Səyavuş müəllim isə öz soyadıvari bir mərdanəliklə qarşıladı - o dövrün otutuquşu” sualını. Sifəti “bu, həyatdır, heç kəs heç nədən sığortalanmayıb” dialektikası üstə köklənmiş, gözləri məchul və “məlum” bir nöqtəyə zillənmiş görkəmdə dedi: “...Mən bu sualınıza bax belə baxıram...”

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 12.