Azərbaycanda lüks turizmin imkanları

 

Mütəxəssislərin fikrincə, ölkəmizdə turizmin bu sahəsinin inkişafı üçün kifayət qədər zəmin var

 

Azərbaycanda turizm sahəsi inkişaf etdikcə, yeni istiqamətlər, müxtəlif turizm növlərinin perspektivləri sektor təmsilçilərinin müzakirə obyektinə çevrilir, yeni turizm terminləri meydana çıxır. Onlardan biri lüks turizmi (bəzən elitar turizm deyilir) anlayışıdır.

 

Azərbaycanda bu turizm növünün təbliği ilə bağlı oktyabrın 9-da «Fairmont Baku» hotelində «Baku Travel Bazaar Exotic» adlı tədbir keçiriləcək. Tədbirdə beşulduzlu hotellərin, Asiya, Yaxın Şərq ölkələrinin, Amerikanın, Hind okeanı adalarının, Afrikanın, Avstraliya Okeaniyanın lüks turizmi üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak edəcək.

Lüks turizmi nədir Azərbaycanda bu turizm istiqamətinin qədər perspektivi var? Bu sualla ekspertlərə müraciət etdik.

 

Bazarı müəyyənləşdirib, ona uyğun məhsul təklif etməliyik

 

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov bildirdi ki, lüks turizmi yüksək çinli dövlət adamlarının, şirkət rəhbərlərinin, tanınmış simaların istirahətinin təşkilidir. Bu insanlar səfər etdikləri ölkələrdə yüksək kateqoriyalı hotellərdə qalırlar, daha səviyyəli xidmət görmək istəyirlər. Azərbaycanda bu turizm istiqamətinin inkişafı üçün infrastruktur yaradılır: “Təsadüfi deyil ki, Bakıda son illər fəaliyyətə başlayan hotellərin əksəriyyəti elitar turistlər üçün nəzərdə tutulmuş yüksək kateqoriyalı hotellərdir. Eyni zamanda bölgələrimizdə dünyanın tanınmış şəbəkələrinə aid hotellər istifadəyə verilir. Düzdür, bəzi mütəxəssislər deyirlər ölkəyə daha çox turist cəlb etmək üçün 3 daha aşağı ulduzlu hotellərin tikilməsinə ehtiyac var. Son vaxtlar bu fikirlər tez-tez səslənir. Amma fikrimcə, çalışmaq lazımdır ki, kəmiyyət yox, daha çox keyfiyyət üstünlük təşkil eləsin. Yəni biz elitar turizmi inkişaf etdirməklə, müxtəlif ölkələrin zəngin insanlarını Azərbaycana cəlb edə bilərik beləliklə daha çox gəlir əldə edərik”.

Məlumdur ki, elitar insanları maraqlandıran əlavə xidmət sahələri fərqlidir. Bu baxımdan Azərbaycan yüksək səviyyəli qonaqları qarşılamağa hazırdırmı?

Mütəxəssisin fikrincə, hər hansı bir turizm növünü inkişaf etdirmək üçün əvvəlcə bazarı müəyyənləşdirmək lazımdır: «Sonra isə o bazarın tələblərinə uyğun turizm məhsulu ortaya qoyulmalıdır. Məsələn, ərəb ölkələrinin elitar təbəqəsini ov turizmi maraqlandırırsa, biz o turizm məhsulu ilə ərəb ölkələrinə çıxmalıyıq. Bu insanlara çimərlik turizmi təklif edə bilmərik. Yaxud Türkiyə bazarında çimərlik turizmini təbliğ etmək səmərə verməz. Ona görə bazarı müəyyənləşdirib, ona uyğun da turizm məhsulu təklif etməliyik».

 

Ölkəmizdə lüks turizmin perspektivləri var

 

Hotellər Restoranlar Assosiasiyasının sədri Samir Babazadə Azərbaycanda bu turizm növünün perspektivli olduğunu düşünür: «Elitar turizm, adından da göründüyü kimi, bahalı əhalinin daha varlı təbəqəsi üçün nəzərdə tutulmuş bir turizm növüdür. Buraya həm bahalı hotellər, həm təqdim olunan mətbəx, səviyyəli restoranlar, eyni zamanda əlavə xidmətlər, kruizlər, dəniz gəzintiləri daxildir”.

Həmsöhbətimiz deyir ki, Fransanın cənubu (lacivərd sahil) Monako dünyanın lüks turizm seqmentində qabaqcıl hesab edilir. Bu sırada Birləşmiş Ərəb Əmirliyi, Kosta-Rika kimi ölkələrin mühüm mövqeləri var.

Azərbaycanda da lüks turizmin inkişafı realdır, çünki ölkəyə olan maraq gündən-günə artır, o cümlədən varlı insanların da səfərləri artmaqdadır. Azərbaycana gəlib burada dincəlməsi, təbii ki, elitar turizmin də inkişafını stimullaşdırır: “Bizdə lüks turizmin inkişafı üçün kifayət qədər zəmin var. Məsələn, qolf klublar, “Formula 1” yarışları üçün treklər və s. bu seqmentin tərkib hissəsidir. Fikrimcə, yaxın gələcəkdə ölkəmizdə eksklüziv, dəbli hotellər də inşa ediləcək”.

Mütəxəssis bir faktı da qeyd etdi ki, bütün bunlara rəğmən, bu seqmentin inkişaf etdirilməsi üçün qonaqpərvərlik sahəsində peşəkar personalın yetişdirilməsinə və turizm xidmətlərinin çeşidinin artırılmasına xüsusi diqqət verməliyik.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 11.