“Müxtəlif
dinlərə hörmətlə yanaşan Azərbaycan
dünyaya nümunədir”
“Əgər sən gerçək inanclısansa, hər kəsi sevəcəksən. Amma öz dinindən millətçi vasitə kimi istifadə etmək yanlış yoldur”
Sentyabrın 1-2-də
Bakıda keçirilən “Mədəniyyətlərarası
dialoq: mədəniyyət və din arasında
qarşılıqlı əlaqə” mövzusunda Avropa
Şurasının mübadilə görüşündə
müxtəlif ölkələrdən qonaqlar iştirak edirdi.
Onların sırasında “Court of the
Gentiles”in icraçı direktoru, Roma Papasının yanında
Mədəniyyət Şurasının üzvü Jan Loren
(Jean Laurent) Mazas da var idi. Onunla
söhbətimiz din və mədəniyyətin
qarşılıqlı əlaqəsi və dünyada baş
verən proseslərə təsiri barədə oldu.
- Sizcə,
bu tədbirin mövzusu müasir dünyamız
üçün nə dərəcədə aktualdır?
- Mədəniyyətlərarası
dialoqda din və mədəniyyətin münasibətləri
müasir dünyamız üçün çox aktual məsələdir.
Bu baxımdan bütün dinlərə liberal
münasibətin hökm sürdüyü, hörmətlə
yanaşıldığı Azərbaycanda belə mövzuda tədbirlərin
keçirilməsi əhəmiyyətlidir. Ümid edirəm ki, digər inanclara tolerantlıq
nümayiş etdirən, dini icmaların fəaliyyətinə
lazımi şərait yaradılan bu ölkədə dinlərarası
dialoqun müsbət nəticələri olacaq.
-
Dünyanın müxtəlif yerlərində lokal müharibələr
baş verir, günahsız insanlar qətlə yetirilir, mədəniyyət
abidələri məhv edilir. Bəzən bu
savaşlar din pərdəsi altında aparılır. Bu mənada mədəniyyət və din birlikdə
necə rol oynaya, hansı təsir vasitələrindən
istifadə edə bilər?
-
Düşünürəm ki, din pərdəsi altında savaş
açmaq yolverilməzdir. “Din xilas edə bilər”
anlayışı ilə də razı deyilik. Ümumiyyətlə,
müharibə etmək doğru addım deyil. Bu gün müxtəlif dinlərə hörmətlə
yanaşan Azərbaycan bütün dünyaya nümunədir,
ölkəniz dinlərarası dialoqa böyük töhfələr
verir. Hər kəs özü fərdi
olaraq başqalarının mədəniyyətinə hörmətlə
yanaşmalıdır. Lokal müharibələrə
gəlincə, biz bu gün İraqın şimalında
baş verən prosesləri böyük narahatlıqla izləyirik.
O insanlar əcdadlarının yaşadıqları torpaqlardan
kənarda qalıblar. Beynəlxalq ictimaiyyət
bu humanitar böhranın aradan qaldırılmasına
müdaxilə etməlidir. Təəssüf
ki, artıq beynəlxalq hüququn mexanizmi işləmir,
insanlar dini baxışlarına görə sistematik məhv
edilir. I Dünya müharibəsindən ötən 100 il ərzində hərb sənayesi sürətlə
inkişaf edib. İnsanların bir-birinə
qarşı dözümsüzlüklə
yanaşdığının şahidi oluruq. Vaxt yetişib, biz ən yaxşı yolların
araşdırılmasına çalışmalı,
qardaşlıq prinsiplərini yaymalıyıq.
- Lakin təəssüf
ki, bəzi qüvvələr öz maraqları naminə hətta
dinləri üz-üzə də qoyurlar...
- Tamamilə
razıyam. Bu gün din anlayışı bir
sıra qüvvələr tərəfindən istismar olunur.
Əgər insan hesab etsə ki, din onun həyat
tərzidir, sirdaşıdır, daxili aləmidir, o zaman
bütün insanlara bacı və qardaşımız kimi
yanaşacaq. Çünki insanı Allah
yaradıb və bütün yaradılanlar bizim
bacı-qardaşlarımızdır. Əgər
sən gerçək inanclısansa, hər kəsi sevəcəksən.
Amma öz dinindən millətçi vasitə
kimi istifadə etmək yanlış yoldur.
- Sizcə,
din və mədəniyyəti bir araya gətirərək bu
cür tədbirləri keçirməklə belə
tendensiyaların qarşısını almaq olarmı?
- Hesab
edirəm ki, belə tədbirlər ortaya çıxan problemlərlə
bağlı yeni yollar axtarmaq, səy göstərmək
üçün yaxşı vasitədir. Cəmiyyətlər,
insanlar arasında daha çox dözümlülük
olmalıdır. Çünki indi bəşəriyyət
özünün çətin dövrünü
yaşayır. Məsələn, mən
Romada hər gün miqrantların həyat tərzini
görürəm. Yaşamaq
üçün yeri olmadığından küçədə
yatan insanları görürük. Yaxud
varlı və kasıblar arasında böyük fərqləri
götürək. Bir də insanlarda bir qədər
şərəf və ləyaqət olmalıdır ki, bu
istiqamətdə nəyisə dəyişməyə nail ola bilək. Hesab edirəm ki, bu mənada
din təhsilin, şüurun inkişaf etdirilməsinə
kömək edə bilər.
- Mədəni
cəhətdən rəngarəng cəmiyyətlərdə
dini və qeyri-dini təşkilatların
tolerantlığı özünü necə büruzə
verir? Bu diskriminasiya, dözümsüzlük və
zorakılığın bütün növləri ilə
mübarizəyə hansı töhfəni verə bilər?
- Məsələn,
mən Vatikanda inanclı və inancsızların birlikdə
iclasını keçirirəm. Bu mənim
işimdir və düşünürəm ki, bu gün
üçün çox vacibdir. Onlar bir
araya gəlir və cəmiyyətin üzləşdiyi problemləri
nəzərdən keçirir, müzakirə edir, ortaya
çıxan suallara cavab axtarmağa
çalışırlar. Nəzərə
almaq lazımdır ki, onlardan bəzilərinin inanclı, digərlərinin
ateist olmalarına baxmayaraq, biz eyni cəmiyyətdə yaşayırıq.
Artıq bu mədəniyyətlərin, dinlərin
dialoqu deyil, inanclı və inancsızların dialoqudur. Məsələn, Fransa cəmiyyətində belə
hesab olunur ki sənin dinin sənə məxsusdur və sən
onu qəlbində saxlamalı, ifadə etməməlisən.
Yəni biz sadəcə insanıq.
- Deməli,
dinindən asılı olmayaraq bütün insanları bir
araya necə gətirmək məsələsi gündəmə
gəlir?
- Əlbəttə, mədəniyyət burada
mühüm rol oynayır. Biz insanıq və həyatda
səhv də edə bilərik. Və ya sən
istehsal etdiyin, hazırladığın bir şeyin keyfiyyətli
olmasını istəyirsən. Mədəniyyət
təkcə bizim yatmağımız, yemək yeməyimizdən
ibarət deyil. Buraya həm də fikirləri,
düşüncələri inkişaf etdirmək daxildir.
Din isə insanın seçimidir və onun həyatına gedən
yoldur. İnsanlar bunu öz qəlblərində
saxlamalı, bir-biriləri ilə inanclarından asılı
olmayaraq mehriban, sülhpərvər tərzdə
davranmalıdırlar.
- O zaman əsas
problem nədir?
- Problem
inamlı və ateistlərlə bağlı deyil, alimlər və
ifrat liberallarla bağlıdır. Məgər
insan istədiyi hər bir şeyi etməlidirmi? Axı insan bəzən özünə sərhəd
də qoymalıdır. Alimin insanların
ağlını dəyişməyə səy göstərməsi
nə dərəcədə doğrudur? Bu
qeyri-mümkündür. Çünki bəzi
alimlər buna təkamül nəzəriyyəsi aspektindən
yanaşırlar. Məsələn, ifrat
liberallar peyğəmbərlərin karikaturalarını
çəkirlər. Əlbəttə,
bütün bunlar neqativ, xoşagəlməz hallardır.
Cəmiyyətin gələcəyi yeni
texnologiyadan, elmin tərəqqisindən asılıdır.
Lakin bu tərəqqi ifrat dərəcədə
çox olmamalı, etik hədlər gözlənilməlidir.
Məsələn, götürək
klonlaşmanı. Din söyləyir ki, insan Allahın
yaratdığını yarada bilməz. Beləliklə,
insan hər hansı addımı atdıqda öz ağlı,
şüuru ilə hesablaşmalıdır.
- Din və
mədəniyyət bir araya necə gələ bilir? Ümumiyyətlə, bütün dünyada mədəniyyət
və dininin bir yerdə olma modeli necə olmalıdır?
- Din mədəniyyətin
özülüdür. Götürək islam
və xristian mədəniyyətini. Əgər
xristian mədəniyyətinə nəzər salsaq, görərik
ki, bizim musiqimiz, şeirimiz, xorumuz və digər mədəni
elementlərimiz var. İslam dinində də zəngin mədəniyyət
var. Din daha çox şəxsi və mərhəm elementdir.
Mədəniyyət insan həyatının məhsuludur.
Qeyd etdiyim kimi, mədəniyyət dinin əsasında
dayanır. Məsələn, götürək
Motsartı. O, “Rekviyem”i yazarkən qəlbinin dərinliyindəki
hissləri, inamı ifadə edirdi. Mən buddist
deyiləm, amma onların mahnısını da dinlədikdə,
o mənə nə isə deyir. Göründüyü
kimi, din və mədəniyyət bir-birini tamamlayır.
-
Maraqlıdır, müasir dünya, baş verən proseslər
sizə necə görünür?
-
Dünyada böyük ziddiyyətlər var. Müsbət məqamlarla
yanaşı, bu gün bütün dünyada böyük
çətinliklər yaşanır. Müharibə,
cinayət, mafiya, əxlaqsızlıq və nə qədər
xoşagəlməz hallar var. Götürək, yeni
texnologiyaları, məsələn iPhone telefonları. Dünən mən restoranda bir mənzərənin
şahidi oldum. Orada bir ailə də əyləşmişdi.
Ata, ana və qız - hər üçü
ancaq telefonla məşğul idilər. İnsanlar
bir yerdə əyləşir, amma bir-biriləri ilə deyil,
telefonla ünsiyyətdədirlər. Əlbəttə,
bu çox pis haldır. Çünki istər
cəmiyyətdə, istərsə də ailədə insanlar
arasında dialoq lazımdır. Mən
telefondan bir alət kimi istifadə edirəm. Məsələn, sən kompüterin önündə
əyləşib Google-da axtarış edərkən artıq
o sənin maraqlarını, nə istədiyini bilir. Yəni istədiyini axtarıb sənə verir.
Burada artıq beyin düşündürmür.
Əlbəttə, bu da texnologiyanın
inkişafının bir qədər mənfi tərəfləridir.
- Mədəni
irsin, o cümlədən dini-mədəni irsin mədəniyyətlərarası
dialoqa töhfəsi nədir?
-
Bildiyiniz kimi, Vatikanda da müxtəlif xalqların irsi qorunur. Qeyd etdiyim kimi, mədəniyyət təkcə din
üçün deyil, bütün bəşəriyyət
üçündür. Biz təkcə həm
də Vatikan muzeyinə, kitabxanalarına nəzarət edirik.
Bildiyiniz kimi, Vatikan kitabxanalarında, arxivlərində
Azərbaycan da daxil olmaqla bir sıra xalqların irsi qorunur.
Biz insanlardan soruşmuruq ki, o xristian, yaxud da
müsəlmandır. Hər kəs bu
muzeylərə, kitabxanaya gələ bilər. Avropada həm də çoxlu məscidlər var.
Amma məsələn, Səudiyyə Ərəbistanında
kilsə tikilməsinə qadağa qoyulub. Biz
onlarla bu barədə söhbət etmişik. Onlar isə deyir ki, bizim ölkəmiz müqəddəs
məkandır və burada kilsə tikmək olmaz. Azərbaycan bu mənada tolerant ölkədir. Burada məscidlərlə yanaşı kilsələr,
sinaqoqlar da var. Yəni bir ölkədə digər
xalqların da mədəni irsinə və dini mədəni
irsinə belə hörmətlə yanaşılırsa, bunun
özü mədəniyyətlərarası dialoqa bir töhfədir.
Bu baxımdan Azərbaycanla sıx əlaqələrimiz
var. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əlaqələrimizin
qurulmasında və inkişafında böyük rol
oynayır. Məsələn, onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun Roma katakombalarının bərpası
ilə bağlı yardımını yüksək qiymətləndiririk.
- Sonda Azərbaycanla
bağlı təəssüratlarınız öyrənmək
də maraqlı olardı...
- Bu mənim
Azərbaycana üçüncü səfərimdir. Bundan əvvəl 2009-cu ildə “Bakı İslam Mədəniyyətinin
Paytaxtı” adlı konfransa, 2011-ci ildə isə Bakıda
keçirilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna gəlmişəm. Müşahidələrimə
əsasən deyə bilərəm ki, Azərbaycan dünya mədəni
aləminə böyük uğurla daxil olub. Budəfəki səfərimdə Beynəlxalq
Muğam Mərkəzində oldum. Bina sadəcə
fantastikadır. Muzeyləriniz də
xoşuma gəldi. Əlbəttə, bunun
özü insanlarınızın mədəniyyətə
münasibətindən irəli gəlir. Son olaraq deyim
ki, Bakının ev sahibliyi ilə
keçirilən, Avropa Şurasının nümayəndəsi
və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin də
iştirak etdikləri bu tədbirdən müsbət gözləntilərimiz
var.
Mehparə
Mədəniyyət.- 2014.- 5
sentyabr.- S. 10.