“Özümü
kitabsız, mütaliəsiz təsəvvür edə bilmirəm”
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev “Kitabçı”
jurnalına geniş müsahibə verib. Səlim Babullaoğlu
və Seyfəddin Hüseynliyə müsahibəsində nazir
Əbülfəs Qarayev ölkənin mədəniyyət həyatına,
turizm sferasına və digər mövzulara aid sualları
cavablandırıb.
(Əvvəli ötən sayımızda)
Səlim Babullaoğlu: İndi mədəniyyət sektorundan danışaq. Mədəniyyət böyük məfhumdur və təbii ki, istənilən mədəniyyətin mərkəzində kitab fenomeni dayanır. İxtisasca filoloq olduğunuzu da nəzərə alsaq, bir fenomen kimi, kitab Sizin üçün nədir?
Əbülfəs Qarayev: Birincisi, kitab öz-özlüyündə bəşəriyyətin yaratdığı möhtəşəm xəzinədir. Çünki bəşəriyyət tərəfindən nə qədər ağıllı fikirlər, düşüncələr, ideyalar ortaya qoyulubsa, onlar məhz kitablarda öz əksini tapıb, günümüzə qədər gəlib çıxıb. Nazirliyin bir sektoru da nəşriyyat və kitab işi ilə məşğul olur. Özümü, haradasa, bir qədər günahkar sayıram ki, o sahəyə istədiyim qədər diqqət ayıra, əl uzada bilmirəm. Ancaq yenə də xeyli işlər görülüb, kitab nəşri canlanıb, son vaxtlar dəyərli kitablar nəşr etmişik və bu iş davam edir. Bizim kitabxanalarda elə kitablar var ki, cəmi bir, ya da bir neçə nüsxəsi qalıb. Layihə çərçivəsində indi onların bərpasını və təkrar nəşrini həyata keçiririk. Həmin nadir nüsxələri çap eləyib bütün kitabxanalara veririk. Kitabı xəzinə kimi qorumaq lazımdır. İntəhası, kitabın informasiya texnologiyası dövründə yeri, rolu və formatı necə olacaq - bunu gələcək göstərər.
Səlim Babullaoğlu: Necə fikirləşirsiniz, kağız kitab qalacaq?
Əbülfəs Qarayev: Mənə elə gəlir ki, kağız kitab hələ yarım əsr də öz mövqeyində qala bilər. Çünki müəyyən bir yaş qrupunda - biz və bizdən sonrakılarda, yəni övladlarımızda kağız kitaba rəğbət duyğusu hələ qalır. Biz və bizim uşaqlarımız jurnallara, kitablara öyrəşiblər. Bunun hesabına kağız kitabın ömrü bir müddət də davam edəcək, ondan sonrası isə gələcəyin, yeni nəsillərin işidir.
Seyfəddin Hüseynli: Kitabçılıq, kitab nəşri sahəsində ciddi canlanma prosesi getdiyini bildirdiniz. Bu proses rəqəmlərdə öz əksini nə cür tapır? Azərbaycanda nəşriyyatların, mətbəələrin sayı, fəaliyyət səviyyəsi ilə bağlı statistika nə göstərir?
Əbülfəs Qarayev: Azərbaycanda təxminən yüzdən artıq nəşriyyat var. Poliqrafiya haqqında qanun qəbul olunandan sonra nəşriyyat və mətbəələrə tamamilə sərbəstlik verildi. Nəşriyyatların üzərindən dövlətin nəzarət funksiyaları götürüldü. Artıq bizim onlara heç bir təsir qüvvəmiz olmayıb. Bu proses başlayanda biz təklif elədik ki, nəşriyyatların assosiasiyası formalaşsın. Onlarla əməkdaşlığa nail olduq. Kitab sərgilərinin keçirilməsi öz-özlüyündə bu nəşriyyatlara meydan açdı, geniş imkanlar verdi. Əslində, nəşriyyatlara nəzarət funksiyasının olmasının arzusunda deyiləm, intəhası, yaxşı olardı ki, kitabların nəşri ilə bağlı qanun pozuntularına yol verilməsin. Kitablar çap olunur, amma Milli Kitabxanaya göndərilmir. Məcburi nüsxələr məsələsi var, bu, mütləq olmalıdır. Milli Kitabxanaya göndərilən nüsxələri yoxlayanda bizim mütəxəssislər görürlər ki, bəzi kitablar keyfiyyətsizdir. Naşirlər Assosiasiyası yarandıqdan sonra keyfiyyət nisbətən yüksəldi, beynəlxalq müsabiqələrdə, yarmarkalarda Azərbaycan kitabları yer tutmağa başladı. Heydər Əliyev Fondunun çox gözəl, çox dəyərli nəşrləri olur. Onlar kitab nəşrində sənət səviyyəsində yeni bir istiqamət açdılar. Düşünürəm ki, biz latın qrafikası ilə kitabların çap olunması barədə Prezidentin verdiyi sərəncam üzrə görülən işlərlə kifayətlənə bilmərik. O sərəncam çox vacib bir təməldir, amma yeni təşəbbüslər də həyata keçirilməlidir. Kitabxanalara başqa nəşrlər də daxil olmalı, insanlar müxtəlif, zəngin çeşidli kitablar əldə etməli, oxumalıdırlar. Biz nəzarət etmək yox, fəaliyyəti əlaqələndirmək funksiyasını öz üzərimizə götürdük. Azərbaycanda 100 nəşriyyatdan ən azı 30-u real olaraq işləyir. Onların rəhbərliyi dərk edir ki, nazirlik vasitəsilə sərgilərə gedə, öz məhsullarını nümayiş etdirə və sifarişlər ala bilərlər. Odur ki, bizimlə əməkdaşlıqda maraqlıdırlar.
Səlim Babullaoğlu: Kitabdan danışıb kitabxanadan söz açmamaq olmaz. Statistikaya görə, Azərbaycanda təxminən 11 minə yaxın kitabxana var, onların 40 faizi nazirliyə aiddir...
Əbülfəs Qarayev: İndi bizim şəbəkədə 3500 kitabxana qalıb.
Səlim Babullaoğlu: Bu azalma nə ilə bağlıdır?
Əbülfəs Qarayev: İldə ən çoxu 5, ya da 10 kitabxana təmir edə bilirik. Nazirlik təkcə kitabxanalarla məşğul ola bilməz, axı digər sahələr də var. Dövlətdən həddən artıq çox şey gözləyirlər, amma dövlət sehrbaz deyil ki, qısa müddətdə bu qədər işi görüb başa çatdırsın. Vaxt, vəsait, imkan - bunlar hamısı vacib şərtlərdir. Ona görə də hesab edirəm ki, yeni tələblərə cavab verməyən, kitaba hörmət oyatmaq bir yana dursun, antikitab təəssüratı yaradan kitabxanalar qalmamalıdır. Belə kitabxanalar ləğv edilməlidir.
Seyfəddin Hüseynli: Yəni bu yöndə nazirlik kitabxanaların özlərindən də təşəbbüs, hərəkətlənmə gözləyir?
Əbülfəs Qarayev: Bəli, kitabxanalar, onların kollektivi hərəkətə gəlməlidir, kitabxanaçı oturub gözləməməlidir ki, kimsə nə vaxtsa gələcək, ondan kitab alıb oxuyacaq. Kitabxana özü cəmiyyətin içərisinə getməli, xidmətini təklif etməlidir, yeniləşməlidir, fəaliyyətini müasir düşüncə əsasında qurmalıdır. Sovet dövründə savadsızlığın aradan qaldırılması üçün hər kənddə kitabxana açıb insanları məcburi savadlandırırdılar. Onda hər şey məcburi idi, cürbəcür şüarlarla insanları harasa cəlb edirdilər. İndi vəziyyət kökündən fərqlidir: istəyən gedir, istəməyən getmir. Hər sahədə belədir. Kitabxanalar da öz işini elə qurmalıdır ki, camaat onunla, kitablarla maraqlansın. Hər kitabxananın özünəməxsus strateji xətti, kreativliyi olmalıdır. Məsələn, mən turizm informasiya mərkəzlərinin yaradılmasının tərəfdarıyam. Mərkəzləşdirilmiş kitabxana sistemi yaratdıq, kompüterləşmə aparıldı. Bunu hər yerdə tətbiq etməyə imkan yoxdur. Yaxud da elektron şəbəkədə işləyən kitabxanalarımızın işində yeniliklər olmalıdır, təkcə rus dilində yox, Azərbaycan və ingilis dillərində proqramlar öz əksini tapmalıdır. Öz tərəfimizdən deyə bilərəm ki, son dövrlərdə kitabxana ilə bağlı nə qədər tədbirlər keçirmişik. Cənab Prezidentdən xahişimiz oldu, beynəlxalq kitabxana şəbəkələrinin rəhbərlərini qəbul etdi. Onlar heyran qaldılar, dedilər, heç yerdə görməmişik ki, Milli Kitabxananın 90 illiyi qeyd olunsun, elmi konfranslar keçirilsin, kitabxanaçılara mükafatlar, medallar verilsin. Bütün bu işlər cəmiyyətdə istər-istəməz kitaba diqqəti artırır. Amma yenə də daha konkret və vacib işlər kitabxanaların öz üzərinə düşür.
Seyfəddin Hüseynli: Görünür, məsələnin kökü kitabxanaların kadr problemində, işçilərin müasir modellərlə düşünmək, çalışmaq səviyyəsinin aşağı olmasındadır.
Əbülfəs Qarayev: Bəli, bunlar ciddi əngəllərdir. Bu sahədə 30 minə qədər insan çalışır. Onların böyük əksəriyyətinin yaşı çoxdur, yeni texnologiyaları qəbul edə bilmirlər, qalanlarının da əksəriyyəti buraya adicə iş yeri kimi baxır, kitabın, kitabxananın təəssübünü çəkmir. Yeni texnologiyalar deyəndə mən təkcə kompüteri yox, həm də yeni yanaşmaları nəzərdə tuturam. İndi hətta kitab rəfləri belə, müasir texnologiyalara uyğunlaşdırılır, avtomatlaşdırılmış rəflərdən istifadə olunur.
Seyfəddin Hüseynli: Bəlkə, kitabxanalar üçün kadrların seçilməsində, onların işə qəbulunda yeni tələblər irəli sürülməli, məsələn, təşəbbüskarlıq, yaradıcı yanaşma, yenilik meyli kimi keyfiyyətlərə diqqət artırılmalıdır?
Əbülfəs Qarayev: Bilirsiniz, bu vəziyyət birdən-birə belə olmayıb. Biz bir ara çox pis dövr yaşadıq. 1987-ci ildən 1995-ci ilə qədər təhsilin səviyyəsi də, kitaba maraq da çox aşağı düşdü, biganəlik mühiti yarandı. İndi iş üçün gələn nəslin böyük çoxluğu həmin dövrün insanlarıdır. Onlardan yeni və ciddi nələrsə gözləmək çətindir. Sonra ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hər şey yavaş-yavaş düzəlməyə başladı. 2000-ci illərdə formalaşan gənclər isə dünyaya tamam başqa gözlə baxırlar. Nümunə kimi “YARAT”ın üzvlərini göstərə bilərəm. Belə gənclərin təşəbbüslərini çox bəyənirəm, onları həmişə dəstəkləmişəm. Amma onların cəhdləri tam kifayət eləmir, ümumi, ictimai təşəbbüskarlıq olmalıdır, bu, tamamilə başqa, yəni daha yüksək effekt verə bilər.
Səlim Babullaoğlu: Mədəniyyət və Turizm Nazirliyi bir neçə ildir ki, beynəlxalq səviyyəli kitab sərgi-yarmarkaları keçirir. Nazirliyin bilavasitə iştirakı və dəstəyi ilə xaricdəki bu tipli tədbirlərdə Azərbaycanın stendləri nümayiş olunur. Mənə elə gəlir ki, həmin stendlərdə siyasi ağırlıqlı ədəbiyyat üstünlük təşkil edir. Amma qonşu ölkələrdə, tutalım, Türkiyədə vəziyyət başqadır. Ölkədə nəşr olunan ən yaxşı ədəbiyyat nümunələrinin - həm siyasi, həm bədii, həm də texniki ədəbiyyatın - ingilis, fransız, ərəb, alman dillərində kataloqları hazırlanır, sonra bunun təbliğatı ilə məşğul olurlar. Yəni insanlar əvvəlcə kataloqlardan nələrsə öyrənir, maraqları həmin əsasda formalaşır, buna uyğun məlumatlanır və seçim edirlər.
Əbülfəs Qarayev: Nəşriyyatların siyasi ədəbiyyatlara daha ciddi, fəal münasibət göstərməsi, bu mövzuda daha yaxşı kitablar buraxması səbəbindən belə alınır. Bu mənzərə həmin fəaliyyətin nəticəsidir. Azərbaycanın müasir dövrdəki inkişaf strategiyasının əks etdirilməsi, ölkənin ən vacib məsələlərinin işıqlandırılması üçün siyasi məzmunda kitabların vacibliyi danılmazdır və qaçılmazdır. Dövlət bu mərhələni keçməli, özünü dünyada tam təsdiqləməli, mövqeyini sübut etməlidir. Sonra tədricən başqa mövzulara, bədii ədəbiyyata, əyləncə məzmunlu nəşrlərə diqqət ayrıla bilər. Amma nəşriyyatların daxilində də müxtəlif məzmunda ədəbiyyatlara marağın artırılması vacibdir. Bununla belə, düşünürəm ki, indiki reallığa uyğun səviyyədə başqa mövzularda da kifayət qədər kitablar buraxılır və təbliğ olunur.
Səlim Babullaoğlu: Nazirliyin dəstəyi ilə Türkiyədə birhəftəlik təcrübə mübadiləsində olanda gördüm ki, əslində, bu sahədəki təbliğat və əlaqələndirmə işlərini orada 8-10 nəfərlik mobil bir qrup həyata keçirir. Nəşriyyatların, səsyazma studiyalarının dəqiq statistikası aparılıb. Konkret olaraq, internet üzərindən blanklar var. Həmin sistemə girib blankı doldurursan, pulunu ödəyirsən. Bu, həm də çox böyük bir biznesdir.
Əbülfəs Qarayev: Azərbaycanda vaxtilə qanun buna imkan verəndə həmin işi Xəzər Universiteti öz üzərinə götürüb. Bir şəxsiyyət kimi Hamlet İsaxanlıya böyük hörmətim var. Amma bilirəm ki, bu, təkcə hansısa universitetin görəcəyi iş deyil. Bu iş dövlətin hansısa təsisatı - ya Nəşriyyatlar Assosiasiyası, ya da Milli Kitabxana tərəfindən aparılsa, daha səmərəli və faydalı olar.
Seyfəddin Hüseynli: “Qalstuksuz söhbət” formatına uyğun suallarımız da var Sizə. İşinizin çoxluğu məlumdur, amma yenə də bilmək istərdim, kitab oxumağa macalınız olurmu? Mütaliəyə kifayət qədər vaxt ayıra bilirsinizmi?
Əbülfəs Qarayev: Mən özümü kitabsız, mütaliəsiz təsəvvür edə bilmirəm. İntəhası, açıq etiraf etməliyəm ki, iş günündə mən Azərbaycan dilində o qədər sənəd oxuyuram, o qədər mətnə baxıram ki, yoruluram, ona görə də - istirahət üçün vaxt olanda - təhsil aldığım rus dilində, ya da ingiliscə mətnlər oxumağa üstünlük verirəm. Hər gün neçə film ssenarisi, tamaşaya qoyulmaq üçün verilən neçə pyes oxuyuram, çap edilən yeni kitabları, istər-istəməz, ən azından vərəqləməli oluram. Ayrı-ayrı ədiblərimiz, yazarlarımız tez-tez mənə öz kitablarını bağışlayır, bir çoxu fikrimi bilmək istəyir. Məsələn, bu yaxınlarda Kamal Abdullanın bir kitabını maraqla oxudum, xoşuma gəldi. Sonra Elçin Hüseynbəylinin “Don Juan” əsərini oxudum. Mütaliə etdikcə analogiyalar aparıram, hansı Azərbaycan müəllifinin yaradıcılığında haradan bəhrələndiyini, fikirlərinin, üslubunun kimlərlə bağlılığını özüm üçün müəyyənləşdirməyə çalışıram, bu, mənə maraqlı gəlir. Tənqidçi olmasam da, bəzi cəhətləri tuta bilirəm. Amma, düzünü deyim ki, məsələn, Murakamini Azərbaycan dilində oxumuram, onu rus dilində mütaliə edirəm. Nobel mükafatçısı Con Maksvell Kutzeeni ingiliscə oxumağa başlamışam: yatmazdan əvvəl bir qədər vaxtım olur, gündə ən azı 2-3 vərəq oxuyuram. “İnostrannaya literatura” dərgisinə çoxdan abunəyəm. Yatağımın yanındakı şkafın üstündə indinin özündə 3-4 kitab var: Şirvanşahların tarixi ilə bağlı ensiklopedik nəşr, “Kratkiy slovar istorii iskusstva”, “Antixrupkost”, eləcə də ingilis dilində “Esquire”, rus dilində “Snob” jurnalları...
Seyfəddin Hüseynli: Sözün düzü, Mədəniyyət və Turizm Nazirliyi əvvəllər sanki daha çox incəsənətyönlü bir nazirlik təsiri bağışlayırdı, bəlkə, profili də daha çox o sahəylə bağlı idi. İndi isə bir çox, həm də fərqli sahələrə baxır. Həmin sahələrdən Sizə xüsusən doğma olanı, deyək ki, həm şəxsi yöndə Sizi özünə cəlb edəni, həm də nazir kimi daha çox diqqətdə saxladığınız varmı?
Əbülfəs Qarayev: (gülür) Provakativ sualdır. İndi birini desəm, hansınınsa adını çəksəm, nazirliyin başqa sahələrində düşünəcəklər ki, deməli, bizə biganə münasibət var. Mən bilavasitə incəsənətlə bağlı, sənətçilik mənasında yaradıcı adam deyiləm. İntəhası, peşə baxımından mədəniyyətşünasam, kulturologiya üzrə elmi dərəcəm var. Çalışıram ki, nazirlikdə fərqli sahələr arasında tarazlığı saxlayım, ögey-doğmalıq məsələsi olmasın. Ola da bilməz. Çünki onların hər biri öz-özlüyündə vacib sahələrdir. Ancaq, eyni zamanda məlum məsələdir ki, incəsənət funksiyaları bu nazirlikdən heç vaxt uzaq olmayıb və bu, mümkün də deyil. Çünki bu gün keçirilən bütün mədəni tədbirlərin bünövrəsində mədəniyyət və incəsənət sahəsi üzrə nazirliyin tabeliyində olan təşkilatlar, məsələn, filarmoniya, teatrlar durur. Azərbaycana gələn qonaqlar üçün təşkil olunan bütün konsertlər, bütün tamaşalar hamısı bilavasitə nazirliyin fəaliyyəti ilə əlaqəlidir. Lakin mədəniyyət haqqında danışarkən kulturoloq olaraq mən belə hesab edirəm ki, bu, bir yaşayış tərzidir, həyatımızın ayrılmaz hissəsidir və hara baxsaq, orada mədəniyyət var, ya da mütləq olmalıdır. Danışıqda, davranışda, həyat tərzində, məişətdə, bir sözlə, hər yerdə mədəniyyət olmalıdır. Mən bütün sahələrdə mədəniyyətin inkişafına, onun hərtərəfli tərəqqisinə çalışıram. Bu həm də dövlətimizin mədəni siyasət xətti ilə üst-üstə düşür.
Bu gün ölkəmizin xeyrinə işləyə biləcək amilləri prioritet kimi sadalamağa gəlincə, əlbəttə ki, mən Azərbaycanın tanıdılması baxımından mədəni irsin qorunmasına və təbliğinə daha böyük diqqətin tərəfdarıyam, buna səy göstərirəm. Bu sahədə UNESCO ilə yaxından əməkdaşlıq edirik, milli-mədəni irsimizin həmin təşkilatın xüsusi siyahılarında yer alması istiqamətində Heydər Əliyev Fondu ilə birgə nəhəng işlər həyata keçirilib. Ancaq nazirlik olaraq, teatra, kinoya, kitab nəşrinə, musiqiyə, rəssamlığa və başqa sahələrə, yəni milli mənəvi dəyərlərimiz sayılan, mədəni nəsillər yetişdirməyə xidmət edən bütün sahələrə diqqət ayırmaq, onların tərəqqisinə çalışmaq bizim həm vətəndaşlıq borcumuz, həm də rəsmən, birbaşa vəzifəmizdir.
Seyfəddin Hüseynli: Nisbətən yaxın dövrdəki sələflərinizin iş üslubundan, təcrübəsindən nələrisə öyrənmək, nələrdənsə bəhrələnmək istəyiniz olubmu?
Əbülfəs Qarayev: Hər nazirin özünəməxsus iş və idarəçilik üslubu olur. Özümü nə məndən əvvəl nazir olmuş Polad Bülbüloğlu ilə, nə də ondan əvvəlki Zakir Bağırovla müqayisə etmək istərdim. Nazir təyin olunanda ilk gündən dedim ki, keçmiş nazirlərin işi, idarəçiliyi haqqında mənfi söz danışmağa, yaxud da “sən yaxşısan, o pis idi” müqayisəsini aparmağa heç kimə icazə vermirəm. Nazir kimi çalışmağa başladığım birinci gündən hamı bildi ki, bu, yasaqdır, tabudur. Hesab edirəm ki, bu, doğrudan da, belə olmalıdır. Çünki hər kəs öz dövründə nə cürsə işləyib, hansısa formada vəzifəsinin öhdəsindən gəlib, müəyyən işlər görüb. İndi isə başqa dövrdür, nazir də bir başqa şəxsdir və başqa cür işləyir. Düşünürəm ki, Zakir Bağırov öz işinin böyük peşəkarı, çox bacarıqlı nazir idi. Onun işlədiyi dövr sovet rejiminin sərt məhdudiyyətlər, dar çərçivələr içində keçən dövrünə təsadüf elədi. Həmin dövrdə mədəniyyətimizin əsas hissəsində milli ruhun formalaşdırılması, qorunub saxlanılması və tanıtdırılması işini Zakir Bağırov böyük ustalıqla həyata keçirdi və buna görə biz ona minnətdar olmalıyıq. Polad Bülbüloğlu, hər şeydən əvvəl, mənim dostumdur, mən əvvəlki nazirlikdə olanda da biz onunla çox yaxın idik, indi də şəxsi və ailəvi dostluq edirik. Polad Bülbüloğlunun nazirlik dönəmi daha çətin dövrə təsadüf elədi. Çinlilər qarğış eləyəndə deyirlər ki, səni görüm, dəyişikliklər dövründə yaşayasan. Polad Bülbüloğlunun dövrü də elə bir vaxta düşdü. Həmin vaxt bütövlükdə sistem dəyişdi, hər şey alt-üst oldu, o vəziyyətdə mədəniyyət sahəsini saxlamaq, idarə etmək çox çətin idi. Amma Polad Bülbüloğlu çətinliklərin öhdəsindən ustalıqla gəldi və nəhayət, biz inkişaf yoluna çıxdıq. Bu gün Azərbaycan tamamilə başqa bir ölkədir, başqa bir mühit, başqa şərait var, təzə imkanlar və təzə meyarlar ortaya çıxıb. Azərbaycan artıq MDB ölkələri hüdudlarını aşıb Avropa, islam ölkələri, ümumdünya təşkilatları ilə sıx əməkdaşlıq edir və mövqeyini bildirir, qətiyyətlə öz sözünü deyir. Bu dövrdə mədəniyyət sahəsində də tamamilə başqa idarəçilik metod və formaları aktuallaşır. Ona görə də mən insanlara daha çox sərbəstlik verməyə, daha çox yaradıcılıq mühiti formalaşdırmağa çalışıram. Həmişə düşünürəm ki, bu, normal, təbii prosesdir. Amma bir mühüm məqamı mütləq qeyd etməliyəm ki, idarəetmə ilə bağlı mənim ağlımda, diqqətimdə olan, öyrəndiyim və tətbiq etməyə çalışdığım yeganə bir nümunə varsa, o da ümummilli liderimiz Heydər Əliyevin parlaq idarəçilik üslubudur. Onun üslubu, sözün əsl mənasında, böyük bir məktəbdir. Mən bunu təkcə nazir kimi, bu vəzifəmlə bağlı demirəm. Əvvəllər də Heydər Əliyevlə işləmək mənə nəsib olmuşdu. Komsomolda fəaliyyətim onun dövrünə təsadüf edirdi və elə o vaxt da biz onu böyük rəhbər kimi görürdük. Heydər Əliyevin ən böyük peşəkarlıq xüsusiyyətlərindən biri bundan ibarət idi ki, o hər bir ictimai-siyasi şəraitdə, hər bir fərqli mərhələdə yeniləşmə, inkişaf üçün öz daxilində güc tapırdı. Heydər Əliyev həmişə yeni üslublarla, yeni yanaşmalarla çalışırdı, bir rəhbər kimi hər dövrün özünəməxsus kriteriyaları ilə fəaliyyət göstərir və idarə edirdi. Bu isə məhz dahilərə xas cəhətdir. Azərbaycanın keçdiyi inkişaf dövründə ancaq onun fövqəladə peşəkarlığı hesabına bu idarəçilik məktəbi quruldu və bunun da nəticəsində ölkə düzgün idarə olundu, bacarıqla yönəldildi. Heydər Əliyevin sayəsində Azərbaycan, elə bil ki, Səməndər quşu kimi öz külləri içindən yenidən doğulub ucaldı. Ölkəmizdə hər sahədə, o cümlədən mədəniyyət sahəsində böyük yüksəliş başlandı və çox sevindiricidir ki, bu yüksəliş indi də uğurla, yeni nailiyyətlər qazanılmaqla davam edir.
“Kitabçı”,
¹5, iyul-avqust 2014
Fotolar Orxan
Əzimindir
Mədəniyyət.- 2014.- 5
sentyabr.- S. 8-9.