Teatrşünas
deyir ki...
İlham Rəhimli ilə 65 yaşın teatr söhbəti
Müsahibənin
görkəmli alimin doğum günü ərəfəsinə
təsadüf etdiyini nəzərə alıb dolğun və
mənalı ömrü, durmadan davam edən
yaradıcılığı, həyata və sənətə
baxışı, yəni bir insan olaraq onu xarakterizə edə
biləcək cəhətlərindən danışıb-danışdıracaqdım.
Amma istədiyim kimi olmadı. Özündən
danışmağı sevməyən, daha doğrusu,
bütün söhbətlərini fırladıb teatr
mövzusuna gətirən, fövqəladə bir şövqlə
sevdiyi bu əsrarəngiz aləmlə bağlayan əsl teatr
adamı yenə də səhnə sənətindən
danışdı. Beləcə, teatrla
bağlı yazı-pozularına onun cild-cild kitabları, uzun
illəri əhatə edən araşdırmaları, resenziya və
məqalələrindən sitatlar gətirməklə
“Teatrşünas İlham Rəhimli deyir ki...”
ünvanını təsadüfi qazanmadığını bu
dəfə də göstərə bildi. Ona görə
elə biz də teatrşünas-tənqidçi, Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
doktoru, professor, dəyərli pedaqoq və olduqca maraqlı həmsöhbət
İlham Rəhimli ilə söhbətə teatrdan
başlayıb, teatrla da bitirdik.
- İlham müəllim, 40 ildən
artıqdır ki, teatrdan yazırsınız. Bu sizi yormur ki?
- Yormur. Bu da bizim seçdiyimiz yol, sənətdir. Yazmağa gəlincə mən sadəcə mənəvi
tələbat olanda yazıram. Görünür, bir az çox yazıram, siz də onu nəzərdə
tutursunuz. Mən, ümumiyyətlə, yazıya
başladımsa, boş qala bilmirəm, mövzular çoxdur.
Çünki uzun illər arxivdə işləmişəm -
təxminən 12 il fasiləsiz bu yöndə
araşdırmalarla məşğul olub, son dərəcə
zəngin materiallar toplamışam. Buna görə
də rahat yazıram və mütləq
topladıqlarımı ərsəyə gətirmək
lazımdır.
- Uzun
müddət mətbuatda çalışaraq teatrdan
yazmısınız. Mətbuat, qəzetçilik tənqidçilik
istiqamətində sizə nə verdi?
- Təkcə
teatrdan yox, mədəniyyət və incəsənətin
bütün sahələrindən yazmışam. Hətta silsilə felyetonlarım da olub. Qəzet mənə operativliyi, Azərbaycan dilinin həssaslığını,
prinsipiallığı, məsuliyyət və çevikliyi
öyrədib. Təəssüflər
olsun ki, bu gün 80-90 faiz qəzetçilərdə o məsuliyyəti,
o ciddiliyi, dilimizə məhəbbəti, faktların
doğruluğuna ehtiramı, mövzunun tədqiqinə
marağı hiss eləmirəm. Xüsusən
də teatrdan yazanlarda. Yazan deyirəm,
çünki onların əsl peşələrini bilmirəm.
Bir neçə gənc teatrşünas var ki,
maraqlı yazıları, gözəl təhlil qabiliyyətləri
ilə seçilirlər. Onların
arasında Məryəm Əlizadənin, Rafiq Sadıqovun,
Aydın Talıbzadənin yetirmələri ilə
yanaşı, mənim də tələbələrim var. Amma,
təəssüflər olsun ki, onlar azdır. Bir də ona təəssüf edirəm ki, bu
istedadlar daha çox cari teatrşünaslıqla məşğul
olurlar. Fundamental
teatrşünaslığa maraq göstərmirlər.
-
Fundamental teatrşünaslıq üçün nədən
başlamaq lazımdır?
- Əslində bu prosesi Milli Elmlər Akademiyası
Memarlıq və İncəsənət İnstitutunun teatr və
kino şöbəsi tənzimləməlidir. O şöbənin
özündə və müxtəlif sahələrdə
çalışan səriştəli teatrşünaslar var.
Ancaq onları bir yerə toplayıb konseptual tədqiqatlara
yönəltmək lazımdır.
- Teatr tənqidçiliyindən
söz açarkən 2-3 nəfərin adı çəkilir.
Buna səbəb teatra meylin, sənətə marağın az olmasıdır?
- Deməzdim,
az olub. Mənimlə bir
dövrdə təhsil almış istedadlı
teatrşünaslar fəal idilər. İstedadla
yazıb-yaradan teatrşünaslar var idi: Rafiq Sadıqov, Elmira
Əliyeva, Novruz Təhməzov, Kəmalə Cəfərzadə,
Atababa İsmayıloğlu, Xuraman Novruzova, Əsəd Məmmədov,
Yaqub Əlioğlu... Lakin onlardan bəzisi gənc rəhmətə
getdi, bəzisi laqeydliklə üzləşib sənətdən
uzaqlaşdı, bəzisi sırf pedaqoji fəaliyyətə
keçdi... Digər səbəbə gəlincə,
əksər qəzetlər teatrşünaslara qonorar vermirlər.
Yəni maddi marağın olmaması gəncləri,
istedad və qabiliyyətindən asılı olmayaraq, teatr tənqidçilərini
bu sahədən uzaq salır. Teatrşünas
gördüyü səmərəli işin mənəvi və
maddi haqqını almalıdır.
- Deməli,
siz və sizin nəslinizdən olan digər
teatrşünaslardan fərqli olaraq onların böyük
anlamda sənət idealları yoxdur...
- Belə
deməzdim. Sadəcə onlar həyata bizdən
daha ayıq baxırlar. Ona görə də qabiliyyəti
olan, yaxşı təhsil görmüş teatrşünaslar
belə sahəyə az maraq göstərir,
ya da sonradan sənəti davam etdirmirlər. Bax
bu boşluğa görə də teatr haqqında daha çox
səriştəsiz yazılar qəzetlərdə yer alır.
- Bəlkə
bunun bir səbəbi də teatrın özünə
münasibətdən qaynaqlanır? Nəzərə
alaq ki, illər öncə bütöv bir nəslin teatrla əlaqəsi
qırılmışdı. Digər tərəfdən,
teatrların fəaliyyətində sənət hadisəsi
sayılacaq işlərin az ortaya
çıxması teatrla münasibəti korşaltmış
oldu.
-
Bilirsiniz, nəsillər arasında atalar-oğullar məsələsi
daim labüd olub. Gənclər yaşlı nəsli
inkar edib, onlar da öz növbələrində gənclərə
qarşı ümidsiz olublar. Bütün zamanlarda bu
proses baş versə də, cəmiyyət daim inkişaf edib. Deməli, bu qarşıdurmanın özü
inkişafa təkandır. Teatrda hadisə
deyəcəyimiz işlərə gəlincə, bu, yaradıcılıqdır
və heç vaxt eyni xətt üzrə gedə bilməz.
Təbii ki, bu gün Milli Dram Teatrında son 30-40 ildə
itirdiyimiz Əliağa Ağayev, Barat Şəkinskaya, Leyla Bədirbəyli,
Məlik Dadaşov, Həsənağa Turabov, Səməndər
Rzayev... bu qəbildən adını çəkmədiyim sənətkarlarımız
yoxdur. Amma 20-30 ildən sonra da bugünkü
aktyor nəslinin adını çəkib təəssüflənəcəyik.
Bu gün də teatrlarımızda istedadlı
aktyor və rejissorlarımız var. Sadəcə olaraq
televiziya, xüsusən də internet teatra gəlişin müəyyən
mənada qarşısını alır. Beləcə
teatra məhəbbət azalır. Düzdür,
teatrlarımızda zəif tamaşalar, primitiv aktyor
oyunları da var. Amma bütün bunlarla yanaşı,
teatrımız yaşayır və çox qüdrətli sənətkarlarımız,
ümidverici gənc artistlərimiz, səriştəli,
peşəkar rejissorlarımız yetişib. Sadəcə olaraq teatr və cəmiyyət prosesini
müasir dövrün tələbləri səviyyəsində,
prodüserlik fəaliyyəti istiqamətində qura bilməmişik.
Məhz bu nüans teatrın maddi təminatından
təbliğatınadək ən müxtəlif qütblərdə
çatışmazlığıdır. Unutmaq
olmaz ki, tamaşanı incəsənət məhsulu kimi
satışa çıxarmaq qabiliyyəti həmin nümunənin
yüksək səviyyədə hazırlanma tələbi ilə
eyni olmalıdır. Yəni o
yaradıcılıq məhsulunu istehsal edən teatr onun
satışını da mükəmməl icra etməlidir.
Hazırda bu məqam daha çox axsayır və
teatrlar daha çox dövlətə ümid bəsləyir
ki, bu da bazar münasibətlərində o qədər də
səmərə vermir. Yeri gələndə
Mədəniyyət və Turizm Nazirliyi teatrlara dövlət
sifarişləri verir. Amma bu da müəyyən
qismi əhatə edir. Ona görə də
teatrların inkişafı üçün istedadla yanaşı,
maddi stimul və şərait də vacib amildir. İstər paytaxt, istərsə də bəzi
bölgə teatrları yüksək səviyyədə təmir
olunaraq müasir avadanlıqlarla təchiz edilib. Ancaq hələ ki texniki yeniliklər səviyyəsində
bədii yeniliklər edə bilmirik. Təəssüflər
olsun ki, bizdə dramaturq-rejissor-aktyor
üçlüyünün işləmə vərdişində
bir az lənglik əmələ gəlib. İndi o ritmi tuta bilməmişik. Təbii, uğurlu tamaşalarımız da var. Milli
teatr prosesində güclü axtarışlar gedir və mənə
elə gəlir ki, bunun mütləq səmərəsi olacaq.
- İlham müəllim, qəbul edək ki, teatrın
bugünkü missiyası da dəyişib. O, cəmiyyətdəki dəyər
ölçüləri, böyük anlamda məqsəd və
məramları ilə yanaşı, özünün təbliğatını
da sistemli aparmalıdır.
-
Teatrın daim bir missiyası var. O, mənsub olduğu cəmiyyətin
kiçildilmiş modelidir. Səhnədə cəmiyyətin
varlığı, durumu, yüksəlişi, qüsurları,
problemləri görünməlidir.
-
Günümüzün prizmasından bu nə qədər
realdır?
- Mənə
elə gəlir ki, bu gün teatrlarımız repertuar
baxımından cəmiyyətdə mövcud olan ictimai, mənəvi-əxlaqi
problemlərin səviyyəsində deyil. Yəni
onları bütün genişliyi, bədii dəyəri ilə
işıqlandıra bilmirlər.
- Deməli,
teatrımız cəmiyyət həyatına girə bilməyib.
- Niyə
ki? Cəhdlər var. Həm də unutmaq olmaz ki,
teatr heç vaxt problem həll eləmir. O sadəcə
olaraq cəmiyyətdə ətrafa səpələnmiş zərrə-zərrə
problemləri yığıb küll halında təqdim edir. Bax bu təqdimatda tamaşaçı inamı,
tamaşaçı düşüncəsi çox
güclü olmalıdır. Bu gün cəmiyyətdə
teatra qarşı qəribə bir biganəlik əmələ
gəlib. Amma bu təkcə teatrın
günahı deyil. Ona görə də
teatra maraq, onunla təmasda olmaq vərdişi
aşılanmalıdır ki, bu da məktəbdən
başlayır.
- Burada məcburiyyət
prinsipi təhlükəli də ola bilər,
elə deyilmi?
- Söhbət
məcburiyyətdən getmir. Sadəcə təbliğat
işi güclü aparılmalı və məktəblilərdə,
yeniyetmələrdə digər vərdişlərlə
yanaşı, teatra maraq, sevgi də
aşılanmalıdır. Unutmaq olmaz ki,
internet və digər elektron resurslar mənəvi-əxlaqi dəyərləri
formalaşdırmır. O sadəcə məlumat zənginliyidir.
Təbii ki, müəyyən mərhələyədək.
Bax bunun nəticəsidir ki, dərs dediyim Mədəniyyət
və İncəsənət Universitetinin elə magistrantı
var ki, Bakıdakı teatrlar və onların tam adı ilə
bağlı məlumatsızdır. Faciə
bundadır. Ona görə də hər
şeyi teatrın üzərinə yıxmaq lazım deyil.
Onlar gözəl tamaşalar da hazırlayır,
orta səviyyəli əsərlər də göstərir,
uğursuz nümunələri də olur. Bütün
bunların fonunda teatrda proses gedir, bariz canlanma müşayiət
olunur.
-
Uğurlu və uğursuz tamaşalar dedikdə ilk olaraq
rejissor nəzərə çarpır. Bu
gün də rejissor teatrı modeli labüddür?
- Mən
daim teatrların inkişafını baş rejissorlarda
görürəm. Azərbaycanda müxtəlif teatrların
baş rejissor kürsülərində Ədil İsgəndərov,
Mehdi Məmmədov, Tofiq Kazımov, İbrahim Həmzəyev,
İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli,
Soltan Dadaşov, Zəfər Nemətov, Məhərrəm
Haşımov, Vəli Babayev, Vaqif İbrahimoğlu,
Hüseynağa Atakişiyev... kimi sənətkarlar əyləşiblər.
Aktyorları bir yerə yığıb
onların bugünkü və gələcək
inkişafını, sənət ocağını konseptual
inkişaf xəttini, janr-üslub prinsiplərini ancaq səriştəli
baş rejissor müəyyənləşdirə bilər.
Hansısa teatrın baş rejissorsuz fəaliyyəti
mənə çatmır. Bilmirəm, bəlkə səhv
edirəm...
- Bu məqamda
teatrlar və onların apardığı repertuar siyasəti də
gündəmə gəlir.
-
Teatrların repertuarına nəzər salsanız görərsiniz
ki, dünya klassiklərindən müasir dramaturqlaradək ən
müxtəlif ədəbi cərəyanları təmsil edən
müəlliflərin əsərləri oynanılır. Hətta absurd teatrın nümunələrinə də
müraciət var. Bu maraq doğurur, təqdir edilməlidir.
Ancaq bu əsərlərin tamaşaları
çox vaxt teatrın yaradıcı qrupunun
formalaşmasına, kamilləşməsinə yox, daha
çox rejissorun bioqrafiyasına işləyir. Bu gün
həmin nümunə rejissor quruluşunda zəif tamaşa
kimi dəyərləndirilsə də, 30-40 il
sonra onun bədii keyfiyyəti yox, sadəcə rejissorun
yaradıcılıq təqdimatında adı qalacaq. Bu da bir maneə kimi qalmaqdadır. Bundan başqa, mənə elə gəlir ki,
teatrlarımız janr tarazlığını pozurlar. Düzdür, qarışıq janrda tamaşalar
hazırlamaq olar. Amma bunun özü
geniş mənada bir dairənin içərisində tam,
bütöv janr prinsiplərinə əsaslanmalıdır.
Tamaşada mövcud bütün estetik meyllərdən
də istifadə etmək olar. Ancaq əlvanlıq
və forma xatirinə yox, tamaşanın bədii keyfiyyətinin,
dəyərinin yüksəlməsi naminə.
- Son illər
teatrlarımız xüsusən xaricdən rejissor dəvətinə
üstünlük verirlər. Sizcə, bu, Azərbaycan
teatrına nə verir?
-
Maraqlıdır, həm də vacib. Biz mütləq
kənara çıxmalı, fərqli, yeni yanaşmaları
da izləməliyik. Amma mən istərdim
ki, bu da qarşılıqlı olsun. Digər
tərəfdən, gələn rejissor o teatrın
yaradıcılıq qayəsini dərindən bilməli,
baş rejissorla söhbətlər aparmalı, teatrın
repertuarındakı bütün tamaşalara baxıb sonra rol
bölgüsü aparmalıdır. Ancaq təəssüflər
ki, həmişə belə olmur. Xarici
rejissor gəlməmiş direktorlar rol bölgüsünü
“aparırlar”.
- Sizcə,
tamaşanın uğurunda dramaturji material, rejissor, yoxsa aktyor
oyunu əsas şərtdir?
-
Rejissura, aktyor oyunu və dramaturgiya. Ayırmaq
düzgün deyil.
- Aktyor
üçün peşəkarlıq, yoxsa istedad öndə gəlməlidir?
- Sənətdə
ən böyük iki düşmən var. Biri peşəkarlığı
olmayan istedadlılar, digəri isə istedadı olmayan peşəkarlardır.
Mənim aləmimdə istedad və peşəkarlıq
paralel inkişaf etmirsə, o batıb gedəcək.
- Son
vaxtlar sizi bir teatrşünas və tamaşaçı kimi məmnun
edən hansı tamaşanın adını çəkə
bilərsiniz?
- Əlbəttə, belə nümunələr var və
onları maraqla izləyirəm. Sadəcə, ad
çəkmək və ya birini digərindən belə
qısa rəylə fərqləndirmək istəmirəm.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 5
sentyabr.- S. 6.