III Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı müzakirələr aparılıb

 

Mədəniyyət və turizm naziri Bakıda səfərdə olan Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru ilə görüşüb

 

Xəbər verdiyimiz kimi, sentyabrın 1-2-də Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirilib.

 

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilən tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Tədbirdə iştirak edən qonaqlar arasında Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Bas da olub. Sentyabrın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Jan-Kristof Bas ilə görüşüb. Qeyd etmək lazımdır ki, Jan-Kristof Bas BMT-nin Sivilizasiyalar Alyansında işlədiyi müddətdə 2011 və 2013-cü illərdə Bakıda keçirilən I və II Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının təşkilində yaxından iştirak edib. Mədəniyyət və Turizm Nazirliyindəki görüş zamanı 2015-ci ildə keçiriləcək növbəti, III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili haqqında müzakirələr aparılıb. Jan-Kristof Bas yeni vəzifəsinin icrasına başladıqdan sonra da Avropa Şurası-Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb. Digər müzakirə olunan mövzular arasında Bakıda 2016-cı ildə keçiriləcək BMT Sivilizasiyalar Alyansının növbəti forumu və digər perspektiv istiqamətləri yer alıb.

 

Mədəniyyət.- 2014.- 5 sentyabr.- S. 4.