“Bəs yazın gəlməsi şeir deyilmi?”

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər

 

 Hüseyn Arif - 90

 

Hüseyn Arifin poeziyasında həyatın isti nəfəsi duyulur

 

Azərbaycanın poeziyasının zəngin irsinə dəyərli töhfələr verən görkəmli söz ustadlarından biri də 90 illiyini qeyd etdiyimiz Xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arif (1924-1992) olub. Hüseyn Arifin yaradıcılığı vətənə məhəbbətdən, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən yoğurulub. İlham qaynağını təbiətdən, zəngin xalq yaddaşından alan şairin poeziya çələngində diqqəti cəlb edən ibrətamiz, hikmətli fikirlər yeni üslubda, yeni nəfəsdə oxucuların qəlbinə yol tapıb.

 

Ədəbi aləmdə tanınmamışdan əvvəl zamanın sərt sınaqlarından keçib, II Dünya müharibəsinin dəhşət dolu günlərində mətinləşib. Ömrünün bu təlatümlü illərini qürurla belə xatırlayıb:

 

Yatmadıq atəşdən atəşə qədər,

Sədası torpaqdan günəşə qədər,

Qırx birinci ildən qırx beşə qədər

Döyüşdə imtahan verdiyim günlər.

 

Şair “Cəbhə şeirləri”ndə müharibənin doğurduğu sarsıntılardan, eyni zamanda vətənpərvərlik, fədakarlıq və qələbəyə inamdan maraqla söhbət açır.

Müharibədən sonra yaradıcılığını dinc quruculuq dövrünün gerçəkliklərini, reallıqlarını əks etdirməyə yönəldir. Xalqın qurub-yaratmaq qayğıları ilə yaşayır. Şeirlərinin hər sətrində əmin-amanlığı, sülhü və məhəbbəti tərənnüm edir. Poeziya çələngində gözəllikləri vəsf edən misralar nəğmələrə, mahnılara çevrilir. Çox keçmir, şeirlərinə bəstələnən mahnılar el şənliklərini və rəsmi bayram tədbirlərinin yarı-yaraşığı olur. “Mən sülhə səs verirəm”, “Şeir deyilmi” nəğmələri daha geniş auditoriyada təbliğ olunur.

Hüseyn Arifin lirik şeirləri ilə yanaşı, poemaları da yüksək bədii siqləti ilə diqqəti çəkir. Müəllifin “Məhəbbət nəğməsi” poeması gözəl bədii təsvir və ifadə vasitələri ilə hər kəsdə incə duyğular yaşadır. Xalq şairi Səməd Vurğunun ömür yolundan bəhs edən “Yolda” poeması isə onun yaradıcılığında özünəməxsus yer tutur. Əsərdə Səməd Vurğun obrazı Molla Pənah Vaqif poeziyasının böyük davamçısı kimi təqdim olunur. Eyni zamanda burada Azərbaycan torpağına, sadə zəhmət adamına və doğma vətənin taleyinə bağlılığın yüksək bədii ifadəsini görürük.

Şairin poeziyasında həyat hadisələri və təbiət lövhələri bir rəssam kimi canlandırılıb. “Şeir deyilmi” əsəri bu baxımdan maraqlı nümunələrdəndir. Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub Hüseyn Arifin yaradıcılığından söz açarkən bu şeiri xüsusi qeyd edir. O, yazır: “Hüseyn Arifin dili otun cücərməsi, çiçəyin açması, suyun şırıltısı, yarpağın titrəməsi, qayanın duruşu qədər təbiidir.

 

Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?

Çıxanda gəzməyə çölün, çəmənin

Üzünə gülməsi şeir deyilmi?

 

- deyən şair üçün yer də, göy də, kainat da, təbiət də, varlıq da, var olan hər şeyşeirdir, şeiriyyətdir. Bu şeiriyyət tükənməzdir, dağlar qədər uludur, dənizlər qədər nəhayətsizdir, düzlər qədər genişdir, üfüqlər qədər işıqlıdır”.

Zəlimxan Yaqubun fikrincə, Hüseyn Arif Vaqifdən, Vidadidən, Aşıq Alıdan, Dədə Ələsgərdən, Səməd Vurğundan, Osman Sarıvəllidən keçib gələn, şifahi xalq ədəbiyyatından maya və yazılı ədəbiyyatdan qidalanaraq Azərbaycanın görkəmli şəxsiyyətlərindən ilham alıb: “Dağlarını zirvə-zivə, düzləri ətək-ətək, yamacını, gədiyini qarış-qarış tanıyıb. Təbiətin ceyranını, cüyürünü öz dilində dindirən, meşəbəyini əbədiləşdirən, palıddan, çinardan, vələsdən, zoğaldan ürəklə danışan, Azərbaycana simfoniya yazan, Göyçəni, Naxçıvanı, Kürü, Arazı, Təbrizi, Qarabağı və bütün Azərbaycanı şeirə, şeriyyətə gətirən, sevinc şairindən kədər şairinə çevrilən, içəridən təklənən, arxasının dağı gedən, Arif gedəndən sonra dünyası boş qalan, ağlaya-ağlaya dözən, dözə-dözə ağlayan, təbiəti loğman kimi düşünən, torpaq eşqi ilə yaşayan, bulaqlara nəğmə qoşan, bənövşələrə şeir oxuyan, bir ovuc torpağa dönən, düzlər keçib dağlar aşan, qocaldıqca cavanlaşan, aşıb-daşan bir şairi var bu dünyanın. Bu dünyanın şairi, xalqın şairi, elin şairi! “Alim kimdi - kitaba bax, şair kimdi - xalqdan soruş” deyən Hüseyn Arif dünyanın ən böyük sevgi şairlərindən biridir”.

Zəlimxan Yaqub bir fikrixüsusi vurğulayır ki, Hüseyn Arifin poeziyasında sevgi geniş miqyas kəsb edir, insana məhəbbətlə məhdudlaşmır. Onun sevgisi təbiətə, yerə, göyə, varlığa, vətənə, vətənin müqəddəsliyinə, dünyaya, ölümə, həyata, həsrətə, vüsala bağlı sevgidir.

 

Çiçəklər incəlik, güllər zəriflik,

Sünbüllər bərəkət gətirir bizə.

Dərələr dərinlik, düzlər genişlik,

Zirvələr əzəmət gətirir bizə.

 

Çiçəklərə incəliyi, güllərə zərifliyi, sünbüllərə bərəkəti, dərələrə dərinliyi, düzlərə genişliyi verən təbiət Hüseyn Arifə də bir dünya məhəbbət vermişdir.

 

Dedim: - Telin gözəldir!

- Yox-yox, ona dəymə, - dedi.

Dedim: - vaxt gəlim sizə,

- Qapımızı döymə, - dedi.

 

Hüseyn Arifin yazdığı, Səid Rüstəmovun musiqi bəstələdiyi Gülağa Məmmədovun çox böyük həvəslə oxuduğu bu gəraylı indi dillər əzbəridir. üçün? Çünki gəncliyin gənclərin sevdiyi bu mövzu şair tərəfindən çox böyük ustalıq, sadəlik müdrikliklə qələmə alınıb. Ürəyin diqtəsi ilə dünyaya gəlib, xalqın mənəvi sərvətinə çevrilib...

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Qəzənfər KazımovDağların gözünün yaşına baxmaməqaləsində Hüseyn Ariflə bağlı yazıb:

Bizi Qurbani görüşdürüb - Dirili Qurbani. 1983-cü ildə Aşıq Qurbani ilə bağlı axtarışlara başladım. Həmin ilin 13 oktyabrında Cəbrayıl Rayon Partiya Komitəsinin orqanı olanKolxozçuqəzetindəAşıq Qurbani məzarıadlı məqaləm dərc olundu. İlk dəfə burada Qurbaninin məzarının Diri dağının döşündə olduğu ətraflı şəkildə əsaslandırılırdı. Oktyabrın 22-də rayonda saz bayramı keçiriləcəkdi. Hüseyn Arifin gəlişi münasibətiləKolxozçuqəzeti yubiley nömrəsi buraxmış məqaləni yenidən dərc etmişdir. Hüseyn tələb edib ki, Qurbaninin qəbrini ziyarət etmək lazımdır. Yolların pis olduğunu, o yerlərə gediş-gəlişin çox çətin olduğunu desələr , əl çəkməyib. Yük maşını ilə getməli olublar. Dərə, təpə... Şair lap əldən düşüb, az qala yola çıxdığına peşman olub, zarafat eləyib: “Buralarda bir qəbir tapın, deyək budur”. Amma gedib çatıb. Bir qrup rayon işçisi onunla birlikdə bu əziyyəti çəkməli olub. Hüseyn qəbri ziyarət edib son bəndini verdiyimiz məşhur şeirini söyləyib:

 

qədər canında can var, Hüseyn!

Vətənə borcunu qaytar, Hüseyn!

Axtar babaları, axtar, Hüseyn!

Bir gün nəvələr səni axtarar”.

 

Doğrudan da, Hüseyn Arifin poeziya aləmi mövzu baxımında çox rəngarəngdir. Bənzərsiz yaradıcılığında həyatın isti nəfəsi duyulur. Şeirlərində kövrək, zərif incə deyimlər oxucu yaddaşında yeni-yeni cığırlar salır, mənəvi dünyamıza bir təravət bəxş edir...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 13.