“Nabat”
filminin Venesiya
kinofestivalında təqdimatı
Sentyabrın 6-da
İtaliyanın Lido adasında
keçirilən 71-ci Venesiya
kinofestivalı başa çatıb.
Avropanın üç ən nüfuzlu kino müsabiqəsindən
biri olan festivalda ilk dəfə Azərbaycanın
tammetrajlı bədii filmi də nümayiş etdirilib.
Rejissor Elçin Musaoğlunun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Nabat” filmi sentyabrın 5-də Venesiya kinofestivalının əsas müsabiqədən sonra ikinci bölməsi olan “Horizontlar” (“Orizzonti”) proqramı çərçivəsində göstərilib. Qeyd edək ki, “Nabat” Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır.
“Sala Darsena” kinoteatrında keçirilən təqdimatda film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Filmin növbəti təqdimatı 6 sentyabrda "Palabiennale" kinoteatrında keçirilib. Bu, “Nabat” filminin ilk dünya premyerasıdır. Təqdimat mərasimində rejissor Elçin Musaoğlu, baş rolun ifaçısı Fatimə Motamed Arya (İran), filmin prodüseri Müşfiq Hətəmov iştirak ediblər.
“Qızıl şir”i İsveç rejissoru qazandı
71-ci Venesiya kinofestivalının yekunlarına gəlincə, baş mükafatı (“Qızıl şir”) İsveç rejissoru Roy Andressonun “Budağa qonmuş göyərçin həyat barədə düşünürdü” filmi qazanıb. Rusiyalı məşhur kinorejissor Andrey Konçalovskinin “Poçtalyon Aleksey Tryapisının bəyaz gecələri” filmi “Gümüş şir”ə layiq görülüb. Festivalın üçüncü əsas mükafatı (Qran-pri) Amerika rejissoru Coşua Oppenhaymerin “Sükutun mənzərəsi” sənədli ekran əsərinə verilib.
Ən yaxşı aktyor və aktrisa
adını italyan rejissoru
Saverio Kostansonun “Ac ürəklər” filmində rol alan amerikalı Adam Drayver və
italiyalı Alba Porvaxer
qazanıb. İranlı xanım rejissor Rahşan Baniemetadın “Əhvalat” filmi ən yaxşı ssenariyə görə
mükafatlandırılıb, türkiyəli Kaan
Müjdəçinin “Sivas” filmi isə jürinin xüsusi
mükafatı ilə təltif olunub.
Mədəniyyət.- 2014.- 10
sentyabr.- S. 10.